Öz ölkəndə dil sarıdan əcnəbi olmalısan
25 İyun 2018 13:15 SosialSon günlər ölkə televiziya kanallarında və küçələrdə yayımlanan reklam çarxlarında Azərbaycan dilinə qarşı baş qaldıran "terror" təəssüf ki, aidiyyatı qurumları nədənsə narahat etmir və bu sahədə hansısa həlledici tədbirlər görülmür.
Olaylar.az problemlə bağlı bir neçə dilçi alimin iştirakı ilə sorğu keçirdi.
Azərbaycan televiziya kanallarında və mərkəzi küçələrdə yayımlanan reklam lövhələrində Azərbaycan dili və mədəniyyəti nə dərəcədə doğru təbliğ olunur? Azərbaycanda reklam dili bir dilçi olaraq sizi qane edirmi?

"Televiziyada və reklamlarda savadlı danışıq üslubuna artıq nadir rast gəlinir"
Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsinin müəlliməsi, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Musayeva - Bütün TV və küçə reklamları barədə eyni sözləri demək düzgün deyil. Lakin ümumi mənzərə məni qane etmir, ümumiyyətlə televiziyada və reklamlarda savadlı danışıq üslubuna artıq nadir rast gəlinir . Əvvəlki televiziya ənənələri və yüksək ixtisaslı televiziya və radio mütəxəssisləri tükənmək üzrədir və yeni nəsil demək olar ki,yetişmir. Bəzi reklamlarımızda sanki əcnəbi ölkələrdə çəkilmiş reklamların hərfi tərcüməsi verilir və düzgün sözlər seçilmir, digər reklamlar Azərbaycan reallığına uyğun olmayan şəkildə çəkilir.
Küçə reklamlarında isə vəziyyət daha bərbad haldadır. Həm ana dilimizdə, həm də əcnəbi dillərdə verilmiş reklamlarda çoxlu orfoqrafik səhvlərə və qeyri düzgün üslub formasına rast gəlirik. Bunun da səbəbi həm televiziya, həm də reklam şirkətlərində ali təhsili olmayan və ya orta məktəbi belə normal qiymətlərlə oxumayan, kifayət qədər dünya görüşünə malik olmayan şəxslərin get-gedə çoxalmasıdır. Qeyri professional, savadsız insandan düzgün danışıq, yazı tərzi gözləmək əbəsdir. Bu sahədə müəyyən komissiya yaradılmalı və ya düzgün nəzarət təmin edilməlidir.

"Bəzi hallarda əcnəbi dil və mədəniyyətlərə güzəştə gedilir"
Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professorİdris Abbasov - Ötən illərdən fərqli olaraq, bu il TV və küçə reklamları ilə bağlı problemlər bir qədər aradan qaldırılıb. Buna Bakı şəhər İcra Hakimiyyəti və Reklamlar Departamenti ilə razılığa gəlinməsi barədə müqavilə bağlanması səbəb olub. Müqaviləyə əsasən, reklam lövhələri Dilçilik İnstitutunun Monitorinq şöbəsi tərəfindən yoxlanıldıqdan sonra çap olunmasına icazə veriləcək... Düşünürəm ki, bu tip açıqlamaların xəyali əhəmiyyəti olsa da, praktika ilə mütabiqliyi yoxdur. Bunun da səbəbini ya monitorinq mexanizminin düzgün qurulmamasında, ya da mexanizmin fəaliyyət sxeminin yanlışlığında axtarmaq lazımdır. Əksər hallarda reklam və afişalarda Azərbaycan dili və mədəniyyəti nəinki doğru təbliğ olunmur, hətta bəzi hallarda əcnəbi dil və mədəniyyətlərə güzəştə gedilir. Son vaxtlar Bakının mərkəzi küçələrində restoran, kafe və digər iaşə müəssisələrinin üzərindəki elanları başa düşmək istəyən sıravi azərbaycanlı özü ilə tərcüməçi götürməlidir. Məsələn, "Nizami" küçəsindəki bir neçə iaşə obyektinin mahiyyətini anlamaq üçün ərəb dilini bilməlisən, yəni öz ölkəndə dil sarıdan əcnəbi olmalısan. Son zamanlar dil pozuntularını əks etdirən yanlış reklam və afişalar nəinki azalmış, hətta artmışdır.
Dilçilik İnstitutuna gəlincə, o, bir elmi-tədqiqat müəssisəsidir. Mükəmməl tədqiqat işləri aparmaq, dilçiliyə dair fundamental, nəzəri və praktik əhəmiyyətə malik mükəmməl əsərlər üzərində işləmək bu institutun bilavasitə vəzifələrinə aid məsələlərdir.
Məncə, Təhsil Nazirliyi, icra hakimiyyəti orqanları və bələdiyyələr bu işin öhdəsindən asanlıqla gəlməyə qadirdir. Hər rayonun icra hakimiyyəti, bələdiyyəsi, təhsil şöbəsi olduğu halda, reklam və afişalarda Azərbaycan dili və mədəniyyətinin təbliğ olunması problemi olmamalıdır. İnzibati resurslardan məhrum istənilən elmi tədqiqat institutunun 3-5 nəfərlik monitorinq qrupundan bu istiqamətdə həlledici iş gözləmək o qədər də real deyil. Alim sırf elmi məhsulunu təqdim etməlidir. Yəni Azərbaycan dilinin qayda-qanunlarını əks etdirən mötəbər əsərlər ortaya qoymalıdır. İndi informasiya texnologiyaları o qədər inkişaf etmişdir ki, sadaladığımız dil pozuntuları problemlərini asanlıqla aradan qaldırmaq olar. Məgər reklam və afişalarda, yaxud TV kanallarında, saytlarda yol verilən dil pozuntularını görmək üçün mütləq alim olmaq lazımdır? Orta məktəb müəllimi bir tərəfə qalsın, hətta ortabab oxuyan şagird bu səhvləri asanlıqla görmək gücünə malikdir. Əgər ortada düzgün yazı qaydalarımızı əks etdirən orfoqrafiya lüğəti, izahlı dilçilik lüğəti, mükəmməl dərsliklər və s. varsa, hər rayonda icra hakimiyyəti və təhsil şöbələri, orta məktəblər fəaliyyət göstərirsə, ola bilməz ki, Azərbaycanın ali məktəblərini bitirib həmin qurumlarda çalışan şəxslər Azərbaycan dilini bilməsinlər, yaxud onların Azərbaycan dilinin orfoqrafiya lüğətindən, oxuyub öyrəndikləri normativ qrammatikadan xəbərləri olmasın. Eyni sözü televiziya və radiolara da şamil etmək olar. Hətta orta məktəblərdə praktiki Azərbaycan dilini tədris edən müəllimlər bu işi alim professorlardan qat-qat yaxşı bilirlər.
Qeyd etdiyim kimi, bu iş bəlkə də bəzilərimizin yanlış fəaliyyəti nəticəsində problemə çevrilir. Elmi-tədqiqat müəssisəsinin icra hakimiyyəti orqanları ilə pul müqabilində xidməti müqavilələr bağlamasını heç cür anlaya bilmirəm. Məncə, belə situasiyalarda şəxsi maraqlar dövlət maraqlarını üstələyir, problemin dərinləşməsini və uzanmasını arzu edən şəxslər və qurumlar formalaşır ki, bu da yaxşı heç nə vəd etmir.

"İctimai nəzarət prinsiplərindən ümumiyyətlə söhbət getmir"
AMEA Folklor İnstitutunda aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Səkinə Qaybalıyeva - Ölkəmizdə, xüsusilə paytaxtımızda reklam lövhələrini görəndə böyük şairimiz Bəxtiyar Vahabzadənin bu misralarının aktualllığına əminliyimiz daha da artır:
Dünən rusca idi bütün reklamlar,
Bu gün ingiliscə dürtülür gözə.
İtin də dilinə hörmətimiz var,
Təkcə öz dilimiz yaramır bizə.
Aydındır ki, Avropadan əldə etdiyimiz texnoloji nailiyyətlər sayəsində yeni funksiyalı avadanlıqlar və ya vasitələr cəmiyyətimizə sürətli şəkildə daxil olur. Onların funksiyasına uyğun olaraq dilimizdə yeni adların müəyyən edilməsi zərurəti nədənsə əlaqədar qurumları düşündürmür və yaxud kommersiya maraqları daha üstün olur. Burada, təbii ki, ictimai nəzarət prinsiplərindən ümumiyyətlə söhbət getmir. Amma nəzərə almaq lazımdır ki, yüksək nailiyyətlərindən bəhrələndiyimiz Avropa, ilk növbədə, öz dilinin və mədəniyyətinin sabit təəssübkeşi olduğu üçün bu səviyyəyə yüksələ bilmişdi. Unutmaq olmaz ki, "Avropanı təqlid" ilə "Avropaya uyğunlaşma" məfhumları arasında böyük fərq var. Birinci, əlbəttə, bir xalqı mənəvi uçuruma aparar. İkincini əsas tutduqda isə milli kriteriyaların tətbiqi qaçılmazdır. Bir xalq mənəvi yüksəlişə yalnız bu halda nail ola bilər.
Reklam mətnlərində daha çox rast gəldiyimiz yeni söz və ifadələrlə yanaşı, həm də hərfi tərcümə problemləri ilə üzləşirik ("Ən yaxşısı ilə paylaş" - Milla
ayranın reklamı və s.). Bundan başqa,"Dəftərxana ləvazimatları", "Çörək məmulatları" və s. bu kimi adlarda əlavə cəm şəkilçisinə ehtiyac yoxdur. ("Camaat" sözünü cəmdə "camaatlar"," elat" sözünü "elatlar" və s. kimi işlədə bilmədiyimiz kimi bu şəkildə də işlədə bilmərik). Çünki ərəb dilindən aldığımız bu sözlərdə - at (-ətun) hissəciyi isimlərin cəm şəklini bildirir. Eləcə də niyə KİV yox, KİV-lər? Bəzi məqamlara qısaca toxunmaq yerinə düşərdi:
Kompaniya (şirkət), yoxsa kampaniya?
Servis mərkəzi, yoxsa xidmət mərkəzi?
Kağız paket, yoxsa kağız torba?
Becik, yoxsa yaxa kartı?
Kataloq, yoxsa bələdçi?
Dizayn, yoxsa bəzək?
Blank, yoxsa vərəq?
Lanyard, yoxsa boyun lenti?
Poster, yoxsa afişa yaxud bildiriş?
Resurs, yoxsa ehtiyat?

"Reklam dili bərbad vəziyyətdədir"
AMEA, Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, ərəbşünas Elvüsal Məmmədov -Reklam dili bərbad vəziyyətdədir.Təbii ki, bu, dilimizə münasibətdə özünü göstərən biganəliyin təzahür formalarından biridir. Tele və radio-verilişlərin, mətbuat vasitələrinin dili bəzi müstəsnalar olmaqla bərbaddır. Diqqətli, həm də dil üslublarına, yazılı və şifahi nitq qaydalarına bələd tamaşaçının gəldiyi qənaət budur ki, biz artıq necə danışırıqsa, elə yazırıq, yəni danışıq dilimiz necədirsə, yazı dilimiz də elədir. Mən danışıq dilinin orfoepik mənzərəsinin yazıda əks olunmasından danışmıram; əksinə, onu nəzərdə tuturam ki, düşündüklərimizi üslub redaktəsindən keçirmədən yazıya tökürük. Nəticədə, üslubi cəhətdən eybəcər, axıcılıq baxımından darıxdırıcı, qaydalar sarıdan düzgün olmayan dillə rastlaşırıq. Bu, bir tərəfdən, reklam sifarişçiləri və icraçılarının bir vətəndaş kimi dilə olan biganəliyindən, öz ana dilinə yaxşı bələd olmamalarından, digər tərəfdən isə reklam işinə ana dilinə qayğı məqsədilə redaktə nəzarətini həyata keçirən qurumların olmamağından irəli gəlir. Oxumuruq, bir xalq olaraq oxumuruq, dilimizdə yazılmış, bizə öz dilimizi ciddi surətdə sövqi-təbii və biixtiyar olaraq öyrədən ədəbiyyat mütaliəsindən çox uzağıq. Üstəlik, bayağı və ucuz dil üslubu olan reklamlarla, tele-seriallarla, bəzi telelviziyara xas savadsız "xəbərlər" verilişləri ilə, şou-emosional şitlik ifadə edən radio verilişləri ilə əhatələnmişik. Beləliklə, həm təmiz dil üslubu və danışıq bacarığına sahib ola bilmirik, həm də anormal dil faktları ilə rastlaşdıqda narahat olmur, məsuliyyət hiss etmirik. Bəli, reklam dili bərbad vəziyyətdədir. Şəhərin küçələri ilə getdikdə, televiziya kanallarımıza baxdıqda, radio verilişləri arasında səsləndirilən reklam informasiyalarına qulaq asdıqda səviyyəsiz və savadsız üslubu olan reklam kütləsinin daha çox olduğuna bir daha əmin oluruq. Reklam dilimizdə özünü göstərən qüsurları aşağıdakı kimi təsnif etmək mümkündür: 1) Orfoqrafiya qaydalarının gözlənilmədiyi reklamlar; 2) Əcnəbi dil elementlərinə "bürünmüş" reklamlar; 3) Qrammatik dil qaydalarının pozulduğu reklamlar. Məsələn, birinci halla əlaqəli olaraq onu deyim ki, xüsusi isimlərin işlədildiyi reklamlarda qətiyyən dırnaq işarəsindən istifadə edilmir. Halbuki Azərbaycan dilinin orfoqrafiya qaydalarına görə xüsusi isimlərin işlədildiyi qəzet, jurnal, qurum, preparat, dükan, mağaza və sair adlarında dırnaqdan istifadə edilir. Məsələn, əczaxanaların adları ilə əlaqəli reklam lövhələrində dırnaq işarəsinin işlədilməsinə rast gəlmirik: İstanbul Aptek, Zəfəran Aptek və s. İkinci halla əlaqədar onu qeyd edə bilərik ki, bir çox reklam lövhələrində əcnəbi dil elementlərindən bol-bol istifadə olunur. Məsələn, bu yaxınlarda "Elmlər Akademiyası" metro stansiyasına gedən bir küçədə bir reklam lövhəsi gördüm. Üstündə yazılmışdı: fashions digital life. Belə faktlar çoxdur. Onu da deyim ki, reklamlarımızda bir çox məhsul, əmtəə, şirkət adları ingilis dilində olduğu kimi yazılır, amma yazıldığı formadan fərqli şəkildə tələffüz edilir. Unutmaq olmaz ki, bu ölkədə rəsmi yazı Azərbaycan dilinin hərfləri ilə aparılır və biz dilimizin hərf elementləri ilə yazılmış sözləri mövcud yazı "qəlib"i əsasında cüzi tələffüz fərqi ilə oxuyuruq. Yəni, bir dilin əlifbası o dilin səs tərkibini konkret işarələrlə əks etdirməlidir. Üstəlik, ingilis dilinə nabələd birisi, məsələn, "Colgate"ni "kolgeyt" deyil, "colgate" kimi tələffüz etdikdə ona gülürük. Axı o nə etsin? Nə üçün də biz ona gülməliyik? Reklamların onun ana dilində olmağı məgər onun haqqı deyil?! Belə nümunələrin sayını çoxaltmaq mümkündür. Təbii ki, bu məhsullar xaricdə istehsal olunur, biz onların üzərindəki yazını dəyişə bilmərik, amma onlara dair reklam informasiyası hazırlayarkən, belə əcnəbi dil elementlərinin tələffüzünü əsas götürən söz-qəliblərdən istifadə etməliyik. Reklam informasiyalarında Azərbaycan dilinin konkret sintaktik qaydaları da pozulur. Məsələn, "İstanbul Aptek", "Zeytun Aptek", "Gəncə Təndir", "Bazar Store", "Araz market" və s. Dilimizdə tərkib hissələrinin ancaq adlıq halda işlədildiyi ismi birləşmələrə rast gəlinmir. Halbuki yuxarıdakı misallar belə olmalı idi: "İstanbul" apteki və s.
Nigar Adil