“Özün getmisən, indi döz”

Olaylar.az “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi ilə birgə yeni layihəyə başlayır. “Mənim həyatım…” adlanan layihədə zamanla ailələri, həyat yoldaşları və cəmiyyət tərəfindən müəyyən təzyiqlərə məruz qalmış qadınların, uşaqların ömür yolu işıqlandırılacaq. Layihəmizin ilk qəhrəmanı bəhs edəcəyi şəxslərin və öz adının gizli saxlanılmasını xahiş etdi. Yazıda təqdim olunan adlar şərtidir.

Olaylar.az "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyi ilə birgə yeni layihəyə başlayır. "Mənim həyatım..." adlanan layihədə zamanla ailələri, həyat yoldaşları və cəmiyyət tərəfindən müəyyən təzyiqlərə məruz qalmış qadınların, uşaqların ömür yolu işıqlandırılacaq.

Layihəmizin ilk qəhrəmanı bəhs edəcəyi şəxslərin və öz adının gizli saxlanılmasını xahiş etdi. Yazıda təqdim olunan adlar şərtidir.

Mən yazıda qəhrəmanıma Sevinc adını vermək istədim. Müsahibə zamanı ağladı, taleyinə, allaha üsyan edərək "heç vaxt sevinmədim, gülmədim" dedi... Heç zaman sevinməyən, gülməyən qəhrəmanımı adı ilə "güldürmək, sevindirmək" istədim...

Mən atamı tanımıram...

Anamla yaşamışam. Atamı heç vaxt görməmişəm. Anamdan atam haqqında nəsə soruşanda həmişə deyirdi ki, ölüb. Atam ölübdürsə, onun əlbəttə ki, qohumları - qardaşı, bacısı, atası, anası olub. Amma anam, dayılarım, xalalarım, nənəm heç vaxt mənə atam haqqında məlumat verməyiblər. Nə qədər yalvarsam da , xeyri olmadı. Evimizi axtarırdım ki, bəlkə anam atamın şəklini hardasa gizlədər. Heç olmasa şəklini görüm. Bilmək istəyirdim ki, atama oxşuyurammı? Amma mən atamı heç görmədim, tanımadım...

Anam, dediyinə görə, 25 yaşında ailə qurub, 35 yaşında mən dünyaya gəlmişəm. Bir yaşım olanda atam rəhmətə gedib. 7 - ci sinfə qədər məktəbə getdim, orta səviyyədə oxuyurdum. Anam yüksək qan təzyiqindən əziyyət çəkirdi və bir gecə iflic oldu. Anam artıq yeriyə bilmirdi. Məcbur oldum məktəbdən çıxdım. Həm anama baxırdım, həm də işləyirdim. Anamın dərmanlarını alırdım, evin kirayəsini ödəyirdim. Bacardığım qədər anama istədiyi hər şey alırdım. O nəyəsə sevinəndə, güləndə həmin gün evdə mənim üçün bayram olurdu...

Tələsdim...

Anam rəhmətə gedəndən sonra heç bir qohumumgildə qalmadım. Özüm işləyirdim, öz ayaqlarımın üstündə durmağı bacarırdım. Maddi cəhətdən vəziyyətim normal idi. Amma tək idim... Heç kimim yox idi. Atam yox, anam rəhmətə getdi, bacım, qardaşım - heç kimim yox idi. Darıxırdım. Artıq həyatımda yaxşı bir hadisə olmasını istəyirdim. Çəkdiyim bütün əzabları unutmaq istəyirdim. Və elə ona görə də tələsdim...

2013 - ci ilin aprel ayında yoldaşımla tanış oldum. O maşın ustası idi. Dayımgillə tanış etdim onu. Dayımdan icazə aldı, məni dostugilə apardı. Sonra dedi ki, qaçırtdım səni. May ayının 18 - də ailə həyatı qurdum. Rəsmi nikahımız və toyumuz olmadı...

Davamlı içirdi. İçəndən sonra bütün həyatımı başıma vururdu. Qızıma hamilə olanda bildim ki, iki dəfə narkotik üstündə həbsxanada olub. Mən yenə də düşündüm ki, hər insanın səhvi olur həyatda. Yəqin ki, artıq səhvini anlayıb.

Sevinc ağlayaraq ailə həyatından danışır. İki körpə uşağın bunları görməsini, anasının danışdıqlarına şahid olmalarını istəmirəm. Təklif edirəm ki, uşaqlardan kənarda söhbət edək. Sevinc "Onlar hər şeyi artıq anlayırlar, görürblər" deyir...

Qızıma hamilə olanda o qədər döymüşdü ki, uşağı itirmə təhlükəsi yaşadım. İçəndə çox incidirdi, döyürdü, təhqir edirdi. İçməyəndə normal ailəsi kimi davranırdı.

Məni qaçırdanda anası, bacısı məni qəbul etdilər, amma onlar da anasız, atasız olmağımı başıma vurdular. Mənim atasız olmağım, anamın vəfat etməyi əlimdə olan bir şey deyildi axı...

Sevinmişdim...

Bir gün dostu ilə gəldi. Çoxlu içdilər. Dost gedəndən sonra yenə evdə söz -söhbət oldu. Səhər yuxudan durandan sonra dedi ki, artıq namaz qılacam. O qədər sevindim ki... Allaha o qədər şükürlər elədim. İşini dəyişdi, maaşı yaxşı. Başqa 3 otaqlı ev kirayələdi. Evin, uşaqların, mənim bütün təlabatlarımızı ödəyirdi. Ad günlərimdə mənə hədiyyələr - televizor, soyuducu, ütü, mebel aldı. Oğlum da dünyaya gəldi. Sonra qardaşını da yanında işə düzəltdi. İki qardaş bir yerdə gedib -gəlirdilər. Uşaqlarımı da çox istəyirdi.

Sonra dost onu da işə düzəltməyi istədi. Hər şey ondan sonra başladı... Sən demə bu sevincimin ömrü az imiş...

Dostu ilə bir yerdə işləyəndən sonra yenidən narkotik istifadə etməyə başladı. Bir müddət sonra qardaşı da onlara qoşuldu. Anasına, bacısına dedim, yalvardım Heç kim kömək etmədi, bəlkə də edə bilmədilər, bilmirəm.

Bir müddətdən sonra artıq iynədən istifadə etməyə başladı. Hər axşam evə çoxlu kişilər gəlirdi. Qorxurdum...

Artıq işdə bildilər və işdən çıxartdılar. İşdən çıxandan sonra mənə aldığı hədiyyələrin hamısını dəyər - dəyməzinə satdı. Ev sahibinə də borcumuz var. Artıq dözülməz idi. Evdən çıxıb bura - "Təmiz dünya"ya gəldim. Bir müddət qaldıqdan sonra qaynanamgil gəlib bizi apardılar. Onlarla birgə hamımız kəndə getdik. Orda müalicə aldı bir ay. O an da qaynanamgil mənimlə dalaşdılar ki, niyə mənim oğlum belədi. Nə qədər yalvarırdım ki, belə etmə. Amma yenə də xeyri olmadı...

Sonra evin sahibi də bizi evdən çıxartdı.

"Ümid" evinə getdim. Ora gedəndə uşaqlar çox pis xəstələndilər. "Ümid" evinin köməkliyi ilə uşaqlar xəstəxanaya yerləşdirildi. Sonra baldızım, yoldaşım gəldilər ki, bizi aparsın. Mən həkimlə danışmağa gedəndə yoldaşım qızımı qaçırtdı. Ağır infeksiyaya yoluxmuş, 40 dərəcə temperaturla qızımı qaçırtdı və polisə şikayət edəndən 3 gün sonra qaynanam qızımı gətirdi. 3 gün mən, oğlum nələr çəkdik, allah bilir. Camaatın içində mənə yalvardı ki, barışaq, artıq istifadə etmiyəcəm. Yenə də ailəmdi deyib, uşaqlarıma görə bağışladım.

Hər şey yenidən təkrar olunmağa başladı. Yenidən ev tutdu, yenidən narkotikdən (iynədən) istifadə etdi, yenidən evdə davalar oldu, döydü məni. Sonuncu dəfə necə döymüşdüsə bütün üzüm, bədənim gömgöy idi. Artıq dözə bilmədim. Polisə getdim. Orda izahat yazandan sonra polislər məni bura gətirdilər. O vaxtdan burdayam.

Sevinc bildirir ki, bura gələndən heç kim onunla maraqlanmır. Nə yoldaşı, nə qaynanasıgil, nə də özünün qohumları...

Hamı günahkardı...

Uşaqlarımı bağcaya qoyub, işləmək istəyirəm. Amma düzəldə bilmirəm. İşləyib, uşaqlarımı oxutmaq istəyirəm. Onların həyatlarını məhv etməyə haqqım yoxdu. Kiminsə evində, hardasa iş olarsa heç kimə möhtac olmadan işləyib, uşaqlarımla bir dünya qurmaq istəyirəm.

Sevinc baş verən bütün hadisələrdə hamını günahkar bilir. Hətta özünü də...

Qeyd: Qəhrəmanım Sevincin son ümidi televiziya efirlərinə çıxıb, problemini bildirməkdir. Və israrla. "Zaurun verilişinə (ATV TV) çıxmaq istəyirəm. Bəlkə, kimsə mənə kömək edər. Bir balaca otaq verər, orda uşaqlarımla yaşayaram" deyir.

Söhbətimiz zamanı gözünün yaşı dayanmadı, Sevincin. Hamıdan, hər kəsdən küsən Sevincin daha Allaha da inamı qalmayıb. "Mən allaha neyləmişdim ki, mənə bu taleni yazdı. Heç bir qohumum mənə kömək etmir. Hamı "ananın taleyini yaşayırsan" deyir. Mən artıq anamın yox, öz taleyimi yaşamaq istəyirəm. Bu qədər əzablardan sonra Allah mənim öz bəxtimi yazsın, artıq!"

Söhbətimiz zamanı bir daha əmin oldum ki, bizim ailələr, yaxın çevrəmiz çox rahatlıqla vicdan əzabından (əgər onlarda o əzab varsa) qurtulmağın üsülünü tapıblar. Sevincə kömək etməyən qohumlarının hamısı eyni sözü təkrarlayır: Özün getmisən, indi də döz.

Bu söz qədər ağır, insanı hər cür faciyəyə "səsləyən" başqa söz varmı?

Maddi cəhətdən yaxşı vəziyyətdə olan xala, dayı öz doğmasına qucaq açmayaraq, iki körpə uşağın əzablarla böyüməsində tapdığı rahatlıq yalnız bu cümlələrdədi: ÖZÜN GETMİSƏN, İNDİ DƏ DÖZ!!!

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31