“Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib

Oktyabrın 19-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi ilə "Şəhidlik mənəvi dəyər kimi" mövzusunda seminar-treninq keçirilib.  "OLAYLAR"-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, seminarı giriş sözü ilə açan Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi maarifləndirmə tədbirlərinin böyük əhəmiyyəti olduğunu qeyd edib və gələcəkdə də davamlı olmasının vacibliyini vurğulayıb.

Tədbirdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun atası Ağakərim İbrahimov şəhidlərə göstərilən hörmət və ehtirama görə Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib. Şəhid atası xüsusilə gənclər arasında bu kimi tədbirlərin keçirilməsinin faydalı olduğunu diqqətə çatdırıb.

Seminar-treninqdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Prezident cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu haqqında iştirakçıları məlumatlandırıb. İcraçı direktorun müavini Milli Qəhrəman, şəhid Mübariz İbrahimovun hər kəs üçün şəhidlik nümunəsi və fəxarət mənbəyi olduğunu bildirib. C.Əliyev qeyd edib ki, Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq ordumuzda mənəvi ruh yüksəkliyinin olduğuna bariz nümunədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31