Bakı və Abşeronda ictimai nəqliyyat xaosundan necə qurtulaq
16 Oktyabr 2018 11:09 SosialBu sahənin özəl sektora həvalə edilməsi də ümidləri doğrultmadı; ekspertlər bu işə bələdiyyələrin cəlb olunmasını məqsədəuyğun sayır
Son vaxtlar ölkə mətbuatında ictimai nəqliyyat vasitələri, xüsusən də sərnişin avtobusları ilə bağlı çoxsaylı şikayətlər dərc olunur.
Xüsusən də marşrut avtobusu sürücülərinin məsuliyyətsizliyi, yol hərəkəti qaydalarına əməl etməməsi bədbəxt hadisələrlə nəticələnir. Mütəxəssislər isə bildirirlər ki, paytaxt Bakıda sərnişindaşımada istifadə olunan avtobusların standartlara cavab verməməsi də qəzaları yaradan əsas səbəblərdəndir. 160 saylı marşrut avtobusunun bir həftə ərzində iki dəfə qəzaya uğraması bir daha göstərdi ki, bu sahə nəzarətsiz qalıb. Birinci qəzada 28 nəfər yaralandı, 2 nəfər isə öldü. Digər qəzada isə 3 nəfər ağır xəsarət aldı.
Prezident İlham Əliyev də Nazirlər Kabinetinin bu ilin 9 ayının yekunlarına həsr olunan iclasında son vaxtlar baş verən avtobus qəzalarına da toxunaraq vəziyyətin nəzarətə alınması ilə bağlı tapşırıq verib. Ölkə başçısı sərnişin avtobuslarında çalışan sürücülərin sağlamlıq vəziyyətinə, həmçinin avtobusların texniki parametrlərinə ciddi nəzarət edilməli olduğuna və bununla bağlı aidiyyəti qurumların geniş təftiş aparmalı olduğuna diqqət çəkib.
Sitat: "... Avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir. Avtobusların texniki parametrləri ilə bağlı çox ciddi təftiş aparılmalıdır. Mən bir daha demək istəyirəm, əfsuslar olsun ki, özəl sektor bu sahədə istədiyimizə nail ola bilmədi. Bu sahə, ümumiyyətlə, özəl sektorun ixtiyarına buraxılmışdı. Belə bir fikir var idi ki, onlar bunu yaxşı idarə edəcəklər, məsuliyyətlə. Amma biz nəyi görürük? Gedirlər sıradan çıxmış, sınıq- salxaq avtobusları gətirib salırlar bizim küçələrimizə. Həm insanlar, həm hava üçün təhlükədir, həm də ümumiyyətlə, heç bir normaya sığmır".
Dövlət başçısı sərnişindaşımada iştirak edən şirkətlərə dövlət tərəfindən ciddi nəzarət ediləcəyini vurğuladı: "Özəl sektorun bu sahədə heç də uğur qazanmadığı göz qabağındadır. Bakıda fəaliyyət göstərən maşrut avtobuslarının böyük bir qismi standartlara cavab vermir. Əsasən də Bakıətrafı kənd və qəsəbələrə işləyən sərnişin avtobuslarının acınacaqlı durumdadır. Buna baxmayaraq həmin marşrut xəttinə məsul şəxslər bunları görməzdən gəlirlər. Ona görə bizim dövlət qurumumuz var - "Bakubus" şirkəti. Onların xətti ilə biz bu işi davam etdirməliyik. Əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində çox ciddi dəyişiklik etməlidirlər və dövlət orqanları onlara çox ciddi nəzarət etməlidir".

Nəqiyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov mövzu ilə bağlı "Yeni Müsavat"a açıqlamasında bildirib ki, sərnişindaşımada olan problemləri mərhələli şəkildə həll etmək lazımdır: "Hazırda Bakı şəhərində 2100 avtobus istifadə olunur. Lakin gördüyünüz kimi, çatışmazlıq yaranır. Səhər və axşam saatlarında sıxlıq olur. Bəzi yerlərdə vətəndaşlar bundan gileylənirlər. "Bakubus"un hazırda 360 marşrut avtobusu var. Əlavə olaraq 300 avtobus gətirilsə belə, tələbatın çox az hissəsini ödəyə bilər. Mən düşünürəm ki, beynəlxalq normativləri götürsək, ümumilikdə Bakıya 3 min avtobus lazımdır. Çətin ki, qısa müddətdə dövlət tərəfindən bu qədər avtobus alınsın. Ona görə də köhnə avtobuslar bir müddət istismarda qalacaq".
Ekspert bildirdi ki, yeni avtobusların alınması üçün sahibkarlara müəyyən güzəştlər edilməlidir: "Birincisi, həmin sahibkarların mülkiyyəti əlindən alına bilməz. Düşünürəm ki, onlara müxtəlif vasitələrlə təsir etmək lazımdır. Həm həvəsləndirmə, həm də inzibati üsullarla... Onlarda yeni avtobuslar gətirməyə maraq yaradılmalıdır. Bunun üçün də güzəştli kreditlər vermək, müəyyən vergi güzəştləri tətbiq etmək olar. Bu cür yollarla problemi aradan qaldırmaq mümkündür, amma təbii ki, hamısını da yox. Özəl sektoru sıxışdırıb çıxarmaq mümkün deyil".
Bir qisim ekspertlər isə hesab edirlər ki, ictimai nəqliyyatdakı problemləri həll etmək üçün Türkiyə modelindən yararlanmaq da doğru variant olar. Belə ki, Türkiyədə ictimai nəqliyyat vasitələrinin bir çoxu bələdiyyələrin nəzdindədir. Bu, həm bələdiyyələrin özünü maliyyələşdirməsinə, həm də ictimai nəqliyyat sektorunda nəzarətin güclənməsinə səbəb ola bilər.