Vaşinqtonda Azərbaycanın Dövlət Müstəqilliyi bayramı

Vaşinqtonda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə Azərbaycan icmasının iştirakı ilə bayram tədbiri keçirilmişdir. Ölkəmizin ABŞ-dakı Səfirliyinin dəstəyilə ABŞ-Azərbaycan Ticarət Palatasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilmiş tədbirdə Azərbaycan icması ilə yanaşı, Vaşinqtonda yerləşən akademik qurumların və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişdir.

Səfirlikdən Olaylar.az-a verilən məlumata əsasən, tədbirin açılışında Vaşinqtondakı Azərbaycan məktəbinin şagirdləri bütün iştirakçılarla bərabər Azərbaycan Dövlət Himnini ifa etmişdir. Daha sonra ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru v.i.e. Natiq Baxışov qonaqları salamlayaraq hamını dövlət müstəqilliyimiz günü münasibətilə təbrik etmiş və çıxış üçün sözü Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanova vermişdir. Səfir çıxışında Azərbaycanın dövlət müstəqilliyinin hər bir soydaşımız üçün qürur mənbəyi olduğunu, ölkəmizin son 27 ildə böyük inkişaf yolu keçdiyini, Ümummilli lider Heydər Əliyev və hazırkı ölkə rəhbərliyinin yürütdüyü ardıcıl siyasət nəticəsində dövlətçiliyimizin möhkəmləndiyini və nüfuzunun dünya miqyasında artdığını söyləmişdir. Yaşadığı məkandan asılı olmayaraq hər bir Azərbaycanlının ölkəmizin inkişafı üçün çalışdığını, milli amallar naminə bu səylərin daha da artırılmalı olduğunu qeyd edən səfir ABŞ-dakı Azərbaycan icmasını təbrik edərək icma quruculuğu işinə fəal töhfə verənlərə xüsusi təşəkkür etmişdir.

Daha sonra bayram tədbirində Vaşinqtondakı Azərbaycan Məktəbinin şagirdləri tərəfindən şerlər oxunmuş, milli rəqslər göstərilmiş və pianoda musiqilər səsləndirilmişdir. Bayramın yekununda qonaqlara milli mətbəximizin ləziz yemək və şirniyyat nümunələrindən ibarət ziyafət verilmişdir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü ilə əlaqədar bir neçə ABŞ Konqresinin üzvü də Azərbaycan tərəfinə təbrik ünvanlamışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31