"Təhsil işçilərinin əlavə təhsilinin təşkilində yeniliklər" mövzusunda seminar keçirildi

Azərbaycan-Fransız Universitetində (UFAC) "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın 5 ili çərçivəsində media nümayəndələri üçün "Təhsil işçilərinin əlavə təhsilinin təşkilində yeniliklər" mövzusunda seminar keçirilib.

Azərbaycan-Fransız Universitetində (UFAC) "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın 5 ili çərçivəsində media nümayəndələri üçün "Təhsil işçilərinin əlavə təhsilinin təşkilində yeniliklər" mövzusunda seminar keçirilib.

Olaylar.az xəbər verir ki, seminarda Təhsil Nazirliyinin, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və jurnalistlər iştirak ediblər.

Tədbirdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu "Təhsil işçilərinin əlavə təhsilinin təşkilində yeniliklər" mövzusunda təqdimatla çıxış edib. Direktor bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin əhatəliliyinin artması və davamlı xarakter alması isə təhsilin daha əlçatan, keyfiyyətli olmasına zəmin yaradır.

İnstitut direktoru qeyd edib ki, strategiya müəllim hazırlığının təkmilləşdirilməsində və müəllim peşəsinin ictimai nüfuzunun artırılmasında da xüsusi önəm daşıyır: "Təsadüfi deyil ki, 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 50 minə yaxın namizəd iştirak edib, 5000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə edilib. Ali məktəblərə sonuncu qəbul imtahanında isə 500 və daha artıq bal toplayan abituriyentlər arasında 2090 nəfər müəllim peşəsini seçib".

Vəfa Yaqublu təqdimatda təhsil sistemində keyfiyyəti yüksəltmək və müəllimlərin peşəkar inkişafına dəstək olmaq məqsədilə həyata keçirilən tədbirlər, ixtisasartırma təlimlərinin ehtiyaclara uyğunluğu, əhatə etdiyi fənn sahələri və yeni ixtisasartırma proqramları barədə məlumat verilib. Direktor bildirib ki, 2018-ci ildə 2 şəhər və 32 rayonda fənlərin məzmunu üzrə 12 050 müəllimə ixtisasartırma təlimi keçirilib. Ümumilikdə isə 2015-2018-ci illərdə 29 mindən çox müəllim ixtisasartırma təlimlərinə cəlb olunub.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Nəzakət Mehdiyeva çıxışında bildirib ki, müəllimlər yeniliklərin tətbiqi yollarını səmərəli bilmədikləri üçün onu müvafiq şəkildə həyata keçirmirlər:

"Belə olan halda müəllimlərin ixtisasartırmasına ehtiyac yaranır. Dövlət hesabına 2015-2018-ci illərdə ixtisasartırma təlimləri aparılır".

O qeyd edib ki, məktəb direktorları üçün də ixtisasartırma proqramları hazırlanaraq sınaqdan keçirilir:

"Proqram üzərində müəyyən düzəlişlər edildikdən sonra geniş şəkildə tətbiqinə başlanacaq. Əlavə təhsil onun bir qolu olan ixtisasartırma təhsili ali və digər təhsil müəssisələri tərəfindən həyata keçirilir. İstənilən əlavə təhsil və ixtisasartırma proqramı aktual məsələyə sərf olunmalıdır. Bu təlimlər minimum 36 akademik saatı əhatə etməlidir".

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Namiq Nağıyev çıxışında qeyd edib ki, bu ilin 9 ayı ərzində 6074 müəllim yekun qiymətləndirmə imtahanlarında iştirak edib. Cari ilin sonunadək daha 25 182 nəfər müəllimin qiymətləndirilməsi planlaşdırılır.

Seminarın sonunda təqdim olunan mövzu üzrə müzakirələr aparılıb və KİV nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul olunmasının 5 illiyi münasibətilə media nümayəndələri üçün növbəti seminar Mingəçevirdəki "ASAN Peşə" Təhsil Mərkəzində olacaq.

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31