Kimlərin məcburi dövlət daktiloskopik qeydiyyatı aparılacaq?
3 İyul 2018 11:33 SosialNaməlum meyitlərin də genom üçotu həyata keçiriləcək
Azərbaycan Milli Məclisinin növbədəkənar sessiyasının sonuncu plenar iclasında yeni hazırlanan "Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanun qəbul edilib. Maraqlıdır, qüvvədə "Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanun olduğu halda yeni qanunun qəbuluna nə dərəcədə ehtiyac var? Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsindən bildirilib ki, bir müddət öncə "Azərbaycan Respublikasında Dövlət daktiloskopik haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Ancaq qanun layihəsi müasir dövrün tələblərinə tam cavab vermədiyindən yenidən işlənilərək hazırlanıb. Belə ki, yeni qanun layihəsinin yenidən işlənməsini zəruri edən amil "Biometrik informasiya haqqında" qanun layihəsi qəbul edildikdən sonra yaranıb. Qanun layihəsində vətəndaşın daktiloskopik və genom məlumatlarının alınması, uçotu, saxlanılması, təsnifatı və verilməsi ilə yanaşı, insan şəxsiyyətinin müəyyənləşdirilməsi, insanın əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri və onun şəxsiyyəti haqqında məlumatlar, DNK ilə bağlı məlumatlar , bunlardan hansı hallarda istifadə edilməsinin hüquqi mexanizmləri öz əksini tapıb. Qanun layihəsində dövlət daktiloskopik qeydiyyatı və genom Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquq və azadlılarına riayət edilməklə qanunçuluq, humanizm, məxfilik, könüllülük və məcburiliyi uzlaşması prinsiplərinə müvafiq həyata keçirilməsi nəzərdə tutulur. Qanun qəbulunu itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin axtarışı, naməlum meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi, cinayətlərin qarşısının alınması, açılması və araşdırılması, habelə inzibati xətaların qarşısının alınması, aşkar edilməsi zəruri edir.
Yeni qanuna görə, on beş yaşı tamam olmuş, ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan Azərbaycan vətəndaşlarının, müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan vətəndaşlarının, sərnişin və yükdaşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvlərinin, mədən və şaxtalarda, dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunmuş şəxslərin, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin məcburi dövlət daktiloskopik qeydiyyatı (İnsan şəxsiyyətinin eyniləşdirilməsi üçün daktiloskopik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyət) aparılacaq. Həmçinin cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin, müvəqqəti və ya daimi yaşamaq icazəsinin alınması üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin (15 yaşınadək uşaqlar istisna olmaqla), Cinayət, İnzibati Miqrasiya məcəlllərinə uyğun olaraq Azərbaycanın hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, Azərbaycanda siyasi sığınacaq almaq, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslərin də belə qeydiyyatı aparılacaq. Eyni zamanda, ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslər, şəxsiyyətinin başqa üsullarla müəyyənləşdirilməsi mümkün olmayan, xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları (bioloji valideynlər və ya övladları ilə birlikdə ər (arvad) məcburi dövlət genom qeydiyyatından keçirilirlər. Naməlum meyitlər də genom qeydiyyatından keçirilməlidirlər. Bu şəxslərdən və naməlum meyitlərdən bioloji material (aşkar olunmuş insandan, naməlum meyitdən DNT analizinin keçirilməsi məqsədilə götürülmüş qan, tüpürcək, tük, dırnaq, dəri, tər, sperma, orqanizmin digər ifrazatları, diş, sümük və digər toxuma nümunələri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən götürülür.
Qanunda qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilən biloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göndərilən bioloji materialın məlumatından bu qeydlər olmalıdır: Məcburi dövlət genom qeydiyyatından keçirilən şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı yer üzrə qeydiyyatı haqqında məlumatlar, genom qeydiyyatının aparılmasının əsası və tarixi, bioloji materialı götürmüş, məlumatı hazırlayan icra hakimiyyəti orqanının adı və qeydiyyatın aparılmasının əsası və tarixi. DNT analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi qaydası müfaviq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış daktiloskopik məlumatın (insanın şəxsiyyətini müəyyən etməyə imkan verən onun əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri haqqında məlumat) maddi daşıyıcılarının nüsxəsi ölkə üzrə vahid məlumat bankında saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir.
Sənəddə bildirilib ki, DNT Məlumat Bankında əksini tapmış məlumatların saxlanılması müddətləri də müəyyənləşib. Belə ki, ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslərlə bağlı məlumatlar onların doğum tarixindən 100 il müddətində və ya ölüm faktı müəyyən edilənədək, xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları (bioloji valideynlər və ya övladları ilə birlikdə ərin (arvad)) ilə bağlı məlumatlar itkin düşmüş şəxslərin doğum tarixindən 100 il müddətində və ya onun şəxsiyyəti müəyyən edilənədək, şəxsiyyətinin başqa üsullarla müəyyənləşdirilməsi mümkün olmayan, habelə səhhətinə görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər, naməlum meyitlər barədə məlumatlar isə onların şəxsiyyəti müəyyən edilənədək (lakin 80 ildən çox olmamaqla) saxlanılır. Sənəddə bildirilir ki, naməlum meyitlər də məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməlidirlər. Dövlət orqanları xidməti məxfilik rejimində daktiloskopik məlumatların mühafizəsini təmin edir, onların vəzifəli şəxsləri isə həmin məlumatların saxlanılması qaydalarını pozmağa və qeyri-qanuni istifadə edilməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Onu da qeyd edək ki, qanun iyulun 1-dən tətbiq olunmaqdadır. Bununla da qüvvədə olan "Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" qanun qüvvədən düşmüş hesab olunur.
Alim