Şəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
15 Oktyabr 2018 11:49 SosialŞəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, müxtəlif dövlət qurumlarının nümayəndələri, şəhər rəhbərliyi, ölkəmizin şimal-qərb bölgəsinə daxil olan Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının fəal gəncləri iştirak ediblər.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək, Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində reallaşan zona toplantısının əlamətdar bir zamanda - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 iliyinin böyük təntənə ilə qeyd edildiyi bir dövrdə keçirilməsinin rəmzi məna daşıdığını vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.
Zona toplantısında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi dövlətimizin başçısının tariximizə, zəngin dövlətçilik ənənələrimizə, milli-mədəni irsimizə olan hörmət və diqqətinin bariz nümunəsidir.
Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşmasının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayan nazir müavini Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, paytaxt və regionlarda yaşayan gənclərin fikirlərini öyrənmək, gənclər və dövlət qurumları arasında açıq ünsiyyət qurmaq üçün Ulu Öndərin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin ilk forumunun keçirilməsinin gənclər təşkilatlarının sonrakı fəaliyyətinə çox böyük təsir göstərdiyini bildirib.
Nazir müavini bildirib ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində gənclik mövzusu yenə də əsas prioritet istiqamətlərdən biri hesab olunur.
Toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov və başqaları çıxış edərək, ölkənin ictimai-siyasi həyatında gənclərin rolunu yüksək qiymətləndirib, Azərbaycan gənclərinin qazandıqları uğurlardan söhbət açıb, gəncləri daha fəal olmağa çağırıblar.
Sonda Azərbaycan Gəncləri VIII Forumuna seçilmiş nümayəndələrin siyahısı təsdiqlənib.