III Beynəlxalq elmi konfrans

Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə "Tətbiqi dilçiliyin müasir problemləri" mövzusunda III Beynəlxalq elmi konfransın açılışı keçirilib. Olaylar.az bildirir ki, konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə gül düzərək xatirəsini ehtiramla yad ediblər.

Konfransda Böyük Britaniya, Almaniya, Fransa, Çexiya, Polşa, Rusiya, Türkiyə, Gürcüstan, Finlandiya, Yaponiya, Bolqarıstan, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdən gələn qonaqlar, eləcə də ADU və respublikanın digər universitetlərinin akademik heyəti iştirak edib.

Azərbaycan Dillər Unviversitetinin rektoru akademik Kamal Abdulla bu günün təmtəraqlı və əlamətdar olduğunu söyləyib. K.Abdulla konfransın işində iştirak edən xarici və yerli qonaqları universitetdə görməkdən məmnun olduğunu deyib.

Bakıda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumundan danışan K.Abdulla bu tədbirin keçirilməsinin Azərbaycan həqiqətlərini dünya xalqlarına effektli şəkildə çatdırılmasının sübutu olduğunu söyləyib.

Konin Dövlət Tətbiqi Elmlər Universitetinin professoru Barbara Levandovska "Qorunan və ifadəli - Britaniya və Amerika Mədəni Linqvistika Eynilikləri" adlı mühazirə ilə çıxış edib.

Konfransın davamında plenar iclas iştirakçıları Ümumi dilçilik kafedrasının professoru, Eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin "Tətbiqi dilçiliyin hazırki vəziyyəti", Moskva Dövlət Pedaqoji Universitetinin Samara filialının professoru Elçin Həşimovun "Dil şüurunda mədəniyyətin rolu və yeri" haqqında mühazirələrini dinləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31