“Babək rayonu 40: Tarixi və sosial iqtisadi inkişafı” mövzusunda “İnteraktiv açıq dərs” keçirilib

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs "Babək rayonu 40: Tarixi və sosial iqtisadi inkişafı" mövzusuna həsr olunub.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun apardığı dərsdə bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri cənab Vasif Talıbov 16 fevral 2018-ci ildə "Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında" Sərəncam imzalayıb.

Şagirdlərin diqqətinə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası tərkibində ayrıca inzibati ərazi olan Babək rayonu Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və qərarı ilə 23 oktyabr 1978-ci ildə yaradılıb. Rayona Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə Babəkin adının verilməsi dahi öndər Heydər Əliyevin tarixi keçmişimizə diqqət və qayğısının parlaq təzahürü, daim azərbaycançılıq mövqeyində dayanması, milli yaddaşın bərpası istiqamətində həyata keçirdiyi tədbirlərdən biri idi.

Asəf Orucov bildirib ki, rayonun ərazisi 828,42 kvadrat kilometr, əhalisi 75 min, 291 (2018 1-avqust) nəfərdir. Mərkəzi Babək qəsəbəsi olan inzibati rayonun tərkibinə Babək qəsəbəsi ilə yanaşı, 35 kənd yaşayış məntəqəsi daxildir. Faydalı qazıntılarla daş duzla, tikinti materiallarla zəngin olan Babək rayonunda Sirab, Vayxır, Qahab və digər mineral su mənbələri var. Rayonun əsas çayları Araz, Naxçıvan çayı və onun qolu Cəhri çayıdır. Rayonda Araz qovşağının su anbarı, həmçinin Uzunoba, Nehrəm, Sirab, Cəhri, Qahab su anbarları və suvarma kanalları var.

Vurğulanıb ki, Babək rayonunun ərazisi tarixi arxeoloji abidələrlə zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaradıb. Dünya əhəmiyyətli abidələr olan I və II Kültəpə, eyni zamanda Nəhəcir, Meydantəpə, İşıqlar və digər yaşayış yerlərində, o cümlədən nekropollardan aşkar olunan maddi-mədəniyyət nümunələri təsdiq edir ki, Babək rayonu ərazisi qədim və orta əsrlər zamanı Naxçıvan bölgəsinin inkişaf etmiş mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bölgə ərazisindən qədim zamanlardan bəri keçən və qonşu ölkələrlə mədəni-iqtisadi əlaqələrin yaranıb inkişaf etməsində xüsusi rol oynayan ticarət-karvan yolları da bu inkişafı şərtləndirən əsas amillərdən biri olub. Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev tərəfindən 2013-cü ildən rayon ərazisində yerləşən I Kültəpə və onun ətrafında olan Uzunoba, Uçanağıl, Şorsu, Yeni yol yaşayış yerlərində aparılan tədqiqatların nəticəsi göstərir ki, Neolit və Eneolit abidələri yalnız Azərbaycan arxeologiyası üçün deyil, həmçinin bütövlükdə Cənubi Qafqaz və Yaxın Şərq arxeologiyası üçün mühüm əhəmiyyətə malikdir.

Dərsdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə rayon ərazisində həyata keçirilən tədbirlərdən də söz açılıb. Bildirilib ki, rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülüb. Əksər kəndlərdə kompleks quruculuq işləri həyata keçirilib.

Diqqətə çatdırılıb ki, rayonda 36 ümumtəhsil məktəb, 5 məktəbdənkənar, bir məktəbəqədər tərbiyə müəssisəsi, 71 mədəniyyət mərkəzi, 2 muzey, 5 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, doğum evi, 2 sahə xəstəxanası, 13 həkim ambulatoriyası, 14 feldşer-mama məntəqəsi, 4 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və digər təşkilatlar fəaliyyət göstərir. Rayonun mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb. Babəkin heykəli, Şəhidlərin abidə kompleksi, Nehrəmdə şəhidlər abidə kompleksi, Çeşməbasarda Şəhid bulağı, Tumbulda Böyük Vətən müharibəsi iştirakçılarının xatirə abidəsi ucaldılıb.

Qeyd olunub ki, ötən müddət ərzində, xüsusilə son 22 ildə böyük bir inkişaf yolu keçən, yüksək səviyyədə formalaşaraq ölkənin qabaqcıl rayonlarından birinə çevrilən Babək rayonu bu gün yeni inkişaf mərhələsinə qədəm qoymaqla özünün coşqun inkişaf və tərəqqi dövrünü yaşayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31