Müsəlman həmrəyliyi, yoxsa təbiət düşmənçiliyi?

Elçin Hüseynbəyli

Elçin Hüseynbəyli

Son zamanlar  sosial şəbəkədə insanları üzən xəbərlərə və şəkillərə rast gəlirəm. Din qardaşlarımız sayılan ərəblər faunamızın ən gözəl quşlarını ölü sərgisinə çevirib nümayiş elətdirirdilər.

Bu barədə sonra... İndi isə dostumun başına gələn xırda bir əhvalat danışım.

Dostum danışır. Baməzə yox, ha, ciddi dostum. Görün nə deyir:

-Bəzi para işlərdə kömək elədiyim adamlar mənə sürpriz eləmək üçün əldən-ayaqdan gedirdilər. Ona görə də məni ekzotik bir qonaqlığa dəvət elədilər.

-Fil qulağının langeti  olar, yəqin? -deyə zarafat eləmək istədim.

O lətifəni bilrisiniz də. Bilmirsiniz, onda danışım...İki dost Şəkiyə gedir. Günorta bir kafe görürlər. Lövhədə belə yazılıbmış: "Ürəyiniz istəyən hər şeyi sifariş edə bilərsiniz."

Dostlar kafe sahibini sınamaq istəyirlər, fil qulağından langet və qarabaşaq qovurması sifariş edirlər. Üstündən xeyli vaxt keçir, amma sifariş gecikir. "Deyəsən, fil tapmadınız, hə?" - dostlardan biri istehzalı şəkildə xəbər alır. "Fili qulağından langet hazırdı e, ha indi bu zəhrimar qarabaşağı tapa bilmürüx..."

Nəsə...

Dostumun oturduğu süfrəyə şabalıdlı turac qovurması gətirilir. Bu yazıq da turac görməyən adam. Döşənib yeyir. Amma sürpriz bununla da bitmir. Deyirlər ki, indi ətini yediyin turacların dirisini sənə hədiyyə edəcəyik. Qutunu gətirirlər. İçində iki dənə turac. Turac nə turac. İki göz istəyir baxsın.

Dostum bu gözəl quşların ətini yeməyinə görə bərk sarsılır, həmin quşlardan imtina edir və gedir ayaq yoluna...

Din qardaşlarımızın bərbəzəkli, gözəl çöl quşlarımızı güllə-baran eləmələri bir hadisəni də yadıma saldı. Bir dəfə dənizə yaxın bir yerdə dincəlirdik, birdən qulağımıza avtomat səsi gəldi. Ayağa qalxıb, təpənin üstünə çıxdıq, gördük ki, bir qrup sərxoş hərbçi və polis göydə uçan durnaları qırıb tökür. Fikirləşdik ki, yəqin durna telinə görə belə edirlər. Amma cavabları gözlənilməz oldu: "Biz imkan vermərik ki, durnalarımız uçub başqa ölkəyə getsinlər!..." Gülməli yox, ağlamalıdır, dostlar!

Qəribə bilirsiniz nədir? Bu ərəblərə ov icazəsiniz öz məmurlarımız verib. Ola bilər ki, icazə kağızında bir neçə quş ovlamağa icazə verilib. Amma bunların törətdikləri əsl təbiət genosididir...Və utanmadan bunu sosial şəbəkədə paylaşırlar. Bəs, bizim bu məsləyə məsul olan məmurlarımız, hökumət adamlarımız hara baxır?

Mənə elə gəlir ki, həmin genosidi törədənləri də, onlara icazə verənləri də mənim dostum kimi ayaq quluna göndərmək lazımdır, Qoy aldıqlarını da, yediklərini də qaytarsınlar...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31