“Geyinin, kecinin , gəlin”...

Bu gün bir sıra efir məkanımızın səviyyəsi hər kəsə məlumdur. Uşaqdan böyüyə hər kəs efirlərin səviyyəsizliyindən, bəzi verilişlərin qeyri-peşəkarlığından saatlarla məruzə oxuya biləcək qədər "mütəxəssis" oldu, bircə bəzi TV-lərdə rəhbər kürsüsündə əyləşənlərdən başqa. Nə isə... danışmaq istədiyim məsələ bəzi telekanalların səviyyəsi deyil. Zatən, bu hər kəsə aydındır.

Bu gün mövzum televiziyada çalışanların öz efir imkanlarından sui-istifadə etmələridir. Elə indicə bir xəbər gördüm. Deməli, vaxtı ilə ANS telekanalında həmkarı Ulvira Qarayeva ilə birgə "Toy olsun" verilişinin aparıcı olan Elgiz Əkbər yaman əsəbləşib. Kimə? Evlərindən qaçan qadınlara. Daha doğrusu, Qubanın Tülər kəndində yaşayan iki uşaq anası olan Aynur adlı xanım bizim hər gün ona ayrılan  efir saatında insanlar üçün çox əhəmiyyətli veriliş hazırlayan, maariflənməsi üçün dəridən-qabıqdan çıxan Elgiz Əkbəri yaman əsəbləşdirib. Aparıcı da elə efir saatından istifadə edərək, xanıma müraciət edib:

"Bəzi layiqsiz qadınların vicdansız hərəkətlərindən kişilər əziyyət çəkir. Neçə gündür hər kəs bu hadisədən danışır. Oğlan öz əmisi oğlunun həyat yoldaşını götürüb qaçıb. Özünü də öldürdülər. Razıyam, kişinin günahı böyükdür. Bəs bu ləyaqətsiz, alçaq qadın?! Tutaq ki, bu adamın başı xarabdır, psixoloji problemi var, bəs sən - iki uşağın anası, utanıb yerə girmirsən? Hamı kişinin üstünə düşür, bəs qadın? Sən nə qədər ləyaqətsiz, vicdansız, alçaq qadınsan! Heç utanmırsan?"

Onu deyim ki, Elgiz bəyin bu cür qəzəblənməsinə səbəb onun  bütün illərini, tv-dəki yaradıcılığını məhz biz insanların əxlaqlı, mədəniyyətli, maarifli olmasına sərf etməsidir. Onun verilişini izləyən həmin qadınlar da onun bu illərini, yaradıcılığını heç edir. Adam da haqlı olaraq qəzəblənir. Elgiz Əkbər bütün günü verilişlərinə dəvət eləmək üçün alim, professor, psixoloq, sosioloq axtarır. Cəmiyyətimizdə baş alıb gedən, həlli müşgülə dönmüş problemlərə aydınlıq gətirməyə çalışır. Tamaşaçısı olan, evindən qaçıb yaxşı yaşamaq istəyən qadınlar isə onun bu əziyyətini nəinki dəyərləndirmir, hətta onun verilişinə belə baxmır. Mikayıl, Zaurların dəvət elədiyi vaxtilə evlərindən, ərlərindən qaçıb əllərinə mikrafon alan "əməkdar", gələcəyin isə "xalq artistlərini" izləyirlər. Axı onların nəyinə lazımdır Elgizin verilişinə dəvət elədiyi alim, psixoloq. Onlar həmin qadınlara yaxşı yaşamağı, hansı yollarla evdən qaçıb əllərinə mikrafon almağı öyrədəcək?

Evindən qaçan və həyat yoldaşına xəyanət edən heç bir tərəfə haqq qazandırmıram. İnsan ailəli ola-ola kimisə sevə bilər. İnsandır və bu normaldır. Bu zaman həyat yoldaşından ayrılıb, sevdiyi insanla azad, xoşbəxt yaşaya bilər. Hər kəs dünyaya bir dəfə gəlir və xoşbəxt olmaq hər birimizin haqqıdır. Siz aparıcılar efir saatlarınızda insanlara xəyanət etməməyi, qanunları, haqqlarını təbliğ etməkdənsə, hacılarla birgə yaşayan, əli mikrafonlu qadınların lüks həyatını təqdim etməyi seçirsiniz.

Lütfən, biri bu aparıcılara izah eləsin ki, birinci vəzifə səlahiyyətlərindən istifadə etmək KİV haqqında qanuna ziddidir. Bu hadisə bir insan kimi səni narahat edə bilər və etməlidir də. O zaman sən efir saatına sosioloq, psixoloq dəvət edib türk seriallarındakı həyata aldanan qadınlarımızı maarifləndirə bilərsən. Yoxsa, verilişində hansısa qadını təhqir etmək sənin işin deyil, axı. Mən Elgiz bəyə məsləhət görərdim ki, təhqir yox, barı tənqid edərdi. Çox keçməz ki, həmin qadını efirə çıxardıb "bu sənətə gələndə hansı çətinliklərlə qarşılaşdınız" sualını sizə verdirəcəklər. Niyə harada yaşadığınızı və hansı şərtlərlə çalışdığınızı unudursunuz ki?

Və bir zamanlar məhz elə gənc qızların evlərindən qaçıb "Toy olsun"a gələn günlərini nə tez unutdunuz? Belə hallar azmı olmuşdu? Hər gün efir saatınızda "Geyinin, kecinin gəlin" dediyiniz qadınlar, qızlar bu gün də geyinib, kecinib istədikləri həyatı yaşamaq üçün paytaxta gəlirlər.

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31