Mental dəyər və bizim gənclik...
Elçin Hüseynbəyli Mental dəyər və bizim gənclik...
15 Oktyabr 2018 11:40 SosialElçin Hüseynbəyli
Mental dəyər və bizim gənclik...
Demokratiyanın ən bəsit tezislərindən biri, gərək ki, belədir: "Birinin azadlığı başladığı yerdə o birinin azadlığı sona yetir". Bu tezisi tərsinə də demək olar. Amma mən bunu başqa cür başa düşürəm: azad insan başqasının azadlığına mane olmamalıdır.
Bunları niyə dedim? Bizim cavanlar bəzən elə başa düşürlər ki, parkda, küçədə tum çırtlayıb, yerə tüpürmək, siqaret fısqırdıb, sonra da hara gəldi tullamaq cəsarət nümunəsidir. Onlara yüngülcə irad bildirəndə isə qırt yatan toyuq kimi qanadlarını qabardırlar. "Xoruz kimi" demədim, ha, xətirlərinə dəyər.
Burası heç, necə deyərlər buna bir quş. Ehtiyac olsa, bu söhbətə bir də qayıdarıq.
Hamımız bir şeyi tez-tez təkrar eləməyi sevirik: bizim gözəl gəncliyimiz yetişir. Bu "gözəl" sözü altında, ağıllı, bacarıqlı, zəkalı və tərbiyəli gənclər yatır.
Bu belədir, dostlar, heç belə olmasa da, biz buna inanırıq, inanmağa da borcluyuq. Mənim bu cür gənclərimizə sözüm yoxdu. Mirzə Cəlil demiş, sözüm o kəslərədi ki... Çünki bu məsələdə məyusedici məqamlar yetərincədir.
Səhər və axşam parkda, küçədə gəzəndə bir şeyə təəccüblənirəm. Gənc oğlan və qızlar "sürü" halında gəzişirlər, söyüşürlər, döyüşürlər, sanki ətrafın onlara dəxli yoxdu və onlar azərbaycan dilni bilmirlər. Halbuki yoldan ötən xanım onun anası da ola bilər, bacısı da, sevgilisi də...
Çoxlarımız fikirləşirik ki, bizim bəzi qızlar niyə əcnəbiyə ərə getməyə üstünlük verirlər. Elələri var ki, bunu pulla bağlayır, elələri də var, əxlaqsızlıqla. Bax burda dayanaq. Çünki vacibdən də vacib məsələdi. İş burasındadır ki, Azərbaycanda ictimai və mental qınaq çox güclüdür və mən bunu nə təqdir, nə də inkar edirəm, sadəcə bu məsələyə mühafizəkar yanaşıram: hər xalqın öz mentaliteti var və biz ondan imtina eləməli deyilik.
Amma...Amması budur ki, dostlar, istisnalar da ola bilər. Çünki gənclərimizin bəziləri xanımlara, hətta uşaqlarının gələcək anası olan sevgililərinə, nişanlılarına yuxarıdan aşağı baxırlar, bəzən isə kobud və təhqiramiz davranırlar. Əslində bu yazını yazmağa da bu yaxınlarda rast gəldiyim bir epizod təkan verdi.
Metroda (elektriçkada) gedirəm. Bir oğlanla qız da metroya minir. Adamların basabasında qız oğlandan aralı düşür. Oğlan onun arxasınca gedib, basabasdan onu qorumaq əvəzinə, ədalı şəkildə, qapıya söykənir və qıza hökmlə işarə edir ki, gəlib onun yanında dursun. Qız ətrafa baxır və iki şeydən utanır: birincisi, bu qədər adamı necə yarıb keçsin və nişanlısına (sevgilisinə) çatsın; ikincisi, hamı onlara baxır və oğlanın bu ədasını başa düşmür. Baxıram ki, qız oğlandan qorxur. Görünür, oğlanın əli onun əlinə dəyib. Qız od və su arasındadır. Oğlanın yanına getməsə, oğlan yaxın stansiyalardan birində düşüb gedəcək və qız tək qalacaq. Bəlkə hələ oğlan onu birdəfəlik atacaq. Nişanlıdırlarsa, lap pis. Ətrafa, qohum-əqrəbaya nə cavab versin. Halbuki, mən qəti əminəm ki, o oğlan o qıza yaraşmır və ağıllı adam həmin oğalana könül verməz, veribsə də onu geri alar...Qızsa tərəddüd edir...
Düzü, bu epizodu da təsdüfın xatırlamadım. Çünki milli mentalitetə tapınan bədbəxt xanımlarımız çoxdu.
Bax belə, dostlar, Allah qızlarımızı bu cür nadan gənclərdən qorusun!