“Bircə gün düşünsəm ki, Kəlbəcərə dönə bilməyəcəm, həmin gün ölərəm”
23 Oktyabr 2018 11:38 SosialƏlövsət Saldaş: Kəlbəcərə qayıtsaq, kül olmuş ocağımızın üstündə oturub yazacam"
"Şer ucuzlaşıb, sözün meydanı isə tozanaq olub"
Gözəl bir gün yaşadıq ömürdən... Unudulmaz, xoş, kövrək bir gün... Kəlbəcər boyda dərdi belinə şəlləyıb, Mərəzənin Təklə kəndinə pənah gətirən, dərdi boyda böyük dayımızı-elimizin, obamızın dəyərli İNSANını, Əlövsət Saldaşı ziyarət etdik... Dayımızın halal süfrəsində hər şey daddıq. O süfrədə həmçinin dərd vardı, kədər vardı, hüzn vardı, göz yaşı, titrəyən dodaqlar, qəlbləri göynədən xatirələr, sevinc, gülüş, təbəssüm, iztirab, vətən həsrəti, yurd həsrəti, insana "yaşamalısan" deyən ümid işığı və daha nələr, nələr... Hamısı qarışmışdı bir-birinə... Kimlər gəlmədi o məclisə... Məmməd Araz, Məmməd Aslan, Seyran Səxavət, Zəlimxan Yaqub, babamız-Əlövsət müəllimin atası, nənəmiz-Əlövsət müəllimin anası, o biri dayımız Əbülfət-Əlövsət müəllimin qardaşı, Çərəkdar kəndinin daşı, qayası, otu, alafı, ellikcə kənd camaatı."Tər-tər" çayı o süfrənin ortasından keçdi bu gün... Çıxdıq Laçın qayasına, endik dərəyə, bulaq suyu içdik... Qısa zaman kəsiyində bunları görmək hər adama nəsib olmur dostlar... İnanmırsız?Möcüzədi bəli. Möcüzələrə inanmırsınızsa, yolunuzu Təklə kəndindən salın dostlar.. Beləliklə tanınmış kəlbəcərli şair Əlövsət Saldaşla müsahibəni oxuculara təqdim edirik:
-Kəlbəcərdə doğulan Əlövsət, 26 ildir ki, Şamaxının Təklə kəndində məskunlaşan Əlövsətə hesabat veribmi ?
-Maraqlı sualdır. Əvvəlcə onu deyim ki, o, Əlövsətlə, bu Əlövsət qan qohumdurlar. Yadlaşa bilməzlər. Kəlbəcərdəki Əlövsət bir az dəli- dolu idi. Allah az da olsa yaraşıq, söz demək qabiliyyəti vermişdi. O, Əlövsət demək olar ki, hər gün məhəbbət, təbiət şeirləri yazardı. Tamam başqa qayğılarla yaşayırdı. Ömrü o qədər qaynar idi ki, başını qaşımağa belə vaxtı yox idi. Amma 26 ildir ki, Təklə kəndində qəriblik ömrü yaşayan Əlövsət 180 dərəcə demirəm, təxminən, 90 dərəcə dəyişmiş Əlövsətdir.
Yaşı, səbri, təmkini, ətrafı, qayğıları əvvəlki deyil. Ailənin də, ömrün də, yaradıcılığın da qayğıları tamam başqa istqamətə yönəlib.
Bu, Əlövsət , o, Əlövsət qarşısında böyük bir günah sahibidir. Bu Əlövsəti, o, Əlövsətə qaytarmaq lazımdır. Qayıda bilməsə çox ağrılı bir sonluq olacaq və yarımçıq öləcək hər ikisi.
Bəzən deyirlər ki, Vətənin o başı, bu başı olmur. Düz demirlər. Necə olmur? Bəs niyə oranın adı Kəlbəcərdi, buranın adı Şamaxıdır. Hərəsinin öz iqlimi, öz təbiəti, öz yolu, öz insanları, çayları, bulaqları, bitkiləri var. Evin içinin o baş, bu başı var. Kəndin o başı , bu başı var. Buna görə insan o baş, bu başın içində özünə yer axtarır, rahatlıq axtarır. Şamaxıdakı Əlövsət qəribdir. Amma Amerikadakı şamaxılı qərib deyil. O, nə vaxt istəsə, özünün imkanı olmasa da, ətrafdakıların köməyi ilə gələr, bir dəfə bu torpağı ziyarət edər, qayıdar. Ancaq hal -hazırkı şəraitlə Əlövsət heç cür gedib Kəlbəcəri görə bilmir. Deməli, Əlövsətdən böyük qərib yoxdu.
Yetimlik ağır bir dərddir. Bu ata , ana itkisi ilə bağlıdır. Əsas bu səbəblərə görə insanlara yetim deyirlər və bu bioloji sonluğu hamı yaşayacaq. Ancaq belə insanlara , yetim demirəm mən. Yetim torpaq, yurd itirən adamlardır. Qanında millətinin qanı qaynayan adamlar yurd itirsələr, əbədi yetimdirlər. Məzarı da, ruhu da yetimdir.
-Niyə Saldaş təxəllüsü ?
-Saldaş, ana dilimiz olan Türk dilində işlənən bütöv daş , böyük daş , həm də, zədəsiz daş mənasını daşıyır. Onu paçalamaq asan deyil. Yekəxanalıq olmasın. Dünyanın ən gözəl vaxtında da mən ağrılarla yaşayırdım. Elə bil başımıza gələcək bu fəlakətlər haqqında mənə nəsə deyirdilər. O vaxtdan yazdığım şerlərin içindən ağrı çıxırdı. Bir köhnə dəftər gətirmişdim Kəlbəcərdən. O qədər vərəqlənmişdi, əldən -ələ keçmişdi ki, yazıları oxunmaz hala düşmüşdü. Kəlbəcərdən gətirdiyim yeganə əşya o olub. Dəftərin arxasına bir şey yazmışdım : "Qayıtdım geriyə baxdım, yaşadığım ağrılara , çəkdiyim iztirablara, ürəyimin yükünə layiq olacaq bir təxəllüs axtardım və tapdım. Daş dözümü olmadan , bunları daşımaq mümkün deyil. Saldaş oradan yarandı".
Kəlbəcərə gedənlər bilirlər. Üzü yuxarı Tərtər çayı boyunca qalxanda Çərəkdar kəndi ilə, Dağlıpəyə, Vəng kəndlərinin arasında Laçın qayası deyilən nəhəng bir təbiət abidəsi var. Kəlbəcərə gələn geoloqlar, xarici turistlər etiraf edirdilər ki, dünyanın heç bir yerində bu nəhənglikdə qaya, daş yoxdu. Ətəyi düz Tərtər çayının ayagında idi. Təxəllüsümün rəmzi tərfinin biri də budur.
-Söhbət əsnasında dedniz ki, cavan vaxtlarınızda ədəbi mühit sizi qəbul etmədi...
-Bilirsiniz, elə indi də heç kimə birdən -birə qapıları açıb, rahatlıqla buyur, ədəbi mühitə keç demirlər. Bəlkə də yazılarımın ardınca bir az davamlı getsəydim qəbul edərdilər. Keçmişdə də eyni vəziyyət idi. Müqayisəsi böyük çıxmasın Füzuli, Nizami, Xəqani üçün də belə olub. Düzdür, mən onların bir zərrəsi deyiləm, ancaq ədəbi mühitdə özünü təsdiq etməlisən . Heç vaxt deməmişəm ki, əvvəllər yazdıqlarımın hamısı ədəbi nümunələr idi və onu mütləq qəbul etməliydilər. Amma nəfəsim var idi. Bunu bilirəm. Qaçqınlıq, köçkünlük, ruh düşkünlüyü, yaşayış çətinlikləri bir az məni yaradıcılıqdan kənara çəkilməyə məcbur elədi və ciddi yaradıcılıqla məşğul ola bilmədim. Ona görə də heç bir yerə müraciət eləmədim. Ancaq bir şey var. Böyük elita qəbul etməsə də, Xalq qəbul elədi. Kəlbəcərdən başlayaraq günü bu günə kimi mənim yazılarımın daşıyıcısı xalqdır. Məndən xəbərsiz şerlərimi yayırlar. Xalqın içindən çıxan adamam. Buna görə xalqımın o sadə nümayəndələrinə həmişə minnətdaram. Böyük, peşəkar ədəbiyyata həmişə həsədlə baxmışam. Sevdiyim şairlər olub. Klassikamızı sevirəm, XX əsrin böyük şairlərini sevirəm. Günümüzdə yazıb, yaradan şairlərlə yaradıcılıq əlaqələrim var. Sağ olsunlar, indi qəbul edirlər.
-Ədəbi mühitdə daha çox kimlərlə dostluq edirsiniz ?
-Rəhmətlik Məmməd Aslan ailəmizin bir üzvü idi. Elə həm də əmim düşürdü. Atamgillə onlar qardaş kimi idilər. Məni respublika mətbuatına Məmməd Aslan təqdim edib. Kəlbəcərdə rəhmətlik Əli Qurbanov var idi. 1980-ci ildə şerlərimi. "Yenilik" qəzetində o vermişdi. Sonra Məmməd əmi məni Məmməd Arazla tanış elədi. Musa Yaqubla tanış oldum. Kitab verdim, kitabını aldım. Çox sevdiyim şairdi. Allah rəhmət eləsin! Zəlimxan Yaqubla dost oldum. Adil Cəmil yerlimizdi, dostumuzdu. Yaxından münasibətimiz olmasa da, uzaqdan -uzağa ədəbi mühitdə bir -birimzi tanıyırıq. Rüstəm Behrudi, Yusif Hüseynlə böyük qardaşım kimi, ta Kəlbəcərdən başlayaraq əlaqələrimiz var. İstedadlı şair Xəqani Həbiboğlu ilə, Saday Şəkərli ilə münasibət qurmuşam.
-Məmməd Arazla təmasda olmusunuzmu?
-Bəli, olmuşam. Hüzurunda, əlim əsə-əsə, dilim topuq vura- vura şer oxumuşam. O vaxtı "Azərbaycan təbiəti" jurnalının baş redaktoru idi. Məmməd əmi ( Məmməd Aslan- Red) jurnalın məsul katibi işləyirdi. Bir dəfə Bakıda olanda Məmməd əmiyə zəng elədim. Dedi:" ə, hardasan, dur gəl, bura. Səninlə işim var". Məmməd əminin otağı muzey idi. Taleyinin ziddiyəti ilə, yaşadığı ömrün məşəqqəti , insanlığı, ziyalılığı ilə tamam fərqli bir insan idi Məmməd əmi . Qeyri-adi əl qabilyyəti var idi. Təbiətdən tapdığı ağac qırıntıları, kötükləri ilə rəsm əsərləri yaradırdı. Adam baxanda heyrətə gəlirdi. Görüşəndən sonra soruşdu ki, nə edirsən, yazıb edirsənmi? Utana -utana dedim:- bəli. Bir -iki şer oxudum qayıtdı ki, təbin var, ağlın olsa yaxşı şair olacaqsan. Sonra dedi:"Məmməd Arazı görmək istəyirsən ?"-dedim, bəli. Görüşdük. Xəstə vaxtları idi Məmməd Arazın. Xeyir-dua verdi və dedi: "Məmməd, Əlövsətin yazılarını al ver nəşriyyata , qoy kitab çıxartsınlar".
-Deyirlər, şairlər anadan elə şair doğulur. Anadan şair doğulan Əlövsətin ilk şeri hansı olub ?
-Düzü, ilk şerimi xatırlamıram. Onu təxminən 14-15 yaşım olanda yazmışdım. Biz o vaxtı toyda, mağarda rəhmətlik Sücaətin, Əli (Əli Qurbanov-Red) müəllimin dediklərindən öyrənərdik şerləri. Yəni, harasa yazıb, əzbərləmirdik. Aşıqlar oxuyanda qulaq asıb, yaddaşımızda saxlayardıq. Allah rəhmət eləsin böyük qardaşım Əbülfət Sarıoğlu respublikada tanınmış şairlərdən biri idi. Həm ağsaqqalım idi, həm də atamdan sonra üstümdə onun əlini hiss edirdim. Əbülfət şerlər yazırdı və mən o şerləri gizlin oxuyurdum. Özüm isə yazmırdım. 1974-cü ildə 10-cu sinfi bitirəndə ona həsr elədiyim bir bənzətmə yazsam da, o ciddi yaradıcılıq nümunəsi hesab oluna bilməz. Ciddi şerlərə tələbəlik illərində başlamışam. 1974-1976-cı illərdə yazdıqlarımın hamısı ailəmizin ən müqəddəs varlıqları ilə bərabər Kəlbəcərdə qaldı. Üç böyük poema, təxminən üç kitablıq gənclik illərində yazdığım şerlər, xatirələrim, böyük bir kitabxanam hamısı işğal olundu. Bir hissəsini təxminən, 30-40 şeri tapıb toplaya bildim. Çap olunan kitbalarımda olan şerlərin hamısı burada yazılıb.
-Bir az əvvəl dedniz ki, qabaqlar ədəbi mühit hər yazanı qəbul etməzdi. Ancaq indi fərqli bir mühit var. İnternet, sosial şəbəkələr, saytlar. Hər gələn də yazır. Şer ucuzlaşmayıb ki?
-Ucuzlaşıb! Elə qələm sahibi var ki, bir gündə beş dənə şer yazır. Dəvə 7 ildən bir doğur, amma dəvə balası doğur. Mən təbin o qədər qaynarlığını qəbul eləmirəm. Bir gündə iki şer yazdığım olub. Ancaq bu halı ciddi yaradıcılıq prosesi hesab etmirəm. Heç şermizin zirvələri- Məhəmməd Füzuli, Səməd Vurğun, Məmməd Araz da bu işi görməyib. Təbin qaynar olsun, amma sözü bişirəndən, yaşayandan, bir qəşəng məhsul əldə edəndən sonra ortaya qoymaq lazımdır. Söz yazmaq xatirinə, şer yazmaq olmaz. Şer ucuzlaşıb, sözün meydanı isə tozanaq olub. Ariflər üçün çox asandı şeri, söz yığınından ayırd etmək . Baxan kimi birinci sətrindən bilirlər ki, bu şerdi , yoxsa söz yığını və onu oxumur, vaxt da sərf eləmirlər. Amma elə şerlər də var ki, birinci sətrindən ox kimi sancılır adama. Deyir, dayan, vərəqi çevirmə, oxu məni, sonra.
-Bəzən ilham pərisi şairdən küsür. Bəs sizin, heç şerdən küsdüyünüz vaxt olubmu?
-Olub. Bəzən şer yazdığıma görə özümə nifrət eləmişəm.
-Niyə?
-Demişəm ki, bu söz oyundur. İnsanları istədiyi məqsədə aparıb çatdıra bilmirsə, nə qədər ocağı söndürüb, külü ilə oynayan kimi, sözlə oynamaq olar. Bəzən aylarla, bəzən bir il qələmə yaxın getməmişəm. Mövzu gəldikcə qaçmışam. Amma sonra görmüşəm ki, mümkün deyil. Yenidən qələmin, sözün yanına qayıdaraq, özümü qınamışam. Son 3-4 ay ərzində şer havası yaşasam da, yazmamışdım. Bir müddət əvvəl heç özümdən də asılı olmayaraq "Başın sağ olsun" şerini yazdım. Qaça bilmədim ilham pərisindən. Heç vaxt söz axıb gəlməsə əlimə qələm almaram. Şerlərimin əksəriyyətini yollarda yazmışam. İndi də mükəmməl bir yazı masam yoxdur. Yollarda , dərsin içində, bağda gəzdiyim yerdə başımda yazıb, hazır edərdim, ondan sonra itməmək üçün oturub bir dəftərə köçürərdim şerləri.
- Yeni yazdığınız "Başın sağ olsun" şerinin üstə gəlmək istəyirəm. Əlövsətin, Kəlbəcərə qayıtmaq ümidi nə qədərdir? Yoxsa ümidi kəsib elə "Kəlbəcər başın sağ olsun"- demisiniz ?
-Yox, o şerdə mən iki başlı danışmışam. Demişəm ki, Əlövsət başın sağ olmasın, üzün ağ olmasın ! Əgər bircə gün düşünsəm ki, Kəlbəcərə dönə bilməyəcəm, həmin gün ölərəm. Onsuz da ürəyim salamat deyil. Böyüklü- kiçikli 150-yə yaxın kəndi var idi Kəlbəcərin. Hamısını görməmişəm, amma çoxunda olmuşam. Sizi inandırım ki, o keçdiyim yerlərin ,qayası, cığırı, kolu, daşı, kəsəyi hamısı gözümün qabağındadır. Amma bir dərdim var. Bu sadaladıqlarımı ürəyimdə o qədər canlı yaşadıram ki, bəlkə ondandır Kəlbəcər yuxuma az -az gəlir. Çoxu yalandan deyir ki, mən hər gün yuxuda görürəm. Yalan deməyim, az -az görürəm, amma mümkəmməl görürəm o yuxuları.
-60 yaşın üstündəki Əlövsət , illər əvvəlki balaca Əlövsətdən ötrü darıxırmı?
-O qədər... bir uşaqlıq şəkilim belə qalmayıb...( kövrəlir-Red).
-Elə bir mövzu olubmu ki, yazmaq istəyəsiniz, amma yazmayasınız?
-Çox olub. Mövzu tapmışam ,ancaq hansısa bir qayğı, ani bir zəng, gözlənilməz bir səfər imkan verməyib yazmağa. İlham pərisi deyirdin hə, onun qədər qaçaq, onun qədər etibarsız , onun qədər həssas biri yoxdu. Gözəllərin ən etibarsızı ilham pərisidir. Bəzənir, düzənir, nə qədər gözəllik var hamısını yığıb gəlir. Elə ki, diqqətin bir qədər yayındı, baxırsan, yoxdu, qaçıb. Birdə otur, gözlə ki, gələcək. Çox küskün bir şeydi. Qismət olsa yazacam. Bilirsən, nəyi yazacam? Kəlbəcərə qayıtsaq, kül olmuş ocağımızın üstündə oturub yazacam ...( yenə kövrəlirik-Red.)
-Təklə kəndində Əlövsəti necə qəbul edirlər?
-Təklə kəndinin adamları məni çox böyük hörmətlə, öz ağsaqalları kimi qəbul edirlər. Neçə illərdir bu kənddə tikan üstündə oturmuş kimiydim. Elə yeri düşdükcə deyirdim ki, nəyimə lazımdır burada yaşamaq , çıxıb gedəcəm. Oğlumun ,qızımın evi Bakıdadır. Sonra gördüm ki, yox, alınmır. Atamı, anamı, bibimi burada dəfn eləmişəm. Onları qoyub, hara gedim ? Gedə biləcəyim tək yer Kəlbəcərdi, gedə bilməsəm, Təklə kəndi.
Süleyman