Vətənim torpaq

Elçin Hüseynbəyli Televizordan izlədiyim təsadüfi bir kadr mənə nostalji hisslər yaşatdı. Ötən əsrin 70-ci illərinin şəhəri – Sumqayıt. Küçələri maşınlar sulayır.

Elçin Hüseynbəyli

Televizordan izlədiyim təsadüfi bir kadr mənə nostalji hisslər yaşatdı. Ötən əsrin 70-ci illərinin şəhəri - Sumqayıt. Küçələri maşınlar sulayır. Görmüsünüz, yəqin. İlk dəfə bu şəhərə gələndə səkkizinci sinifdə oxuyurdum və ilk dəfə elə onda küçələri sulayan maşınları görmüşdüm. Kənddə həyət-bacanı özümüz sulayırdıq və torpa iyi burnuma vuranda qəribə hisslər keçirirdim. Lap sonralar anladım ki, bu qoxu vətən qoxusudur. Və həmin il, yəni Sumqayıta ilk gəlişimdə də eyni hissləri keçirdim. Havadan torpaq iyi gəlirdi. Qəribədir, indinin özündə də Sumqayıta gedəndə həmin günləri xatırlayıram. Nədənsə  dondurma və limonadı, dadlı saqqızları yox, su maşınlarını yadımda saxlamışam. Görəsən, indinin özündə niyə belə maşınlar yoxdu?

Bu sətirləri elə belə yazmadım. İndi su maşınlarını adamlar əvəz edirlər. Hər səhər küçələri, parkları, səkiləri canı-dildən təmizləyən insanları görürəm. Cüzi bir maaşa o qədər ürəkdən işləyirlər ki, adam onların bu şövqlü əməyindən kövrəlir. Düz sözümdü. Çəlimsiz bir qadın var. O, qırqovul kimi cəld və qıvraqdır. Yerdəki zibilləri elə tələm-tələsik "dənləyir ki", sanki kimsə buna görə onu qıyacaq və elə bil həmin zibilləri o yerə atıb və qonaq gələcək deyə tələsir. Həmin qadına baxa-baxa  onu da fikirləşirəm ki, yerə zibil atanlar, siqaret kötüyü tullayanlar, görəsən onu təmizləyən adamların zəhmətini duya bilirlərmi? Yəqin ki, yox. Hətta bir dəfə parkda avara-avara gəzən birindən soruşdum da: "O insanaları görürsən, onlara yazığın gəlsin, gözləri görə-görə siqaret qutusunu əzib göy çəmənliyə atırsan." Cavabı nə olsa yaxşıdır: "Ona görə maaş alırlar da, zəhmət çəkib yığışdırsınlar." Belə adama nə deyəsən?

Yerə tüpürən adamları görəndə isə onları söyməkdən özümü güclə saxlayıram və istəyirəm yaxasından yapışıb deyəm ki, vətənə tüpürməzlər. Üstündə gəzdiyin bu torpaq vətəndir. Nə olsun ki, asfaltla örtülüb.

Qüdsdə İsa Məsihin rəmzi sinə daşını müşk-ənbərə bürüyən zəvvarları görəndə fikirləşirdim ki, bu qədər insan sevgisi hardandı, görən? Eyni mənzərəni Türkiyədə Kırşəhər yolunun üstündəki Hacı Vəli Bektaş məzarlığında  da gördüm. Adamlar şəfqət tapmaq üçün məzarlığa dizin-dizin, sürünə-sürünə gəlirdilər. Çünki inanırdılar. İnanırdılar ki, bu qutsal məkanda dərdlərinə əlac tapacaqlar...

Mənə elə gəlir ki, küçələrimizi, parklarımızı silib-süpürən həmin insanlar vətəni daha çox anlayırlar. Çünki üstündə gəzdikləri torpağın vətən olduğuna inanırlar. Və bu inanc dərk olunan yox, qəlblə duyulandır...

Təhtəlşüur sevgilər daha təmənnasızdır, dostlar, eləmi!?

Iyunun əvvəli, 2018

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31