Hansı halda gəlinin ər evində yaşayış hüququ tanınır?
23 May 2018 12:24 SosialSon vaxtlar ölkədə boşanma hallarının artması paralel olaraq mülki mübahisələrin çoxalması ilə nəticələnib. Belə mübahisələrdən biri də ərlə arvad arasında mənzilin bölüşdürülməsi, yaxud yaşayış hüququnun tanınması ilə bağlıdır ki, vətəndaşlar məhkəmələr tərəfindən bu barədə çıxarılan qərarlardan heç də birmənalı şəkildə razı qalmırlar. Xüsusən, yaşayış hüququnun tanınması barədə qərar bir çox halllarda tərəflərin mübahisə predmeti olaraq qalır. Bəzi hallarda isə yaşayış hüququnun tanınması ilə bağlı çıxarılan məhkəmə qərarlarının icrası əlavə problemlərin yaranması ilə müşahidə olunur. Bir çox hallarda mülkiyyətçiyə məxsus mənzilə onun ailə üzvlərindən başqa, digər şəxslər də (məsələn, gəlin) köçür. İllər sonra ailə-nikah münasibətləri pozulanda tərəflər arasında mübahisələr yaranır. Bir qayda olaraq, boşanma zamanı gəlin özünün və uşaqlarının mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbini irəli sürür. Bəs hansı hallarda həmin şəxslərin mənzildən istifadə hüququ var? Onların bu hüququna xitam verildiyi halda kompensasiya ödənilməlidirmi? Vəkil Rövşən Qasımov bildrib ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlərin hüquqi tənzimlənməsinin 3 mərhələsini fərqləndirmək lazımdır. Əgər yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 01 sentyabr 2000-ci ilədək, yəni hazırki Mülki Məcəllə qüvvəyə minənədək yaranmışdırsa, onda belə münasibətlərdən irəli gələn mübahisələrə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53 və ya 123-cü maddələrinin tələblərinə görə baxılır. 53-cü maddənin tələbinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 123-cü maddənin tələbinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzilə digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Gəlin qayınatasının evinə (ev xüsusi mülkiyyətində və ya order əsasında icarəsində ola bilər) 1999-cu ildə köçübsə, onda onun ailə üzvü kimi yaşayış sahəsindən istifadə hüququna malikdir. Əgər yaşayış evindən istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 01 sentyabr 2000-ci ildən, yəni hazırkı Mülki Məcəllə qüvvəyə minəndən sonra yaranmışdırsa, onda belə münasibətlərdən irəli gələn mübahisələrə Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələrinin tələblərinə uyğun baxılır.
***
Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış sahəsindən istifadə hüququnun yaranmasının müqavilə əsasını müəyyənləşdirir. Belə ki, həmin maddəyə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Lakin Mülki Məcəllənin 228.5-ci maddəsi isə yaşayış sahəsindən istifadə hüququnun qanun əsasını nəzərdə tutur. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər ailə üzvlərinin (gəlinin və ya kürəkənin) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, mənzilin mülkiyyətçisinin ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən istifadə hüququ qanundan irəli gəlir və bunun üçün mənzilin mülkiyyətçisi ilə ailə üzvləri arasında müqavilənin bağlanması tələb edilmir. Digər şəxslərin (məsələn, qayınatanın evinə gəlin köçmüş gəlinin) istifadə hüququndan danışa bilmək üçün onunla mülkiyyətçi arasında notaiat qaydasında təsdiqlənən müqavilə bağlanmalı və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmalıdır.
Üçüncü mərhələ isə yeni Mənzil Məcəlləsi ilə tənzimlənir. Belə ki, 2009-cu ilin okyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi Mülki Məcəllədən fərqli qaydanı müəyyənləşdirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Beləliklə, yaşayış sahəsi mülkiyyətçisinin arvadı (əri), habelə onun uşaqları və valideynləri, mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş digər qohumlar və mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanların istifadə hüququ qanundan, yəni qeyd olunan maddədən irəli gəlir.
Onun sözlərinə görə, yeni Mənzil Məcəlləsi əvvəlki Mənzil Məcəlləsi və Mülki Məcəllədən fərqli bir qayda müəyyənləşdirmişdir. Belə ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü (məsələn, gəlin) arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır: "Mülki Məcəllənin 228.5 və Mənzil Məcəlləsinin 30.4-cü maddələri arasında müəyyən uyğunsuzluq vardır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi isə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığını təsbit edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmə praktikasının kifayət qədər fərqlidir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən, bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunverici kompensasiyanın hesablanmasının xüsusi qaydasını müəyyən etməyib, kompensasiyanın məbləği məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı və ya mübahisə halında, məhkəmə qaydasında müəyyənləşdirilir".
Zəka