Yaltaqlıqla hörmət-ehtiramın fərqi nədir?
İnsanın öz şəxsi xeyri və ya birinin yanında öz qiymətini artırmaq üçün başqasının qabağında alçalaraq onun istədiyinə uyğun hərəkətlər etmək, riyakarcasına onu tərifləmək - yaltaqlıq hesab olunur. Yaltaqlıq - insanı alçaldan hərəkətdir.
23 Oktyabr 2018 14:12 Sosialİnsanın öz şəxsi xeyri və ya birinin yanında öz qiymətini artırmaq üçün başqasının qabağında alçalaraq onun istədiyinə uyğun hərəkətlər etmək, riyakarcasına onu tərifləmək - yaltaqlıq hesab olunur. Yaltaqlıq - insanı alçaldan hərəkətdir. Bizim izahlı lüğətdə göstərilən tərif, prinsip etibarı ilə insanlığın pislədiyi yaltaqlıq rəzilətlə çox hissədə uyğundur. Bəs biz ehtiramlı davranışla yaltaqlıq arasında fərqləndirici sərhədləri necə müəyyən rtmək olar? Xatırladaq ki, bəşəriyyət üçün bütün əxlaqi mövzular hər zaman aktualdır. Bu kimi əxlaqi keyfiyyətlərdən biri - insanın ətrafında olan digər insanlarla xoş, ehtiramlı davranış və bunun əksi, əxlaqi rəzilətlərdən biri olan - yaltaqlıqdır. Tarixən bəşərin rast gəldiyi, nifrət olunası eybəcər xüsusiyyətlərdən biri - yaltaqlıqdır. Həm ağıl bu xüsusiyyəti pisləyir, həm də ümumiyyətlə insanın əqidəsinə uyğun deyil. Amma, bəzən bu sual meydana çıxır ki, ehtiramlı davranmaqla yaltaqlıq arasında nə fərqlər var? Biz gündəlik həyatda, müxtəlif vəziyyətlərdə ehtiramlı davranışla yaltaqlığa uyğun davranışı ayıra bilirikmi?
Vəkil Rövşən Qasımov qeyd edib ki, əslində insan özü yaxşı hiss edir ki, nə vaxt necə rəftar qurur: "Müxtəlif hallara, nümunələrə diqqət etməklə, bizlər yaltaqlıqla ehtiramlı davranış arasında sərhədləri zahirən görə bilərik. Misal üçün, bir insandır, onun evinə qonaq gəlib. Həmin kəs ədəb göstərir, qonağa ehtiram edir, qarşılamağa çıxır, qapını açır, xoş gəldin deyir, qonağa yer göstərir, lazımi şəkildə xidmətində durur və s. Bunlar hamısı insanlığın bəyəndiyi məsələlərdir. Ehtiram göstərmək, ədəb göstərmək dinimizdə çox bəyənilən məsələdir. Bundan başqa, insanların nəqliyyata minən zaman bir-birlərinə ehtiram göstərməsi, nəqliyyatdan düşən zaman bir-birinə ehtiramlı davranması, növbədə olan zaman, iş yerində, müxtəlif istirahət yerlərində, digər ictimai situasiyalarda mədəni davranışı ancaq təqdir oluna bilər. O cümlədən də, ailənin öz içərisində valideyn və uşaqların, eləcə də kişinin xanımına münasibətdə, xanımın kişiyə münasibətdə ehtiramlı davranması dinimizdə yalnız təqdir edilir".
Bəs zahirən bu cür oxşar davranış nə zaman yaltaqlığa çevrilir? Nə zaman bu ehtiramlı görünən münasibət eybəcər hala düşmüş olur? Vəkil bildirib ki, ehtiramlı davranış bütün insanlara münasibətdə özünü göstərir. Yəni, ehtiramlı davranış bütün insanlara münasibətdə təqribi eyni müsbət bünövrə üzərində olur. Burada seçimlilik yoxdur. Əgər seçimli olarsa, əgər fərqlənərsə, bəzi halda ehtiramlı davranış meydana gələr, bəzi halda gəlməzsə, bu fərqlənmənin meyarı təqva yox, hansısa mənəvi kateqoriyalar yox, güc sahibi olmaq, maddi səbəblər olarsa, dünya ilə bağlı olarsa - bu zaman bu cür davranış ehtiramlı rəftar kateqoriyasından çıxar və yaltaqlıq hesab olunar: "Əgər insan ehtiramlı davranırsa - bütün insanlarla ehtiramlı davranır. İmkana, statusa, məqama, vəzifəyə görə fərq qoymadan bütün insanlarla ehtiramlı davranan insan, sözsüz ki, Allahın bəyəndiyi bir işi icra edir. Əgər biriləri ilə ehtiramla davranmırsa, buna görə də tutarlı səbəbi olmalıdır. Deməli, ehtiramlı davranış ümumidir. Amma bir insan fayda əldə etmək üçün, müəyyən bonuslar qazanmaq üçün ehtiram göstərirsə bu, yaltaqlıqdır. Ehtiramlı davranışda davranma gerçəkliyə uyğundur. Bir insanı layiq olduğundan artıq tərifləmək - yaltaqlıqdır. İnsanın layiq olduğundan aşağı dəyərləndirmək - ya sözün acizliyidir, ya da paxıllıqdır. Layiq olduğundan artıq - yaltaqlıqdır, layiq olduğundan aşağı isə ya söz acizliyi var, özünü ifadə edə bilmir, ya da ki, paxıldır".
Onun sözlərinə görə, ehtiramlı davranışın ikinci mühüm xüsusiyyəti budur ki, reallığı əks etdirir, gerçəkdir. Ehtiramlı davranış gerçəkliyə söykənir, şişirtmə deyil, mübaliğə deyil, nə varsa - odur. Amma, bunun əksində, yaltaqlıqda həddi aşma var, gerçəklikdən artıq bir adama ehtiram etmək, tərif demək var: "Ehtiramlı davranış hansısa maddi ehtiyacdan irəli gəlmir. Birinin qonağı gəlir durub qarşılayır, heç bir keçəcəyi olmur. Küçədə bir yaşlını görür, onun yüklərinə kömək edir, bununla heç bir keçəcəyi olmur. Tanıdığı adama da, tanımadığı adama da eynilə bu ehtiramı göstərir, hansısa maddi keçəcəyi olmur. Amma həyat yaltaq, ikiüzlü adamların bəzi hallarda müvəqqəti də olsa həqiqətən müvəffəqiyyətlər qazandığını göstərir. Lakin belə müvəffəqiyyətlər çox az davam edir. Çünki el arasında deyildiyi kimi, yaltaq, ikiüzlü adamlar hamını özlərindən razı salmağa çalışsalar da, əslində heç kimi özlərindən razı sala bilmirlər, bəzən hətta özlərinə qarşı açıqca nifrət doğururlar. Yaltaq və ikiüzlü adamlar həyatda xoşa gəlmək, vəzifəli şəxsin rəğbətini qazanmaq üçün çox manevr etməli, müxtəlif donlara girməli, bəzən də aşkar sürətdə alçaq vasitələrə əl atmalı olurlar ki, bu da öz növbəsində çoxlu hədər vaxt, enerji və əsəb itkisinə səbəb olur. Necə deyərlər bunun zərəri qazancından çox olur".
Vəkil qeyd edib ki, yaltaq və ikiüzlü adamlar bir qayda olaraq həmişə öz fikir və əqidələrini gizlətməli olurlar: "Əqidə və fikri daim gizlətmək cəhdi isə insanı psixi cəhətdən yorur, mübarizəni xaricə deyil, daxilə çevirir, həyatı maraqsız, üzücü, yorucu və mənasız edir. Belə adamlar bir qayda olaraq öz qüvvələrinə və imkanlarına deyil, başqasının mərhəmət və rəğbətinə güvənirlər. İnsan üçün ən vacib olan müstəqilliyi əllərindən alır, daxili səfərbərlikdən məhrum edir. Başqasının mərhəmət və rəğbəti isə heç vaxt insana etibarlı dayaq ola bilməz. Bütün bunlar göstərir ki, yaltaqlığı və ikiüzlülüyü fərasət, zirəklik kimi düşünmək son dərəcə yalnış və zərərlidir, insan şəxsiyyətini alçaltmaq deməkdir. Ömür boyu həyatla oynamaq, hətta özünə qarşı da səmimi olmamaq insan həyatını tam mənasız edir. Çünki, daim ikiüzlülük edən, həyatda həmişə artist kimi çıxış edib heç vaxt öz rolunu oynamayan, yad rolunda çıxış edən, həmişə səmimiyyətdən uzaq olan adam əslində öz ömrünü yaşamır, onun ömrü saxta olur. Nəzərə almaq lazımdır ki, ehtiramlı davranış içdən gəlir və səmimidir. Yaltaqlıq zahirdədir və yalançıdır, imitasiya xarakterlidir. Ehtiramlı davranışla yaltaqlığın digər mühüm fərqi budur ki, ehtiramlı davranış pozitiv yüklüdür və qurucudur. Yaltaqlıq dağıdıcıdır və qeyri-konstruktivdir. Ehtiramlı davranış fəzada mənəvi yükü artırar, yaltaqlıq isə fəzada mənəvi yükü aradan aparar, o mühitdə quruculuq aradan gedər. Ehtiramlı davranış mənəvi islahat üçün bir platforma yaradır. İnsan ehtiramlı davrananda onun mənəvi islahatı üçün bir tofiqat əmələ gəlir. Yaltaqlıq isə insanın mənəvi paklanmasına mane olur. Əksinə, bu şəxsin paklanmaq tofiqatı sıradan çıxır".
Zəka