Məktəblərdə cinsi tərbiyə dərsi – “hə”, yoxsa?..

Nadir İsrafilov: "Təhsilimizin bu günkü problemi cinsi tərbiyə deyil, uşaqlarımızın həddən artıq yüklənməsidir"

Afaq Əmirli: "6-cı sinifdən məktəblərdə cinsi tərbiyə fənninin keçirilməsini düzgün hesab etmirəm"

Üç ildir pilot layihə kimi orta məktəblərdə keçirilən cinsi tərbiyə dərsinin bu ildən ölkə üzrə tam tətbiqinə başlanacaq. Tədrisdə məqsəd demoqrafik vəziyyəti qorumaq, infeksion xəstəliklərin qarşısını almaq üçün reproduktiv sağlamlıq haqqında gənclərin biliklərinin artırılmasına nail olmaqdır. Məlumata əsasən tədris vəsaitini "Biologiya" və "Həyat bilgisi" müəllimləri tədris edəcək. 6-cı sinifdən başlayaraq tədris olunan reproduktiv sağlamlıq haqqında dərsə ümumilikdə 8 saat ayrılıb.

Olaylar.az məktəblərdə cinsi tərbiyə dərsinin tədrisi ilə əlaqədar olaraq təhsil üzrə ekspertlər və psixoloqlar arasında sorğu keçirib. Sorğuda  məktəblərdə bu dərsə ehtiyac olub -olmadığı, sinif olaraq, 6-cı sinifdən başlayaraq tədris edilməsi nə dərəcədə doğru olduğu sualına aydınlıq gətirilib.

Təhsil üzrə ekspert Nadir İsrafilov bildirir ki, təhsilimizin bu günkü problemi cinsi tərbiyə deyil, uşaqlarımızın həddən artıq yüklənməsidir: ""Reproduktiv sağlamlığın tədrisi" heç də yeni məsələ olmayıb, uzun illərdən bəri gündəmdə "dartışdırılan" mövzulardan biridir. Bildiyim qədər Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin həyata keçirdiyi "Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində Bakı və Sumqayıt şəhərlərində müəllimlər üçün reproduktiv sağlamlıq məsələlərinin tədrisi və təşviqinin əsaslarına dair təlim kursları keçirilib. Hətta bu şəhərlərin tam orta məktəbləri və liseylərində təlimdən keçmiş müəllimlər tərəfindən reproduktiv sağlamlıq məsələlərinə dair nümunəvi seminar və dərslər də reallaşdırılıb. Habelə Abşeron rayonunun ümumtəhsil məktəblərində "Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində seminarlar belə təşkil olunub".

Ekspert qeyd edir ki, təlim kurslarının nəticəsi olaraq, bu müddət ərzində seminar və dərslərə Bakı və regionlarda fəaliyyət göstərən tam orta məktəblərin 6-7-ci siniflərinin minlərlə şagirdi və valideyni cəlb olunub: ""Reproduktiv sağlamlıq haqqında" və "Psixoloji yardım haqqında" qanun layihələrinin müzakirəsi Milli Məclisin sessiyalarının gündəliyinə də daxil edilib. Hətta 2017-2025-ci illər üzrə Azərbaycan Respublikası əhalisinin Reproduktiv Sağlamlığına dair Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş işçi qrupun iclası da keçirilib. Reproduktiv sağlamlıq, sağlam həyat tərzi, reproduktiv sistemin anatomik və fizioloji xüsusiyyətləri, yeniyetmələrin orqanizmində psixo - emosional dəyişikliklər, şəxsi gigiyena, zorakılıq və onun profilaktikası, riskli və zərərli davranışlar, cinsi davranışlar, erkən nigahlar və onların nəticələri, ailə planlaşdırılması və cinsi yolla yoluxan xəstəliklər haqqında məlumatların verilməsi ilə əlaqədar həftəlik və aylıq kurslar bu gün də fəaliyyət göstərir. Erkən nikahların artması, uşaqların zorakılığa məruz qalmaları və digər reproduktiv anlayışlara dair ayrıca kitab hazırlayıb, onun dərslik qismində tədris olunmasının vacibliyi barədə mülahizənin belə halların qarşısını ala biləcəyinə zəmanət verə biləcək bir əsas varmı?"

Nadir İsrafilov 80-ci illərdə "Ailə və nikahın əsasları" adlı dərs vəsaiti hazırlandığnı və tədris planına ayrıca dərs saatı əlavə etdildiyini qeyd edir: "Erkən nikahların qarşısı alındımı, əksinə erkən boşanmaların sayı bir az da artdı. Reproduktiv sağlamlıqla bağlı bilgilər lazımdır və vacibdir. Lakin bu bilgiləri aşılamaq üçün tədris planı üzrə "Biologiya" və "Həyat bilgisi" fənləri var. Ən zəruri halda fakultativ məşğələlərin imkanlarından yararlanmaq, əks halda isə adı çəkilən fənlər üzrə proqram və dərsliklərdə reproduktiv sağlamlıqla bağlı mövzuların təsnifatına yenidən baxmaq olar. Hazırda valideynləri və təhsil ictimaiyyətini düşündürən və narahat edən əsas və başlıca məsələ tədris planlarımızın və təhsil proqramlarımızın həddən artıq yüklü olmasıdır. Uşaqlarımızın sağlamlığını qorumaq üçün isə əsas şərtlərdən və yollardan biri məhz onları bu yükdən azad etməkdir".

Şəms Uşaq İnkişaf Mərkəzinin psixoloqu Afaq Əmirli 6-cı sinifdən başlayaraq məktəblərdə cinsi tərbiyə fənninin keçirilməsini düzgün hesab etmir: "Beləki, hər bölgənin yerləşdiyi coğrafi mövqeyə, dini və mental baxışlarına uyğun psixoloji xüsusiyyətləri var. Qərb dünyasında cinsi həyat tez başlayır. Bizdə bu belə deyil. 11-12 yaşlarında bizim uşaqlar sözün əsl mənasında hələ uşaqdılar. Yuxarı siniflərdə biologiya, insan anatomiyası dərsləri keçirilir. Burada bir neçə saat dərsi "cinsi tərbiyə" mövzusuna ayırmağı daha düzgün hesab edirəm. Ümumilikdə isə deyə bilərəm ki, bizim təhsil sistemində, məktəblərimizdə uşaqların psixoloji durumuna mənfi təsir göstərən daha aktual problemlər var ki, öncə onları həll etmək lazımdır".

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31