Ədliyyə Nazirliyində “açıq qapı” günü keçirilib
24 Oktyabr 2018 14:59 SosialOktyabrın 23-də Ədliyyə Nazirliyinin elektron sistemlərinin, informasiya resurslarının və ədliyyə sahəsində əhaliyə göstərilən elektron xidmətlərin təqdimatına həsr olunmuş "açıq qapı" günü keçirilib. "Oilaylar"ın xəbərinə görə, tədbirdə bildirilib ki, Azərbaycan ədliyyəsi ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq islahatlar aparılmaqla təkmilləşir və müasirləşir, ədliyyə orqanlarının fəaliyyətində şəffaflığın artırılması, açıq hökumət prinsiplərinin təşviqi, vətəndaş məmnunluğunun yüksəldilməsi, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Həmçinin ədliyyə sahəsindəki yeniliklərdən bəhs olunaraq nazirlik tərəfindən aparılan 14 informasiya sistemi və onların funksiyaları, 22 dövlət orqanının 30-dan çox informasiya resursu ilə inteqrasiyası, ədliyyə fəaliyyəti ilə bağlı əhaliyə göstərilən 31 elektron xidmətdən istifadələrin sayının ötən dövrdə 11 milyonu ötməsi barədə məlumat verilib. Tədbir iştirakçıları vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün əlverişli mühitin yaradılması, ictimai iştirakçılığın genişləndirilməsi, qeyri-hökumət təşkilatlarının "Fərdi elektron pəncərə" elektron məlumat sistemi və bu sahədə tətbiq olunan yeniliklərlə tanış olublar. Vətəndaş cəmiyyətinin nümayəndələri ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirləri yaxından izlədiklərini, tətbiq olunan elektron və informasiya sistemlərinin, e-xidmətlərin ədliyyə qurumlarına əlçatanlığın asanlaşmasına, həmçinin digər dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin səmərililiyinə xidmət etdiyini vurğulayıblar.