“Reket jurnalistikanın seçdiyi yol cinayət işidir” – Akif Aşırlı

"Mətbuat Şurasının (MŞ) xətti ilə zaman-zaman reket jurnalistikaya qarşı mübarizə aparmışıq. Hətta, MŞ-da Reket jurnalistikasına qarşı mübarizə komissiyası da fəaliyyət göstərir. Bununla bağlı çoxsaylı şikayətlər olur və bunların hər birinə baxmışıq. Eyni zamanda, bunun üçün MŞ-nın "qara siyahısı" da tərtib olunub".

Bu fikirləri "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

O bildirib ki, reket jurnalistikasına qarşı mübarizə aparmaq üçün ictimai qınaq səviyyəsində müzakirələrə çıxarmaq metodu seçilib: "Ancaq bu bir cinayət əməlidir. Reket jurnalistikanın seçdiyi yol cinayət işidir, cinayət aktıdır. Bunun üçün hüquq-mühafizə orqanları tərəfindən zamanla ayrı-ayrı müəyyən şəbəkə formalaşdıran və bu şəbəkəyə daxil olan "jurnalistlər"ə qarşı cinayət işi açılıb, məhkəmə prosesləri keçirilib və onlar zərərsizləşdirilib. Həmin "jurnalistlər" zamandan asılı olaraq öz rənglərini dəyişirlər, amorfdurlar. Yəni formalarını və rənglərini dəyişirlər".

Baş redaktor qeyd edib ki, hazırda bu cür saytların sayı həddindən artıq çoxalıb: "Çünki çap mətbuatı müəyyən qədər məbləğ tələb edir. Ancaq saytlar üçün domen əldə etmək müəyyən mənada ucuz başa gəlir. Daha sonra bu saytlar ətrafına özləri kimi insnaları cəlb edərək ayrı-ayrı insanlara şantaj yolu ilə böhtan, şər atırlar. Bununla da öz mənfur əməlləri ilə maraqlarını güdən formada hərəkət edirlər. Buna qarşı həm Mətbuat Şurası, həm də hüquq-mühafizə orqanlarının birgə tədbirləri olub. Hesab edirəm ki, son dönəmlərdə aparılan işlərin də bu və ya digər dərəcədə nəticələri var. Bu prosesi izlədikdə aydın görünür ki, hüquq-mühafizə orqanları tədbir gördükdə həmin şəbəkənin digər üzvləri öz əməllərindən müəyyən müddətlik geri çəkilirlər. Lakin özləri üçün əlverişli mühit yaranan kimi yenidən ortaya çıxırlar. Bunlara bu mühiti yaratmamaq və daim üzərlərinə getmək lazımdır". 

azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31