Qəbiristanlıqlarda ayrıseçkilik
Millət olaraq gözqamaşdırıcı təmtərağı, dəbdəbəni, cah-cəlal, əzəməti sevirik. Dəbdəbəli həyat tərzi fikrimizin böyük bir qismini əsir alıb. Təmtəraqlı doğum günləri qeyd edir, təmtəraqlı bayramlar keçirir, təmtəraqlı toylar təşkil edib, təmtəraqlı yas mərasimləri düzənləyirik. Bu mərasimlərlə bağlı daşlaşmış adət-ənənələr mövcuddur.
19 Oktyabr 2018 13:58 SosialMillət olaraq gözqamaşdırıcı təmtərağı, dəbdəbəni, cah-cəlal, əzəməti sevirik. Dəbdəbəli həyat tərzi fikrimizin böyük bir qismini əsir alıb. Təmtəraqlı doğum günləri qeyd edir, təmtəraqlı bayramlar keçirir, təmtəraqlı toylar təşkil edib, təmtəraqlı yas mərasimləri düzənləyirik. Bu mərasimlərlə bağlı daşlaşmış adət-ənənələr mövcuddur.
Məsələn, insanlar mərhumlarının yas mərasimlərini təşkil etmək üçün böyük məbləğdə pul xərcləyir. Yas mərasiminin "hörmətə layiq keçirilməsi" üçün əhali bəzi hallarda borc alır və ya bankdan kredit götürür. Bəzən isə uzun illər həmin borcu ödəyə bilmirlər.
Mərasim zalları, ekonom-klass, yaxud VİP çadır kirayəsi, abidə ilə müqayisə edilə biləcək qəbir daşlarının hazırlanması, Ukrayna, Çin və digər ölkələrdən gətirilən qara mərmər daşı yas mərasimləri ətrafında dönən, geniş yayılmış biznesdir.
Bir neçə il əvvəl ehsan süfrəsində israfçılığın qarşısını almaq üçün dövlət hüzr mərasimlərində ehsan verilməsi qaydasını nəzarətə aldı və inzibati tədbirlərə də əl atdı. Bu tədbirlərdən sonra istər Bakı, istərsə də bölgələrimizdə yas qadağalarına əməl edilməyə başladı. Lakin hələ də, yas mərasimlərində fərqli təamların verilməsi halları qalır.
Xristian dövlətlərini çıxsaq, bu gün əhalisinin əksəriyyəti müsəlman olan ölkələrin hər birində yas mərasimləri İslami qaydalar əsas götürülməklə keçirilir. Belə ölkələrdə israfçılığa yol vermədən təziyə saxlanılır. Lakin təəssüflər olsun ki, ölkəmiz üçün eyni fikirləri səsləndirə bilmirik. Dəfələrlə yas mərasimləri ilə bağlı İslam alimləri, ictimai xadimlər, eləcə də Qafqaz Müsəlmanları İdarəsi fətva ilə çıxış edərək, israfdan uzaq, İslami qaydalar əsas götürülməklə məclislərinin keçirilməsini tövsiyə etsə də tam nəticə əldə olunmayıb.
Bu səbəbdəndir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Dini mərasimlər: tarix, ənənə və hüquq" mövzusunda keçirilən konfransda nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı hazırlanan yeni qanun layihəsinin qəbul edilməsindən sonra, kimliyindən asılı olmayaraq hər kəsin eyni səviyyədə və formada basdırılmasının təmin ediləcəyini söylədi. S.Novruzov qeyd edib ki, müasir dövrdə milli adət ənənələr qanunlarla tənzimlənməli və hər şey qəbul edilən qaydalar çərçivəsində olmalıdır.
Olaylar.az mövzu il bağlı sosioloqların fikirlərini öyrəndi:
Sosioloq Zəminə Səfərova nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı hazırlanan yeni qanun layihəsini dəstəklədiyini bildirdi. Ekspert qeyd etdi ki, məzarın ətrafında heykəl və abidələr ucaltmaqla rəhmətə gedən mərhumumuzu ucaltmış olmuruq:
"İslamda belə təmtaraqlı dəfn etmə mərasimləri qeyd olunmayıb. Ümumiyyətlə dinimizdə qəbirlərin üzərinə gümbəz, türbə kimi tikililərin ucaldılmasının caiz olmadığı qeyd edilir. Bahalı baş daşlarının hazırlanması, üzərinə mərhumu mədh edən yazıların yazılması İslami qaydlara görə qəbul olunmazdır. Qurani-Kərim israf xəstəliyi ilə əlaqədar möminləri xəbərdarlıq edir ki, "Yeyin, için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz."

Bütün qadağalara baxmayaraq, yenə də insanlar dəbədəbəli məzar daşları hazırlamaqla israfçılıq edirlər. Onlar sanki yaxın adamlarını itirdiyi zaman dəbdəbəli məzar daşları hazırlatmaqla özlərində təsəlli tapırlar. Yaxud da bəzi insanlar maddi vəziyyəti yaxşı olmamasına rəğmən "el qınağına" məruz qalmamaq üçün bahalı mərmər daşlarının hazırlanması üçün min cür əziyyətə qatlaşmalı olurlar. Ümidvaram ki, nümunəvi qəbirstanlıqların yaradılması ilə bağlı hazırlanan yeni qanun layihəsi həyata keçdiyi zaman insanlar da üzərlərində öhdəlik bildikləri bu çətinliklərdən yaxa qurtarmış olacaqlar".
Sosioloq son olaraq vurğuladı ki, qəbirstanlıqlarda daha bir problem məzar yerlərinin baha qiymətə satılması və bələdiyyələr tərəfindən burada təmizlik işlərinə ciddi riayət edilməməsidir. Nümunəvi qəbirstanlıqların yaradılması ilə bağlı hazırlanan yeni qanun layihəsi icra olunmağa başlayacağı zaman bu kimi problemlər də həll edilmiş olacaq".
Sosioloq Cavid İmamoğlu bildirdi ki, qəbir və məzar daşlarının dəb-dəbədən uzaq olması arzu olunan haldır:
"Ümumiyyətlə Azərbaycan toplumunda dəb-dəbəyə sevgi var. Şadlıq evindən tutmuş mərasim evinə qədər, doğuşdan tutmuş ölümə qədər, hər bir hadisəni, xeyir və ya hüzn olmağı fərq etməz, insanlar dəb-dəbə ilə etməyi sevir. Bəzən borc-xərc hesabına da olsa, ölüsünün yas məclisində yemək ehsan edir, məzarını bahalı daşlardan düzəltdirir. Ayrı-ayrılıqda bir çoxları bu hal ilə razı olmasa da, toplum halında sanki bu cür münasibət bir etiketə çevrilib".

O qeyd etdi ki, bu məsələlər bir nizama salınmalıdır, əks halda yaxın 10 illikdə Azərbaycanda qəbirstanlıq əlindən yer tapılmayacaq: "Qəbirlər mümkün qədər kiçik və səliqəli olmalıdır ki, məzarlıqlarda yer problemi yaşanmasın. Həmçinin dövlət imkansız vətəndaşlara dünyadan köçdükdən sonra məzar daşı ilə təmin edilməsini də layihəyə salmalıdılar ki, yoxsul vətəndaşlar əziyyət çəkməsin".
Sosioloq Əhməd Mənsurov bildirdi ki, cəmiyyətdə nümunəvi strukturların yaradılması olduqca mütərəqqi ideyadır:
"Bərabərliyin gözlənilməsi maddi və sosial vəziyyətindən asılı olmayaraq müxtəlif qrupların davranışına da müsbət təsir edəcək. Hazırda qəbiristanlıqlarla bağlı olan gizli rəqabət hissi insanların yaxınlarının itirdiyindən sonra onların qəbirüstünün necə formada olacağı ilə fikirləri ilə qayğılandırır. Bu baxımdan da bəzi şəxslər maddi dəyəri baha olsa da fərqli formada bunu edirlər. Nəticədə maddi imkanı aşağı olan şəxslər üçün bu fərqlilik mənfi təsir edə bilər. Cəmiyyət dərk etməlidir ki, insanlar əməlləri ilə daha çox yadda qalırlar nəinki qəbir üstü bəzəkləri ilə.

O qeyd etdi ki, insanlar hər yerdə bərabərdirlər qanun, dövlət, həmçinin din qarşısında:
"Burada həmçinin dini icmaların, müxtəlif konfessiyaların da dəstəyi və tövsiyə lazımdır. Maraqlı tərəfi budur ki, yalnız seçilmiş şəxsiyyətlərdən başqa bu cür yanaşmaları din də dəstəkləmir. Tarixən insanların dini inancları ilə əlaqədar bu məsələyə müxtəlif formalarda yanaşmalar olmuşdur Hazırda buraya sistemli yanaşma çox vacibdir. Dövlətin müdaxiləsi arzuolunandır. Bu cəmiyyətdə bir növ ayrıceçkiliyin qarşısını da alacaq və insanlar hər yerdə bərabər olacaqlarını bir daha düşünəcəklər".
Sosioloq Sahib Altay bildirdi ki, insanlar öz maddi zənginliyini ölülər üzərindən nümayiş etdirib, bununla fəxr edirlər:
"Bir insanın bir yaxını, doğması vəfat edir, o da həmin adamın qəbrinin üzərində böyük bir abidə ucaldıb, üzərinə də yazdırır ki, "filankəsdən xatirə". Niyə? Nə səbəbə? Sırf ətrafın diqqətini cəlb etmək üçün, özünü nümayiş etdirmək üçün, reklam üçün. İki gün əvvəl sosial mediada bir məqalə paylaşmışdım. Orada da qeyd etmişdim, biz ümumiyyətlə bütün mövzularda "olmaq"dan çox, "görünmək"i üstün tuturuq. Həm qəbiristanlıqda nizam-intizam olacaq, həm də ayrıseçkilik olmayacaq. Adam istər Bakıda, istərsə də rayonlardakı qəbiristanlığa girəndə oradakı ölülərə yazığı gəlir. Yazıqlar sağlıqlarında bir gün görməyiblər, orada da onların arasında ayrıseçkilik aparılır.

O qeyd etdi ki, xarici ölkələrdə bu məqama çox gözəl diqqət edilir:
"Türkiyədə bütün qəbiristanlıqlarda eyni dizayn, eyni forma və ölçüdə qəbirlər və başdaşı hazırlanır. Eləcə də Avropa ölkələrində və.s. Bir sözlə, bizim toplumsal düşüncəmiz, şöhrətpərəstlik hissimiz, aramızda olan ev, maşın yarışları, məzarlıqlarda ölülərimizin məzarlarında öz əksini tapır. Bu qanun lahiyəsini bir az da genişləndirib, bir çox yas və toy adətlərinin qadağasına da yönəltsələr daha yaxşı və əhəmiyyətli olar. Sivizilizasiyanın da, mədəniyyətin də, cəmiyyətin də, hər üçünün ortaq şərtlərindən biri də siyasətdir. Bir toplumu idarə edən sistem, o toplumun xeyrinə nə qədər maraqlı olsa, qarşıya qoyulan məqsədlər bir o qədər əhəmiyyətli olacaq".
Nigar Orucova