Çin Dövlət Şurasının nümayəndə heyəti Bakıda

" Çin Dövlət Şurası İnsan Hüquqları Bürosu İnformasiya Şöbəsinin direktoru Qiu Yinin başçılıq etdiyi həmin şöbənin Mədəniyyət Mübadiləsi qrupunun üzvləri Azərbaycan Dillər Universiteti  nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunu ziyarət ediblər.

ADU Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov qonaqlara Konfutsi İnstitutunun təhsil və maarifləndirmə fəaliyyəti barədə məlumat verərək, İpək Yolu İqtisadi Kəmərinin infrastrukturunun yaradılması və inkişafında, tarixi İpək Yolunun bərpasında Azərbaycanın geostrateji roluna həsr olunan elmi seminarların keçirilməsinin əhəmiyyətini qeyd edib. Sonra qonaqlar ilə ADU və Azərbaycan Elmlər Akademiyasının alimləri arasında fikir mübadiləsi aparılıb. Sonda qonaqlara ADU-nun Konfutsi İnstitutunun Çin dilində hazırladığı, Prezident İlham Əliyevin hər iki ölkənin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan "İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısı" adlı və Azərbaycan dilində hazırladığı ÇXR-in sədri Si Tsinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitablar hədiyyə edilib.

Çin Dövlət Şurasının nümayəndələri ADU-nun Multikulturalizm Elmi Tədqiqat Laboratoriyasında da olublar. Mərkəzin elmi işçisi Turan Kərimli tarixən müxtəlif xalqların və fərqli dinlərə inananların sülh, mehriban şəraitdə yaşadıqları Azərbaycan multikulturalizm, tolerant dəyərləri ilə seçildiyini qeyd edib. Vurğulanıb ki, hazırda multikulturalizm Azərbaycanda dövlət siyasəti olmaqla yanaşı, cəmiyyətin həyat tərzidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31