Lənkaranda tut bağında çılpaq ilbizlərlə sirayətlənmə aşkar olunub

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Lənkəran rayonunun İstisu qəsəbəsi ərazisində "Yaşıl Çay" MMC-yə məxsus 1,8 hektar tut bağında müşahidələr aparılıb. Nazirlikdən "Olaylar2a verillən məlumata görə, müşahidələr zamanı 1,5 hektar sahənin çılpaq ilbizlərlə sirayətləndiyi müəyyən olunub. Lənkəran rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə "Metaldehid" tərkibli preparatı ilə mübarizə tədbirlərinin aparılması tövsiyə olunub. Azərbaycanda çılpaq ilbizlər əsasən Lənkəran, Şəki-Zaqatala və Quba- Xacmaz bölgələrində geniş yayılıb. Bu zərərverici kənd təsərrüfatı bitkilərindən taxıl, bostan-tərəvəz, paxlalı, qismən texniki və meyvə bitkilərinə zərər vurur. İlbizlər növ tərkibindən asılı olaraq qış dövrünü sürfə, yetkin ilbiz və ya yumurta mərhələlərində keçirirlər. Onlar növ tərkibindən asılı olaraq ildə 1- 2 nəsil verirlər və 1 ildən 3 ilə qədər yaşayırlar. Yay və payız ayları yağmurlu keçdikdə ilbizlər daha da çoxalırlar. Kütləvi çoxalma illərində isə kənd təsərrüfatı bitkilərinə zərər verirlər. Əsasən bitki yarpaqlarının yumşaq hissəsini gəmirib yeyirlər. Dənli bitkilər öz inkişafının ilk dövründə ilbizlər tərəfindən daha çox zərər çəkir. İlbizlərin kartof yumrularına və bir sıra tərəvəz-bostan bitkilərinin barvermə orqanlarına zərər verdiyi müşahidə olunur.

Qeyd edək ki, çılpaq ilbizlər karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə aid olmadığından, bu orqanizmlərlə mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılmır. Buna görə də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti çılpaq ilbizlərlə mübarizə aparmaq üçün sahibkarlara və fermerlərə yalnız metodiki dəstək göstərir, mübarizə işləri isə hüquq və fiziki şəxslərin özləri tərəfindən aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31