Bibiyə, qaqaşa ilişənlər - Tormozlanmış kəlmə

Züleyxa NADİR

Tormozlanmış kəlmə               

Görəsən insanlar  bir-birilərinə müraciət  formasını  tətbiq edərkən nəyə əsaslanıblar? İlk dəfə kim belə fikrə  düşüb ki,  qarşısındakına adı ilə deyil, başqa  bir sözlə müraciət etsin? Kiminsə ağlına gəlibmi ki, ilk dəfə istifadə etdiyi bu söz illəri aşıb keçəcək, dildə möhkəmlənəcək,  dünyanı  dolaşacaq, sərhədləri aşacaq? Yəqin ki, yox. Sadəcə, insanlar bununla mədəniyyət  formalaşdırıb, əxlaq sərgiləyiblər. Min  illərdi bu mədəniyyətin ən möhkəm halqası olan "ser", "miss", "missis", "madam", "madmuazel",  "müsyö", "frau",  "pan", "xanım", "bəy", "cənab",  "ağa", "əfəndim", "bəyəfəndi", "xanıməfəndi" və s. bu kimi  sözlər dünya xalqlarında özlərinə məxsus formada kök atıb.  Bəs, Azərbaycanda necədi?  İnsanlar arasındakı müraciət  forması hardan qaynaqlanır?

Bu məsələ indi Azərbaycanda acınacaqlı vəziyyətdədir. İnsanlar arasında  istifadə olunan "bəy", "xanım" sözləri hələ də mübahisəlidir, hələ də "pasport" almayıb, hələ də yaddaşlarda kök atmayıb.  Torpaqdan çıxan fidan kimidi, böyüməsi üçün su, gübrə verən, dibini yumşaldan, nazını çəkib, qayğısına qalan azdı. Fidan böyümür ki, böyümür...

Millətin böyüklüyü onun əxlaqındadı. Əxlaq mədəniyyətin ən vacib elementidi. Əxlaq  cəmiyyətdə davranış  qaydalarını  tənzimləyən vasitədi,  normadı. İnsanların  cəmiyyətdə bir-birilərinə ötürdüyü münasibətlərin toplusudu. Əxlaq insanı etik çərçivədən kənara  çıxmağa  qoymayan "buxovdu" - sözün yaxşı mənasında. Məhz həmin "buxov" insanların şüurunda davranış mədəniyyətini formalaşdırır. Ki...bu mədəniyyətin  mərkəzində yer alan vacib amil müraciət  formasıdır. Nə yazıq ki, Azərbaycanda müraciət  forması kimi işlənən "bəy", "xanım" sözləri az qala sıradan çıxmaq  təhlükəsi ilə  üz-üzə dayanıb. Onların yerini  heç də xoş olmayan başqa sözlər tutmağa çalışır.

***

Bir neçə gün əvvəl  yaşadığım küçədə səyyar meyvə satanla alıcı arasında belə bir dialoqun şahidi oldum. Satıcı oğlan alma seçən qadına dedi:

-Bibi, seçmə, hamısı yaxşıdı.

-Bibi nədi? - qadın  çox əsəbi  formada cavab verdi.

-Bəs, nə deyim? Xala deyim?

-Xanım deməyə dilin gəlmir?

Oğlan  üzünü yana çevirib dodaqaltı mızıldandı:

-Səndən xanım olar?..

Və beləcə dialoq uzandı, digər  meyvə alanlar  söhbətə  müxtəlif  formada müdaxilə etdilər, "xanım", "bəy" sözləri  köhnə "Jiquli"nin içindəki  çürük almalar qədər ucuzlaşdı. Həmin gün küçədə meyvə - tərəvəz satan oğlanın davranışı azərbaycanlıların əxlaq mədəniyyətinin tərəzisinə çevrildi. Tərəzi isə  düz çəkməyəndə tarazlığı pozulur.

Bu gün Azərbaycanda həmin ölçü itib,  insanlar arasındakı münasibətdə demək olar ki, xaos yaranıb, ən yaxşı halda bazara çevrilib. Bu bazarı yaradanlar təkcə meyvə satanlar deyil ki?! Cibində ali təhsil  diplomu  gəzdirən, özünü ziyalı kimi  gözə soxmağa çalışan, cəmiyyətin üst qatında yer almaq üçün əldən-ayaqdan gedən zümrə, eləcə də müxtəlif təbəqədən olan insanlar  müraciət  formasında "tormozlanıblar".

***

Eləcə də "xanım" sözü... bunu da birmənalı qarşılayanlar azdı. "Xanım" sözünün kökündə əslində çox böyük dəyər var. "Kitabi- Dədə Qorqud"da ozan söhbətə "Xanım hey!" deyə başlayır. Burada həm xan (kişi), həm də sultan (qadın) nəzərdə  tutulur. "Məgər, xanım, Oğuzda Duxa Qoca oğlu Dəli Domrul deyərlərdi, bir ər var idi... Məgər, xanım, təkur peşman oldu..." kimi misalların sayını artıra bilərəm. Deməyim o ki,  "xanım" sözü  genetik olaraq azərbaycanlının damarlarında axan qanla gəlib. Deyilənə görə Əmir Teymur da arvadına "mənim  xanım" deyib.  Bir dəfə  əsgərlərinin qarşısında  çıxış edərkən həyat yoldaşı da yanında olub. Teymur deyib ki, mən sizin xanınızam, bu qadın isə mənim xanımdı. Elə o zamandan qadınlara "xanım" deyə müraciət olunmağa başlayıb. Nə gözəl!  Əmir Teymur kimi hökmdar,  müdrik Dədə Qorqudun ozanları  qadına "xanım" deyib, onu ən yüksək mərtəbəyə qaldırıblar.

 Bu gün isə əsrlərin o tayından boy  göstərən bu dəyərli söz "bibi" ilə əvəzlənib. Bir dəfə həmin sözlə müraciət edən  gəncdən  niyə belə dediyinin səbəbini soruşdum. Cavab verdi ki,  "xala" deyəndə qadınlar adama pis baxırlar. Doğrusu, heyrətə  gəldim, inanılmaz dərəcədə təəccübləndim. Əslində bəzən elə qadınlar olur ki, doğrudan da  "xanım" deyə xitab edəndə pis  qarşılayır, onlara elə gəlir ki, qarşısındakı ona istehza edir. Bu, həmin qadının dünyagörüşünün sıfır  nöqtəsində olmasından xəbər verir. Qardaş  Türkiyədə yaşlı kişilər həyat yoldaşlarına xitab edəndə  "xanım" deyirlər.

 "Bəy" sözü. Bu kəlmənin də kökündə yüksək hörmət və  ali dəyər var. "Bəy" qədim türk dilində ən çox işlənən söz olub. Əski türklər bütünlükdə xalqa "kara budun", ali təbəqəyə isə "beqler budun" deyə müraciət edərmişlər. Beləcə bu söz  türkdilli xalqlar arasında yayılıb, indiki formasını alıb. Yetmiş illik imperiya dövründə  sovet hökuməti "bəy" sözündən qorxduğu üçün sözü rəsmən qadağan etmişdi.  Bəs, son 20-25 ildə hansı qorxu meydana çıxdı ki, "bəy" sözündən imtina etməyə  cəhd olunur? Dəyərsiz insanlar  sözün qiymətini özlərinin səviyyəsinə endirir, ona  siyasi don geyindirməyə çalışırlar, AXC hakimiyyətinə bağlayırlar. Türklərin bir sözü var: gerizəkalılıq - bu məqamda yerinə düşən söz - məhz bu cür düşünənlərin boyuna biçilmiş kəlmədir.

***

Sovetlər dönəmində "yoldaş" sözü  ictimaiyyətdə zor-güc özünə yer tutdu. Bu, həm də dövlətin  siyasəti idi. Rəsmi müraciət  forması kimi yazışmalarda, iclaslarda istifadə olunurdu. Bu yanaşma, bu siyasət zaman-zaman bədii ədəbiyyatda özünə yer elədi. Bəzən filmlərdən, teatr səhnələrindən boy göstərdi, lakin kütləvi hal almadı.  Əvəzində "müəllim" sözünü hər  kəsə pərçim etdilər. Ki... hələ də ondan çıxa bilmirik. Amma çox şükürlər ki,  bəzi qadınlara xanım deyirdilər. SSRİ dağıldı, "bəy" sözü dövriyyəyə girdi, amma onun da ömrü  uzun olmadı. Prezidentdən tutmuş fəhləyə qədər hər kəsə "bəy" deyilməsini insanlar həzm edə bilmədilər. Söz əhalinin çoxunda qıcıq yaratdı.  Başladılar sözün başına kəndir salıb fırlatmağa.

Bu gün pinəçidən tutmuş akademikə qədər "müəllim" deyə müraciət olunur. Halbuki müəllim ictimai-siyasi zümrə olaraq peşə sahibidir. Mühəndisə, ya da həkimə niyə "müəllim" deyilsin? Generala "müəllim" deyə  müraciət etmək hansı ağlın məhsuludur? Yetmiş il  "yoldaş filankəsov"la yanaşı bizə yoldaşlıq edən "müəllim" öz mövqeyini hələ də qoruya bilib.  Rayonlarda  dövlət qulluğunda işləyən qadınlara  "xanım" deyə müraciət edə bilməzsiniz,  anındaca təpki görəcəksiniz. "Müəllimə" deyə  xitab etsəniz hörmətlə qarşılanıb, izzətlə yola salınacaqsınız.

 Bu məsələnin ən ağrılı tərəfi odur ki, çoxluq  "bəy" və "xanım" sözlərini  "ay brat", "qaqaş", "adə", "ayə", "alə", "ağəz", "aaaz" kimi sözlərə dəyişir. "Əmioğlu", "dayıoğlu", "bacıqızı" deyə müraciət edənlər də var. Və bu müraciətlərin kökündə "bəy" və "xanım"  deyiminin hikməti, dəyəri, ali  duyğusu yoxdu. Ona görə də bu problem dövlət  səviyyəsində birdəfəlik həllini tapmalıdı. Yaxşı olar ki, mütəxəssislər bu məsələ ilə bağlı müzakirələr aparıb, ortaq fikrə gəlsinlər. Milli Məclis isə  müraciət  forması ilə bağlı qərar qəbul etsin.

Yoxsa bu xalq "müraciət bazarındakı bibiyə, qaqaşa" ilişib qalacaq...

 

 

 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31