“On beş illik prezidentlik dövrünün şərəfli salnaməsi” mövzusunda dəyirmi masa
19 Oktyabr 2018 11:55 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakı Dövlət Sosial-İqtisad Kollecində "On beş illik prezidentlik dövrünün şərəfli salnaməsi" mövzusunda tədbir keçirilib və Prezident İlham Əliyevin 2003-2018-ci illərdə dövlət başçısı kimi fəaliyyətini əks etdirən film-slayd nümayiş etdirilib.
Tədbirdə kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucovun "Vətənə, xalqa həsr edilən fəaliyyətin mənzərəsi" və Bilik Fondunun sektor müdiri Hacı Abdullanın "Prezident İlham Əliyevin humanitar siyasəti" mövzusunda çıxışları dinlənilib.
Qeyd olunub ki, cəmi 15 il ərzində cəmiyyətin ictimai-siyasi sferasını dəyişdirən azsaylı ölkələr kateqoriyasına Azərbaycan da aiddir. Çünki son 15 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, fərmanlar, təsdiqlədiyi dövlət proqramları Azərbaycanı dünyanın demokratik və siyasi baxımdan yetkin dövlətinə çevirib. Eyni zamanda, transmilli layihələrin reallaşdırılması və ölkə daxilində sosial dövlət quruculuğu istiqamətində mühüm addımların atılması Azərbaycanın dinamik inkişafını təmin edib.
Müzakirələrdə kollecin müəllim və tələbələri fəal iştirak ediblər.