“Bələdiyyələr və vətəndaş münasibəti” tədbiri keçirildi

Bakı şəhəri Pirallahı rayonu Pirallahı bələdiyyəsində "Demokratiya həftəsi" layihəsi çərçivəsində keçirilən silsilə tədbirlərin yekunu olaraq "Bələdiyyələr və vətəndaş münasibəti" başlığı altında tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə  iş şöbəsinin müdiri Hikmət Şikarov bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyətinin  bizim cəmiyyətimiz, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacib olduğunu qeyd etdi.  

Pirallahı bələdiyyəsinin sədri Əliyulla Əliyev öz çıxışında bələdiyyələrin yaranma tarixindən danışaraq qeyd etdi ki,  ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun fəaliyyəti dövründə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilmişdir.

Pirallahı bələdiyyəsinin ümumi şöbəsinin rəisi Aytən Əliyeva  Bələdiyyələr və vətəndaş münasibətləri, bələdiyyələrin fəaliyyətində sakinlərin rolu və hüquqlarından bəhs etdi. Bildirdi ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş demokratik inkişaf yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yerli idarəçilik sisteminin xalqın istəklərinə uyğun şəkildə təşkil olunmasında bələdiyyə və vətəndaş münasibətlərinin mühüm və səmərəli dövrü, fəal "faza"sı olan, demokratik təzahürləri daha əhatəli əks etdirən, ölkəmizdə əhali tərəfindən maraqla gözlənilən və artıq yaxşı ənənə halını almış "Yerli Demokratiya həftə"ləri xüsusi əhəmiyyət kəsb edir.

Pirallahı rayon MKTB-nın rəisi Manaf Manafov isə öz çıxışında rayon ərazisində aparılan abadlıq-təmizlik işlərində, sakinlərin mənzil-kommunal problemlərinin həllində bələdiyyələr və rəhbərlik etdiyi Birliyin əlaqəli işindən danışdı.

Rayon Ağsaqqallar  şurasının üzvü olan Süleyman Süleymanov öz çıxışında Pirallahı bələdiyyəsinin qəsəbədə gördüyü işləri yüksək qiymətləndirərək öz minnətdarlığını bildirdi.

Tədbirin sonunda "Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələr"inin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə bir qrup qəsəbə sakini bələdiyyənin Fəxri Fərmanı ilə təltif olundular.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31