Qəzəbli, hirsli, aqresiv insan heç vaxt arıçı ola bilməz

Arılar belə insanı tez duyur və ona qarşı təcavüzkar olurlar

Arılar belə insanı tez duyur və ona qarşı təcavüzkar olurlar

Azərbaycanın müxtəlif bölgələrində arıçılıqla məşğul olan təsərrüfat sahiblərinin iştirakı ilə təşkil edilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkası davam edir. Qeyd edək ki, sərgi-satış yarmarkası həm də arıçılıq sirlərinin öyrənilməsi, eləcə də  maraqlı məlumatlar baxımındən əhəmiyyət kəsb edir. Bakıda keçirilən Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı, Füzuli rayonundan olan arıçı Telman Musayev bildirib ki, 15 ildir ki, arıçılıqla məşğuldur:  "Doğulduğum Yuxarı Rəfədikli kəndi işğal altındadır. Hazırda 4 saylı "Qayıdış" qəsəbəsində yaşayıram. Ata-babalarımız daim arıçılıqla məşğul olub. Mən də uşaqlıqdan demək olar ki, ailəmizdə pətək görmüşəm. 2003-cü ildə yenidən ailəmizin ənənəsini bərpa etməyi, arıçılığı inkişaf etdirməyi bir məqsəd kimi qarşıma qoydum. Hazırda arıxanamda 40 arı ailəsi var. Bu sahəni daha da inkişaf etdirmək istəyirəm. Mən bəzi bal məhsulları haqqında öz fikrimi sizinlə bölüşmək istəyirəm. Balın qaymağı çox faydalı arı məhsuludur. Arılar yığdıqları nektarı altıbucaqlı mum yuvaya, yəni şana yığır, bala çevriləndən sonra şanını mumla suvayaraq üzərinə pərdə çəkir, bir növ "möhür vururlar. Bal qaymağı məhz pətəyin üstündəki "möhürdən", yəni suvaqdan hazırlanır. Müalicəvi əhəmiyyəti var. Nəfəs yollarını təmizləyir, asma xəstəliyinə, damaq xəstəliyinə qarşı, uşaqlarda vitamin çatışmazlığı zamanı istifadə olunur. 40 ari ailəsindən 9 litr bal qaymağı toplamışam. Bal qaymağı ona görə qiymətlidir ki, "möhür" işini 4 günlük bal arıları həyata keçirir.  Bal qaymağını bir neçə dəqiqə çeynəyib udandan 2 saat sonra onun aktiv komponentləri qanda, limfada və hüceyrəarası mayedə aşkarlanır. Onun qəbulu orqanizmdə maddələr mübadiləsini sürətləndirir".Telman Musayev deyir ki, arı ailələrini Beyləqan rayonundakı meşələrə aparır: "Yay aylarında biz öz arı ailələrimizi Beyləqan rayonunun  meşələrinə, həmçinin sərhədyanı yaşıl zonalara aparırıq. Təmiz bal istehsal etmək üçün arının yaşadığı ərazidə nektar mənbəyi olmalıdır. Digər tərəfdən balın keyfiyyəti təbiətdən və hava şəraitindən də asılıdır. Balın ətri, rəngi və tərkibi arının yaşadığı ərazidən asılı olaraq dəyişə bilər. Çiçək nektarı olan bal daha zəngin olur. "Biyan balı", "Cökə balı" və sair təqdimatlar ancaq müştərini cəlb etmək üçündür".Telman Musayev hər bir işdə halallığın tərəfdarıdır: "Saxta bal olmur, saxta şirə olur. Arıçılıqla məşğul olan insan halal olmalıdır ki, alıçılar da aldığı baldan zövq alsınlar. Dünyadakı bütün xəstəliklərin  60 faizi bal ilə müalicə olunur. Propolis cövhəri qəbul edən insan heç zaman xərçəng xəstəliyinə tutulmaz. Bal haqqında bizim bölgədə deyirlər ki, balı qaydasında yeyərsən xeyir verər, isidib yeyərsən, ziyan olar. Balı günəş şüaları altında saxlamaq olmaz. Onu 14 dərəcə temperaturda saxlamaq daha məsləhətdir".

Göyçay rayon sakini Samir Muradov  arıçılıqla bir arı ailəsi ilə başlayıb. Artıq 15 ildir ki, bu sahədə çalışır: "Məqsədim  qədim Azərbaycan arıçılıq ənənələrini yaşatmaq və tam ekoloji təmiz bal istehsal etməkdir. Bu gün yarmarkaya 12 növ bal və arı məhsulları çıxarmışam. Bunlar çiçək tozu, güləm, vərəmum, vərəmum cövhəri, ölü arı, ölü arının cövhəri, süzmə bal, təbii, ekoloji təmiz, yəni arı toxuyan mum, balın qaymağı, çərçivə balı, may balı, kötük balı və s. bal məhsullarıdır. Mən bir qədər vərəmum sözü haqqında öz fikirlərimi sizinlə bölüşmək istərdim. Cənub bölgəsində bu arı məhsulu dərəmum adlanır. Mən dərəmum sözünün tərəfdarıyam. Çünki,  "dərə" qapı deməkdir, yəni qapının mumu anlayışını verir. Vərəmum xalq arasında vərəm xəstəliyinə kömək edən cövhər  kimi də tanınır. Samir Muradov qeyd edib ki, "Güləm min bir çiçəyin tozudur. Arılar onu öz ayağında gətirər və pətəklərdəki gözlüklərə doldurub üstünə bal töküb mumlayarlar. Qışda arılar mumu aşıb balını yeyirlər. Güləmi isə balla yoğurub balalarına yedizdirərlər. Güləm enerji mənbəyidir. Yüksək proteinli bal məhsuludur. Güləmin qidaya normal və dietik əlavə kimi tətbiq edilməsi öd ifrazını yaxşılaşdırır, mədə-bağırsağın iltihabını azaldır, yuxarı tənəffüs yollarının iltihabı, bronxit, bronxial astma və vərəm kimi xəstəliklərin profilaktikasında  vitamin preparatı kimi qəbul olunur.  Güləmi "arının çörəyi" də adlandırırlar. Göyçay balı qaratikana görə ən keyfiyyətli baldır". Onun sözlərinə görə, arıçılar təbiətsevər və səbirli olurlar: "Qəzəbli, hirsli, aqresiv insan heç vaxt arıçı ola bilməz. Arılar belə insanı tez duyur və ona qarşı təcavüzkar olurlar. Ona görə də arı ilə səbirli işləməlisən". Samir Muradov qədim arıçılıq ənənələrini yaşatmağın vacibliyini vurğulayıb: "Mən Azərbaycanda arıçılığın qədim ənənələrini , yəni arı ailələrini kötükdə,  səbətdə və qayalar arsında saxlamaqla inkişaf etdirmək istəyirəm. Yaşayış məntəqələrində arı saxlamağın tərəfdarı deyiləm. Arılar kötük və səbətdə özlərini doğma evlərindəki kimi  hiss edirlər. Buna görə də genetik və irsi olaraq beçəvermə zamanı meşədəki kötüklərin arasında yuva salmağa üstünlük verirlər. Məhz belə bir qədim Azərbaycan ənənənisini  biz də onlar üçün yenidən yaşatmaq istəyirik".

Goranboy rayonunun Ağamalıoğlu kəndindən olan arıçı, Bakıda keçirilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı Şahrubə Kərimova deyib ki, uşaqlıqdan, gözünü açandan dədə-babalarının arıçılıqla məşğul olduğunu görüb: "Ulu babalarımız belə bu sahə ilə məşğul olub. Hazırda 220-dən artıq arı ailəmiz var. Biz əsasən Qabaqtəpə arı cinslərini bəsləyirik. Bir pətəkdə 100 mindən artıq arı olanda o güclü "qoşun" sayılır. Rayon ərazisində biz əvvvəlcədən bilirik, hansı ərazilərə köç edək. Samuxun Kürboyu meşə ətrafı  arılarımızın saxlanması üçün ən əlverişli bir ərazidir". Maraqlıdır, bəs arı sede necə alınır?

Şahrubə Kərimova arı südü haqqında bildiklərini, öz təcrübəsini bölüşüb: "Çərçivədəki şanı 5 sm ara verməklə kəsirik. Həmin kəsilmiş şandan   xətt boyu arılar orada ana üskükləri hazırlayırlar. Həmin üsküklərə süd yığırlar. 4 gündən sonra südü yığmasan, arılar 7 gündən sonra  həmin üskükləri möhürləyirlər. Beçəni  yumurtadan təzə çıxmış arılardan ayırmalısan. Arı südünün istehsalı zəhmətlidir. Bir həftəlik gənc arılar tərəfindən istehsal olunur. Arı südünü arılar çənələrindəki vəzilər vasitəsi ilə ifraz edirlər. Xərçəng xəstəliyi ilə mübarizədə bütün dünyada geniş olaraq istifadə edilir, mikrobları məhv etdiyi kimi onların əmələ gəlməsinə də mane olur. Sonsuzluq problemində uşaq sahibi olmağı asanlaşdırır. Arı südü damar tıxanıqlığını aradan qaldıraraq qan axınını yaxşılaşdırır. Şəkər xəstələrinə arı südü verildikdən sonra bu xəstələrdə yaxşılaşma müşahidə olunur. Arı südü astma, bronxit və nəfəs darlığı çəkən xəstələr üçün də müalicəvidir və ağciyəri təmizləyərək bəlğəmi azaldır. Bundan başqa arı südü uşaqların zehni və fiziki inkişafını sürətləndirərək əzələ və sümük inkişafını kömək edir". Onun sözlərinə görə,

arı göz götürmür. Balı süzəndə gərək qonum -qonşuya da pay vərəsən. Bal olan evdə xəstəlik olmaz. Təmiz bal insan təzyiqini tənzimləyir: "Yay aylarında arı ailələrini saxlamaq üçün elə ərazi seçməlisən ki, arı 2 km qədər məsafəni qət etsin. Yəni çiçəklər yaxın məsafədə olsun. Arıların pətəyə girib rəqs etməsi digər arılara dəqiqliklə nektar olan sahənin hansı məsafədə olması xəbərini  verməsi deməkdir. Arı gətirdiyi hər çiçəyin balını ayrı-ayrı üsküklərə toplayır. Buna görə də üskükləri kəsəndə balın ayrı-ayrı rəngdə olması nəzərə çarpır. Gənc arıçılara tövsiyə edərdim ki, qara şanlı çərçivələri ləğv etsinlər, çünki belə şanlara arı yumurtlamır. Arı həmişə təzə şan axtarır. Ümumiyyətlə, pətəkdə qapağın altına yayda və qışda da döşəkçə qoymaq lazımdır. Döşəkçənin pambıq olması daha məqsədəuyğundur. İkianalı arı ailələrini ilk dəfə qayınatam arıçı-alim Kərim Kərimov təkmilləşdirdiyi yerli Qabaqtəpə arı növündə tətbiq edib. Ondan sonra dünyanın bir çox yerlərində ikianalı ailələrə keçid edənlər olub. Arıçı-alim Kərim Kərimovun 57 il öncə tətbiq etdiyi üsulu daha da təkmilləşdirərək məhsuldarlığı 3-4 dəfə artırmağı düşünürük".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31