"Bu cinayətkarları təmizləyə bilmirik" – Ekspertdən etiraz
29 Oktyabr 2018 13:40 Sosialİllərdir müxtəlif adlar və təyinatlar altında daldalanıb reketçiliklə, şantajla, ictimai-siyasi "maşa" funksiyasını yerinə yetirməklə qanunlara, dəyərlərə meydan oxuyan cinayətkarları media sektorundan təmizləyə bilmirik.
Bu sözləri analitik, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. O bildirib ki, onların adları "Qara siyahı"ya salınır, "qara qutu"dan çıxırlar:
"Əməllərinə görə məhkəmə qapılarından dışarı çıxmayacaqlarını düşünürsən, çıxmaları bir yana qalsın, pərvazlanıb uçurlar, əvvəl 1 saytları vardısa, 5-ni açırlar. Mətbuat Şurasının İdarə Həyətinin üzvlərini, Azərbaycan dövlətinə, onun informasiya təhlükəsizliyinə xidmət edən hər kəsi açıq-aşkar, çəkinmədən şantaj edirlər. Onlara qahmar çıxanlar, hətta "peşəkar jurnalist" adlandıranlar, dəstək verənlər də tapılır, təəsüf ki! O cümlədən "xidmətlərindən" istifadə edənlər də..."
E.Mirzəbəyli vurğulayıb ki, by baxımdan, "Reallıq.info" adlanan şantaj alətinin, onun peşəkar böhtançı "sahibi" İkramın, yan-yörəsinin Mətbuat Şurasını hədəfə almasının iki əsas səbəbi olduğu qənaətindədir:
"Buruncisi, Mətbuat Şurasını susdurmaq, reketçiliyin, şantajçılığın media məkanını qəsb etməsinə yol açmaqdır. Eyni zamanda, "İkram" qarşılığında ləyaqətli, prinsipial mövqeyi olan insanlari hədəfə alaraq gözdən salmaq da hədəflər sırasındadır. Olmadı... Hüquq-mühafizə orqanları pis adamdan xeyir görməyə çalışanların da, şantajçıların da arzularını ürəklərində qoydu".
Analitik qeyd edib ki, amma bununla iş bitmir: "Reketçiliyə, şantajçılığa qarşı təkcə Mətbuat Şurası, müvafiq dövlət qurumları mübarizə aparmalı deyil. Kimliyindən asılı olmayaraq, özünün, övladının daha təhlükəsiz həyat yaşamasını istəyən hər kəs bu "epidemiya"nın qarşısında dayanmalı, prinsipial mövqe, xarakter nümayiş etdirməlidir!"
axar.az