Dövlət komissiyasındakı fizik kimdir?

Nazim Məmmədov yaponlarla birlikdə gördüyü elmi işlərə görə də tanınır

İyulun 4-də ölkə başçısı İlham Əliyev Mingəçevirdə baş verən qəza ilə bağlı müşavirə çağırdı. Müşavirədə güc strukturlarının və qurumların rəhbərləri ilə bərabər, Fizika İnstitutunun direktoru Nazim Məmmədov da iştirak edirdi. Nazim Məmmədov müşavirədə hələ ki baş verən hadisəyə qiymət vermək istəmədiyini bildirdi.

"Yeni Müsavat" Fizika İnstitutunun direktoru Nazim Məmmədov elmi fəaliyyəti ilə bağlı bəzi məlumatlar əldə edib. Öncə Nazim Məmmədovun həyatına qısa nəzər salaq.

Nazim Məmmədov 1953-cü ilin 5 noyabrında Bakı şəhərində anadan olub. O, 1975-ci ildə Moskva Polad və Xəlitələr İnstitutunu yarımkeçiricilər və dielektriklər ixtisası üzrə bitirib. İnstitutu bitirdikdən sonra əsasən keçmiş SSRİ məkanında yerləşmiş, Fizika İnstitutu (Bakı), A.F. İoffe adına Fizika Texnika İnstitutu (Sankt-Peterburq) və SSRİ EA Sibir filialının Qeyri-üzvi Kimya İnstitutlarında (Novosibirsk) işləyib. Nazim Məmmədov 1981-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. O, 2013-cü ildə fizika elmi sahəsindəki nailiyyətlərinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub. 2014-cü il iyulun 1-də Nazim Məmmədov AMEA-nın müxbir üzvü seçilib. 2015-ci il aprelin 30-da Nazim Məmmədov AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi vəzifəsin icra edib. Mayın 2-si 2017-ci ildə o, Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi seçilib.

Məmmədov keçmiş SSRİ-də ilk dəfə, təcrübi və nəzəri olaraq işıq şüalanmasına bərk cismin elektron sisteminin dielektrik cavabının öyrənilməsinə spektroellipsometrik yanaşmanı tətbiq edib. Bildirilir ki, onun tərəfindən alınan parlaq nəticələr klassika hesab olunur, spektroellipsometriya isə yüksək dünya reytinqli universitetlərin baza və icbari metodikaları sırasına daxil edilir.

Bu cür fundamental metodikalar sırasına həmçinin Nüvə Maqnit Rezonansı (NMR) daxildir. Haqqında yazılan məlumatlara görə, aşağıölçülü bərk cismin nüvə altsisteminin radiotezlikli şüalanmaya reaksiyası elmi fəaliyyətinin birinci mərhələsində N.T. Məmmədovun pioner tədqiqatlarının digər bir sahəsi idi. Onun tərəfindən nüvə spinlərinin mübadilə qarşılıqlı təsirinə və kvadrupol effektlərə aid NMR spektrlərində alınmış nəticələr, həqiqətən, aşağıölçülü yarımkeçiricilərin fiziki xassələrinin anlaşılmasına yeni bir səhifə açdı və sonralar xarici tədqiqatçıların işlərində özünün parlaq təsdiqini tapdı.

Nazim Məmmədovun yapon dilini mükəmməl bilməsi də söylənilir. Belə ki, o, 1994-cü ildə, Naqaoka Texnoloji Universitetinə professor kimi dəvət almış, 1997-ci ildə isə Yapon Elmi İrəlilətmə Cəmiyyətinin (Japan Society for the Promotion of Science) professor qrantına layiq görülüb.

O, 1998-ci ildə Osaka Universitetinin Fizika və Elektronika fakültəsində professor vəzifəsində çalışıb və 2005-ci ilə qədər orada dərs deyib. 2005-ci ilin yanvarında Nazim Məmmədov Fizika İnstitutunda (Bakı) Azərbaycan-Yaponiya birgə layihəsi əsasında yeni Ellipsometriya laboratoriyasi təşkil edib və onun rəhbəri olub.

fəlsəfə doktoru Etibar Əliyev ile ilgili görsel sonucu

"Yeni Müsavat"a danışan fəlsəfə doktoru Etibar Əliyev isə bildirib ki, əslində Azərbaycanda yüksək bilikli fizikin olduğunu söyləmək doğru deyil:

"Güclü fizik Qərb ölkələrində, Amerikadadır ki, onlar böyük tədqiqat institutlarında işləyirlər. Fizika İnstitutu isə dünyanın tədqiqat institutlarının içərisində bəlkə də heç 10 mininci yerdə də deyil. Fizika İnstitutunun dünyanın tədqiqat institutları ilə rəqabətə girməsi üçün böyük maddi texniki bazası olmalıdır. Vaxtilə Fizika İnstitutu ona görə gündəmdə idi ki, SSRİ-də selen və bir sıra yarımkeçiricilərlə bağlı olan tədqiqatların bir hissəsini onlar aparırdı.  Bizdə fiziklər içərisində Nazim Məmmədovun hansı yerdə olduğunu da söyləmək çətindir. Düşünürəm ki, hadisə elektriklə bağlı olduğu üçün Nazim Məmmədov Fizika İnstitutunun rəhbəri kimi həmin müşavirəyə dəvət olunub. Bu cür hallarda belə mütəxəssislərlə məsləhətləşirlər. 2000-ci ildə zəlzələdən sonra mərhum prezident Heydər Əliyevin də müşavirəsində rəhmətlik Arif Həsənov tanındı. Həmin hadisədən sonra hər kəs gördü ki, Arif Həsənov necə gözəl alimdir. İndi də Nazim Məmmədovla hər kəs maraqlanır. Məmmədovun yaponlarla işləri var. Ancaq bu, böyük istehsalata gətirib çıxaran, Nobel səviyyəsində olan bir iş deyil. Son dönəm seçkilərində Nazim Məmmədov AMEA-nın müxbir üzvlüyündən, akademik seçilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31