Kənd təsərrüfatı naziri Paris sərgisində iştirak edib
22 Oktyabr 2018 13:48 SosialAzərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov "Sial Paris" beynəlxalq ərzaq sərgisinin açılışında iştirak edib. "Olaylar" xəbər verir ki, nazir "Made in Azerbaijan" adlı vahid ölkə pavilyonu ilə sərgidə iştirak edən 23 şirkətin nümayəndələri ilə görüşüb, şirkətlərimizin stendlərinə baş çəkərək nümayiş olunan məhsullarla tanış olub. Sahibkarlar sərgilənən məhsullar haqqında ətraflı məlumat veriblər. Kənd təsərrüfatı naziri İnam Kərimov Fransaya səfəri çərçivəsində fransalı həmkarı Didye Giyom ilə görüşüb. "Sial Paris" beynəlxalq ərzaq sərgisi məkanında keçirilən görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub. Azərbaycan kənd təsərrüfatı naziri fransalı həmkarına ticarət əlaqələri və aqrar sahədə əməkdaşlığın perspektivləri, ölkəmizdən Fransaya ixrac olunan kənd təsərrüfatı məhsulları haqqında ətraflı məlumat verib. Kənd təsərrüfatı sahəsində memorandum və baytarlıq sahəsində protokol imzalandığını xatırladıb, aqrar sektorda müvafiq tədqiqatların aparılması, təcrübə mübadiləsi, innovativ texnologiyalardan istifadənin əhəmiyyətinə toxunub. Kənd təsərrüfat naziri İnam Kərimov fransalı həmkarını ölkəmizə səfərə dəvət edib.
Qeyd edək ki, Azərbaycanın Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Fransadakı səfirliyimizin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə şirkətlərimiz SİAL Paris beynəlxalq ərzaq sərgisinə qoşulublar. Sərgi çərçivəsində sahibkarlarımız yerli distribüterlərlə görüşəcək və ixrac məsələlərinə dair müzakirələr aparacaqlar.