Reket jurnalistikaya qarşı daha kəskin mübarizə zamanın tələbinə çevrilir

Yunus Oğuz: "İkram Rafiqoğlunun şikayətlərlə dolu reketçilik fəaliyyəti ilə bağlı məsələ qaldırılıb və Dövlət Təhlükəsizliyi Xidməti də bu məsələyə reaksiya verərək onu saxlayıb"

"Təbii ki, məsələnin mahiyyəti tam açılmasa da, onun şikayətlərlə dolu reketçilik fəaliyyəti ilə bağlı məsələ qaldırılıb və Dövlət Təhlükəsizliyi Xidməti də bu məsələyə reaksiya verərək İkram Rafiqoğlunu saxlayıb. Onunla bağlı şikayətlər təsdiqlənməsəydi, heç vaxt Dövlət Təhlükəsizliyi Xidməti onu saxlamazdı". Bu fikirləri "Bakı-Xəbər"ə "Reallıq.info" saytının baş redaktoru İkram Rəhimovun (Rafiqoğlu) reketçilik fəaliyyətinə görə oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanmasına münasibət bildirərkən "Olaylar" İnformasiya Agentliyinin və eyni adlı qəzetin baş redaktoru Yunus Oğuz bildirib.

DTX əməkdaşlarının İ.Rafiqoğlunu saxlamasının əsassız olmadığını deyən Y.Oğuz hesab edir ki, onun saxlanması faktı reket jurnalistika ilə mübarizə sahəsində atılan növbəti addımlardan biridir. O hesab edir ki, reket jurnalistlərin fəaliyyəti Azərbaycan mediasına böyük ləkədir və onların davamlı olaraq sıradan çıxarılması, mətbuat sahəsindən uzaqlaşdırılması tendensiyası davam etdirilməlidir. "Məsələ bundadır ki, reketçiliyə şərait yaradırlar və bunun bir ucu da jurnalislərə gedib çıxır. Düşünürəm ki, reket jurnalistika ilə daha mütəşəkkil şəkildə mübarizə aparmaq və reketçilik dalğasını dayandırmaq lazımdır. Faktiki olaraq bu gün əsl media qurumlarının əməkdaşları reket jurnalistlərin əlindən bölgələrə, rayonlara zəng vurub orada baş verən məsələlərlə bağlı rəylər öyrənməyə utanırlar. Sorğu göndərsələr də, onlara çox gec cavab verilir. Bunun da səbəbi var. Çünki reket jurnalistlərin mənfi fəaliyyətləri normal qəzet və saytların rayonlarla, bölgələrlə əlaqələrinin kəsilməsinə səbəb olub. Biz də bölgələrdən gələn xəbərlərin qıtlığını çəkirik. Reketlər rayonlara gedirlər, müxtəlif insanları təhdid, şantaj edirlər. Bu şantaj da daha çox Azərbaycanın ziyalılarına, vəzifə adamlarına qarşı həyata keçirilir. Bu da sözsüz ki, ölkəmizin imicinə xələl gətirir" - deyə bildirən Y.Oğuz qeyd etdi ki, reket jurnalistlər normal xəbər yayımı işini həyata keçirən media qurumlarının fəaliyyətinin bölgələrdə məhdudlaşmasına səbəb olurlar. Onun fikrincə, reket jurnalistikaya qarşı mübarizə tədbirlərini daha da genişləndirmək lazımdır.

"Azərbaycan Mətbuat Şurasının reketçiliyə qarşı mübarizə komissiyası fəaliyyət göstərir. Həmin komissiyaya digər reket saytlar haqqında çoxsaylı şikayət gəlir. Komissiya o saytların da, orada bu kimi əməllə məşğul olanların da adlarını açıqlasın və aidiyyəti qurumlar tərəfindən onlara qarşı sərt tədbirlər görülsün. Hesab edirəm ki, reketçilik fəaliyyəti ilə məşğul olan insanlar ifşa edilməli və onlara qarşı ictimai qınaq olmalıdır. Bu halda onlar öz yerlərində oturacaqlar. Mən reket jurnalistikaya qarşı daha kəskin mübarizə aparılmasının tərəfdarıyam. Bu gün bu işlə məşğul olanlardan biri həbs edilib, istərdim ki, digərləri də cəzasız qalmasınlar" - deyə Y.Oğuz vurğuladı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31