“Təklif etmişəm ki, “dini xurafat” anlayışı da ora daxil edilsin” - Əflatun Amaşov
24 Oktyabr 2018 14:19 SosialBu gün Azərbaycan İlahiyyat İnstitutunda tədbir keçirilib
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyətinin ilkin nəticələri ilə bağlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri, mətbuat orqanlarının rəhbərləri iştirak ediblər.
Öncə institutun rektoru Ceyhun Məmmədov çıxış edərək, Aİİ-nin təsis edildiyi vaxtdan bu günə qədər olan fəaliyyəti, ilk tədris ilinə hazırlığı, reallaşdırdığı layihələr və gələcək perspektivləri barədə məlumat verib. Bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilmiş yeni ali təhsil müəssisəsidir. Aİİ 2018-2019-cu tədris ilində fəaliyyətinə İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə başlayıb. İnstitutda dünya standartlarına cavab verən yüksək təhsilin verilməsi üçün zəruri olan tələblər yerinə yetirilib.
Rektor onu da bildirib ki, hazırda təhsil mərkəzində 100-dən çox tələbə təhsil alır. Tələbələrə dərslər tam ödənişsiz qaydada həyata keçirilir. Eyni zamanda tələbələrin dərsliklərlə təmin olunması işi həyata keçirilir. Onların yemək və geyimlə təmini məsələsi də gündəlikdədir.
Tədbirdə çıxış edən millət vəkili Əflatun Amaşov deyib ki, parlamentdə dini radikalizmlə bağlı vətəndaş mövqeyini hər zaman ortaya qoyuruq. "Uşaqların zərərli informasiyalardan qorunması haqqında" qanun layihəsinə "dini xurafat" anlayışını da daxil etməyi təklif etmişəm. Orta məktəblərdə keçirilən həyat bilgisi fənnində din ilə bağlı müəyyən məlumatlar verilir. Ümumiyyətlə, dünya dinləri ilə bağlı geniş bilgilərə mailk olmalıyıq.
Tədbir çıxışlarla davam edib.