Ali təhsildən peşə təhsilinə doğru...
Mingəçevirdə bir gün "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın 5 ili çərçivəsində Mingəçevirdə "ASAN Peşə" Təhsil mərkəzinə mediatur təşkil edildi.
24 Oktyabr 2018 14:54 SosialMingəçevirdə bir gün
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın 5 ili çərçivəsində Mingəçevirdə "ASAN Peşə" Təhsil mərkəzinə mediatur təşkil edildi.
Media nümayəndələri Yasamal rayonunun "20 Yanvar " dairəsində yerləşən 1990-cı il 20 yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksinin önündə yığışdı. Memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyev olan abidə kopmleksinin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qeyd olunub. Abidə kopmleksinin üzərində ulu öndər Heydər Əliyevin qızılı hərflərlə həkk edilmiş sözləri diqqət çəkir: "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur".
Təhsil Nazirliyinin nəqliyyat vasitəsi media nümayəndələrini bu möhtəşəm tikili önündə qarşıladı...
Yolun müəyyən bir hissəsindən sonra Mingəçevirə doğru yol alan avtomobil başqa istiqamətdə irəlilədi. Məlum oldu ki, cənab prezidentin iştirakı ilə İmişlidə "ASAN Həyat" kompleksinin açılışı mərasimi baş tutacaq.
Sonradan öyrəndik ki, dövlət başçısı mərkəzi işə saldıqdan sonra kompleksə daxil olan "ASAN Peşə" ilə tanış olub. Bu layihə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi daşıyır. "ASAN Peşə" Mərkəzi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunub.
Yəqinki gələcək zamanlarda İmişlidə yerləşən "ASAN Peşə" mərkəzinə də müxtəlif turlar təşkil olunacaq.
Bu səfərin adı isə Mingəçevir "ASAN Peşə" mərkəzidir...
Azərbaycanda əmək qabiliyyətli yaş dövrünə qədəm qoyan nəslin əmək karyerasının təmin edilməsində peşə təhsili mühüm əhəmiyyətə malikdir. Bu gün ölkəmizdə Azərbaycanda əhalinin, xüsusən böyüməkdə olan nəslin ixtisas qazanması üçün müasir iqtisadi inkişafın tələblərinə cavab verən peşə təhsili şəbəkələri fəaliyyət göstərir. Bütün bunlar peşə təhsilinə dövlətin göstərdiyi diqqət və qayğının nəticəsidir.
Xəzərdən Kür çayının sahillərinə doğru uzun və maraqlı yoldan sonra media nümayəndələrini Mingəçevir "ASAN Peşə" Təhsil Mərkəzində qarşıladılar.
Burada "Azərbaycan peşə təhsili: islahatlar və perspektivlər" mövzusunda seminar keçirildi.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili "Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və perspektivlər" mövzusunda təqdimatla çıxış edərək peşə təhsili sahəsinə göstərilən dövlət qayğısı, bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışdı.Amil Əlili "ASAN Peşə" Təhsil Mərkəzinin istifadəyə verilməsinin bu qayğının bariz nümunəsi olduğunu,peşə təhsilinin əmək bazarı ilə ən sıx münasibətdə olan təhsil növü kimi ölkənin sosial-iqtisadi inkişafına təkan verdiyini vurğuladı.
Amil Əlili qeyd etdi ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində, o cümlədən peşə təhsilində müsbət dinamika müşahidə olunub. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin icrası, "Peşə təhsili haqqında" qanunun qəbulu bu sahənin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir.

Hazırda peşə təhsili sahəsində islahatların aparıldığını deyən Amil Əlili vurğuladı ki, ilkin rasionallaşdırma tədbirləri nəticəsində 83 peşə təhsili müəssisəsi yaradılıb, 60 peşə təhsili müəssisəsinin 2 minə yaxın müəllim və istehsalat təlimi ustasının diaqnostik qiymətləndirilməsi keçirilib. Diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.2018-ci ilin sonunadək bütün dövlət peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi başa çatdırılacaq.
Direktor əvəzi qeyd etdi ki, 2016-2017-ci tədris ilindən başlayaraq peşə təhsili müəssisələrinə sənəd qəbulu "ASAN Peşə" layihəsi çərçivəsində həyata keçirilir. Cari dərs ilində "ASAN Peşə" layihəsi bütün ölkəni əhatə edib, Bakı və regionlarda (Gəncə, Sumqayıt, Bərdə, Qəbələ, Sabirabad, Masallı) yerləşən "ASAN xidmət" mərkəzləri ilə yanaşı, Quba və Mingəçevir, Bakıda fəaliyyət göstərən iki "ASAN Kommunal" mərkəzləri də prosesə cəlb olunub.
A.Əlilinin sözlərinə görə, müasir dövrün tələblərinə uyğun olaraq peşə təhsilinin inkişafı üçün həm problemlər, həm də perspektiv yanaşmalar təcrübə əsasında artıq hədəf kimi götürülüb. Belə ki, peşə təhsilinin inkişaf etdirilməsinin strateji hədəfləri sırasına səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması; təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması; müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması; cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə-ixtisas və orta ixtisas təhsili standartlarının və kurikulumlarının hazırlanması; təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması və s. daxildir. O cümlədən, distant təhsil, istedadlı şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılması da bu sıradadır.

Peşə təhsil müəssisələri üzrə hazırda 23 minə qədər tələbə kontingentinin olduğunu deyən A.Əlili gənclərin 3-6 ay və bir illik təhsil əsasında oxuduqlarını bildirdi: "Bakıda fəaliyyət göstərən Step İT Akademiyasında yüksək bal toplayan gənclərimiz üçün şərait yaradılıb ki, onlar ödənişsiz təhsil almaq imkanı əldə edirlər. Artıq son illərdə hər il 30 gəncimiz bu akademiyaya qəbul olunur və peşə təhsili üzrə ixtisas alırlar. Həmin tələbələrin 50 faizi ali təhsillidir. Sevindirici haldır ki, onlar təhsil aldıqları müddətdə müxtəlif işəgötürənlər tərəfindən işə cəlb olunurlar". Eləcə də turizm sahəsi üzrə peşə təhsili almaq istəyənlərin arasında da ali təhsillilər çoxdur: "Turizmin inkişafını istəyiriksə, bu ilk növbədə xidmət sektorunun yaxşılaşdırılmasından asılıdır. Bunun üçün yaxşı turizm xidmət sektoru olmalıdır. Bu isə yalnız peşə təhsili mərkəzlərində mümkündür. Bu ildən etibarən bizdə texniki ixtisaslar üzrə kadr hazırlığı məsələsi gündəmdədir. Məsələn, avtomobil təmiri, elektrik, qaynaqçı ixtisasları üzrə ali təhsilli mütəxəssislər müraciət edirlər. Bu da əmək bazarının tələblərindən qaynaqlanır".
Seminardan sonra mərkəzin infrastrukturu və maddi texniki bazası ilə yaxından tanış olduq. Öyrəndik ki, cari tədris ilindən fəaliyyətə başlayan mərkəz 3 mərtəbədən ibarətdir və müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, ixtisas fənn kabinetləri, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Hazırda təhsil ocağında 5 ixtisas (elektrik, mexanik, santexnik, tikişçi və komputer operatoru) üzrə 100 tələbə təhsil alır. Sinif otaqlarına daxil olarkən buranın bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunduğunun şahidi olduq.
Tikiş avadanlıqları operatoru, tikişçi ixtisası üzrə qrupda tədris prosesini izlədik.
Amil Əlili çıxışında bildirmişdi ki, ali təhsilli mütəxəssislərin çoxu yenidən peşə təhsilinə üz tutaraq 1 illik təhsil üzrə oxumağa qərar verirlər:
"Son 3 ildə ali təhsili bitirib əmək bazarında özünə yer tapmayan kifayət qədər diplomlu insanları görürük. Onlar əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisas əldə etmək üçün müraciət edirlər. Bu da peşə təhsilinin bugünkü aktuallığını ortaya çıxarır". - Direktor əvəzinin şifahi olaraq dediyi bu sözlərin real olaraq şahidi olduq.
Ali təhsilli fizika müəllimi Xəyyam Əliyevin yenidən tələbə kimi peşə öyrənməyə gəlməsi bu sahənin cəmiyyət üçün nə qədər əhəmiyyətli olmasından xəbər verirdi. Xəyyam Əliyev bildirdi ki, orta məktəbdə müəllim işləyib, lakin peşə təhsilinin cəmiyyətdə mühüm rolunu anladığı üçün bu sahəni öyrənmək qərarına gəlib:
"Hesab edirəm ki, gələcəkdə təcrübəli elektrik kimi çalışa biləcəyəm. Bu peşəni mənimsəməkdə ali məktəbdə öyrəndiyim tədris də köməyimə gəlir. Mən gənclərə daha çox peşə təhsilinə üz tutmağı tövsiyə edirəm. Müasir dünyanın tələbləri sırasında peşə təhsili mühüm yer tutur".
Daha sonra "Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru" ixtisası üzrə təhsilalanların istehsalat təcrübəsi prosesi ilə yaxından tanış olmaq üçün Akkord-Mingəçevir Maşınqayırma Zavoduna səfər edildi. Burada istehsalat təcrübəsi zamanı tələbələr iş prosesini yaxından izləmək, istismarda olan hər bir qurğunu, avadanlığı, texnoloji prosesləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini öyrənmək və peşəkar mütəxəssislərlə birgə işləmək imkanı qazanıblar.
Yekun olaraq peşə təhsilində inkişaf və müasir tələblərə uzlaşma səfərin mahiyyətini gətirdi...
Nigar Orucova