Ramin Quluzadə Beyləqanda vətəndaşlarla görüşüb
24 Oktyabr 2018 17:28 SosialNəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Beyləqan şəhərində vətəndaşlarla görüşüb. "OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, görüşdə Beyləqanla yanaşı, İmişli, Ağcabədi, Füzuli, Zərdab, Xocavənd və Laçın rayonlarının da sakinləri iştirak edib.
Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb.
Müraciətlər telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələləri əhatə edib.
Bəzi vətəndaşlar tərəfindən qaldırılan məsələlər nazirliyin səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara ünvanlanması üzrə qeydiyyata alınıb.
Regiona səfəri çərçivəsində Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.