Qanunsuz işdən çıxarıldı, saxta əmək kitabçası verildi
Vətəndaş işdən çıxarılma barədə əmrin surətini və əmək kitabçasını ala bilmir Bakı şəhəri, Buzovna qəsəbəsi, E.Bünyadov küçəsi, ev 20 ünvanda yaşayan Əliyev Simran Hacıağa oğlu redaksiyamıza müraciət edərək qanunsuz işdən azad edildiyini bildirib.
22 Oktyabr 2018 15:04 SosialVətəndaş işdən çıxarılma barədə əmrin surətini və əmək kitabçasını ala bilmir
Bakı şəhəri, Buzovna qəsəbəsi, E.Bünyadov küçəsi, ev 20 ünvanda yaşayan Əliyev Simran Hacıağa oğlu redaksiyamıza müraciət edərək qanunsuz işdən azad edildiyini bildirib. Qeyd edib ki, 1994-cü ildən 1999-cu ilin aprel ayınadək qayda-qanun çərçivəsində Əzizbəyov rayonu (indiki Xəzər rayonu) mühafizə şəbəsində polis vəzifəsini yerinə yetirib. 1995-ci ilin sonunda polis mayoru Atakişi Cahanov Rayon Mühafizə Şöbəsinə rəis təyin olunub: "Həmin vaxt Mərdəkan qəsəbəsində BMİ-nin vəzifəli şəxsi üçün bağ evi tikilməsilə əlaqədar Atakişi Cahanov tərəfindən bəzi polis işçilərinin, həmçinin mənim hər gün bağ sahəsində polis forması altında fəhlə kimi işləməyimizə qərar verilmişdi. Cahanov dəfələrlə polis heyətini və məni məcburi əməyə cəlb edərək fəhlə kimi işlədib. Növbəti iş günü mən özümü yaxşı hiss etmədiyimdən tikinti işinə gedə bilməyəcəyimi bildirdim. Bundan sonra MŞ rəhbərliyi sənədlərimi əlimdən alaraq işdən azad olunmağım barədə şifahi qərar qəbul edib. O gündən sənədlərimi tapa bilməmişəm, polis sistemində işləməyim, iş stajı və əmək kitabçamı əldə edə bilməmişəm".
Pozulmuş əmək hüquqlarının bərpası məqsədilə S.Əliyev dəfələrlə Əzizbəyov rayon Mühafizə Şöbəsinə və Baş Mühafizə İdarəsinə getsə də onun işə buraxılmamağının səbəbləri bildirilməyib, hətta nə işdən çıxarılma barədə əmrin, nə də əmək kitabçasının surəti ona verilməyib. Bu səbəbə görə işdən çıxarılmağı və ya çıxarılmamağı barədə hər hansı bir konkret məlumat əldə edə bilməyib. Aidiyyatı üzrə yazdığı şikayət ərizələrinə verilmiş cavabların məzmunundan məlum olub ki, Baş Mühafizə İdarəsinin 30 aprel 1999-cu il tarixli şəxsi heyət üzrə 98 nömrəli əmri ilə "Daxili İşlər orqanlarında sıravi və rəis heyətinin xidmətdən xaric olunma qaydaları barədə Müvəqqəti Təlimatın 4-cü maddəsinin "d" bəndinə əsasən (attestasiya qaydasında) daxili işlər orqanlarında xidmətdən xaric olunub. Uzun müddət yazdığı şikayət ərizələrindən sonra DİN-in Baş Mühafizə İdarəsi tərəfindən onun poçt ünvanına 26 may 2015-ci il tarixli, 038-94737-3215 saylı məktub göndərilib və həmin məktubla ona bildirilib ki, daxili işlər orqanlarında polis nəfəri vəzifəsində xidmət etməyi barədə tərtib olunmuş "dublikat" əmək kitabçası ünvanına göndərilib, işdən xaric olunma barədə əmrin surətini almaq üçün isə DİN-in Baş Əməliyyat və Statistik-İnformasiya İdarəsinin Arxiv-Uçot İdarəsinə müraciət etməsi məqsədə müvafiq hesab edilib: "Göründüyü kimi cavab məktubundan da məlum olur ki, əmək kitabçası cavabdeh tərəfindən itirilib və bu səbəbdən də, həmin əmək kitabçası və işdən çıxarılma barədə əmrin surəti uzun illər ərzində mənə verilməyib. Uzun müddət yazdığım şikayət ərizələri əsasında əmək kitabçası bərpa edilərək "dublikat" çıxarılıb. Lakin əmək kitabçasının dublikatının tərtib etməsi barədə yazılanlar öz-özlüyündə qanunsuzdur. Belə ki, əsli olmayan əmək kitabçasının dublikatının hazırlanması nə dərəcədə mümkündür? Neçə illər DİN-in MBİ-sinə yazdığım müraciətlərə baxmayaraq mənə düzgünlüyünü və təsdiqini tapmayan əmək kitabçası təqdim edilib. Belə ki, əmək kitabçasının tərtibində yalnız guya işdən azad edilməyim barədə əmri və tarix göstərilib. Halbuki işlədiyim dövrdə xidməti vəzifələrini dəqiqliyi ilə yerinə yetirmişəm, heç bir qüsurlu hərəkətlərə yol verməmişəm və töhmət almamışam. Bu illərdə həmçinin BMİ-nin göstərdiyi kimi DİN-nin sistemində heç bir attestasiya keçirilməyib və bu barədə heç bir sərəncam olmayıb". Onun bildirdiyinə görə, 15 ildən artıqdır ki, işdən çıxarılan şəxs kimi onunla son haqq-hesab aparılmayıb, nə də işlədiyi müddətdə istifadə etmədiyi illər üçün məzuniyyət pulları verilməyib. Ona təqdim edilən əmək kitabçasının dublikatı isə heç bir möhür və ştampla təsdiqini tapmayıb. Elə bu səbəbdən də heç bir idarə və müəssisə onu rəsmi Əmək kitabçası kimi qəbul etmir. Yeri gəlmişkən qeyd edək ki, qanunsuz Əmək kitabçasının tərtibi onun Konstitusiyada nəzərdə tutulmuş əmək hüququnu məhdudlaşdırması ilə nəticələnib. Xəzər Rayon Mühafizə İdarəsindən ona ünvanlanan məktubda isə bildirilib ki, 1994-1999-cu illərin maliyyə sənədlərinin istifadə müddəti bitdiyi üçün məhv edilib. Məlumat üçün qeyd edək ki, S.Əliyev pozulmuş əmək hüqunun bərpası məqsədilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarına əsasən Əliyev Simran Hacıağa oğlunun 1994-cü il tarixdən 1999-cu ilədək hər il üçün istifadə etmədiyi məzuniyyət pullarını və 30 aprel 1999-cu il tarixindən iş üzrə qərar qüvvəyə minənədək son haqq-hesab pulunun ona ödənilməsi vəzifəsi DİN-in Baş Mühafizə İdarəsinə həvalə edilib. Lakin 15 dekabr 2017-ci ildə qəbul edilən qərar icra edilməmiş qalıb: "Çoxsaylı müraciətdən sonra BMİ-nin kadr şöbəsində işləyən polkovnik-leytenant Vəzir və Fərhad adlı şəxslər məni teleqramla çağıraraq qəbul ediblər. Qəbulda bildiriblər ki, sənədlərim araşdırılaraq tam qaydasında olduğu müəyyən edilib. Cahanovun niyə sənədləri qaytarmadığını bilmirik. Sən bizim polis əməkdaşı olaraq qalırsan. Bu hadisələr rəis müavini Sabir Quliyev işlədiyi müddətdə baş verib. Sabir Quliyevin bu şikayətlə nə göstəriş verəcəyini biz deyə bilmərik. Belə problem yaşamasında Cahanov Atakişi və Sabir Quliyev cavabdehdirlər. Onlar öz səlahiyyət və vəzifələrindən sui-istifadə edərək səni işdən uzaqlaşdırıblar. BMİ-nin rəisi Yaşar Əliyev icazə versə biz səni işlə təmin etməliyik. İşlədiyin illər ərzində heç bir nöqsanın da yoxdur". S.Əliyev bildirib ki, əmək kitabçasından əlavə olaraq BMİ-nin kadrlar şöbəsinin rəisi polis mayoru Y.Ağayev və Əzizbəyov RMŞ-nə A.Cahanov birlikdə diplomu da itiriblər: "15 ildən artıqdır ki, ailə başçısı kimi həm özüm, həm də ailə üzvlərim maddi və mənəvi mərhumiyyətlərə məruz qalmışıq. Bu qanunsuzluq ucbatından mənim AR Konstitusiyasında nəzərdə tutulmuş hüquqlarım pozulub. Mən onlardan həqiqi haqqımı tələb edirəm, başqa mən onlardan heç nə tələb etmirəm". Qeyd edək ki, S.Əliyev hüquqlarının bərpa olunması məqsədilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, daxili işlər naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralov və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib.
Alim