Yer kürəsinin yaxınlığından asteroid keçəcək

Noyabrın 11-də Yerdən 38 milyon kilometr aralı 2015 TB145 adı ilə qeydə alınmış asteroid keçəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından  bildirilib ki, bu obyekt 2015-ci il oktyabrın 10-da Pan-STARRS rəsədxanasının teleskopu vasitəsilə kəşf olunub. 20-ci ulduz ölçüsündə müşahidə olunan asteroid "Halloween" bayramında keçdiyi və insan kəlləsinə oxşadığı üçün qeyri-rəsmi olaraq "Halloween" adı ilə tanınıb. Asteroidin diametri 600-700 metr ətrafındadır. Günəşətrafı fırlanma dövrü 1120,794 gün (3,04 il), öz oxu ətrafında fırlanma dövrü isə 5 saatdır.

Havay arxipelaqında yerləşən Mauna-Kea rəsədxanasının infraqırmızı teleskopu vasitəsilə alınmış materiallar əsasında alimlər belə nəticəyə gəliblər ki, bu səma obyekti "ölmüş komet"dir, yəni bütün uçucu maddələrini itirib.

Azərtac

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31