TOPs layihəsinin təsirinin ölçülməsi üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Elmi Tədqiqat işi həyata keçilirib

TOPs layihəsi çərçivəsində Təhsil Nazirliyinin sifarişi əsasında ADBTİA-nın Elmi-Tədqiqat laboratoriyasında şagirdlərin müayinəsi həyata keçirilib. Tədqiqat işini ADBTİA-nın müəllim və professor heyətindən ibarət mütəxəssislər həyata keçirmişlər.

Olaylar.az bildirir ki, müayinədə Xətai rayonunun 269 və 24 saylı məktəblərinin şagirdləri iştirak edib. Müayinədə TOPs metodologiyası tətbiq olunan 269 saylı məktəbin şagirdləri ilə proqramı icra etməyən 24 saylı məktəbin şagirdlərinin fiziki göstəriciləri qeydə alınıb. Tədqiqatda şagirdlərin Biodex balance, InBody 770, 3D antropometriya cihazları vasitəsilə qeyri-invaziv müayinə yolu ilə əzələ-sümük sistemlərinin fəaliyyəti, müvazinəti dəyərləndirilib, testlərlə psixoloji durumu öyrənilib. Elmi Tədqiqatın əsas  məqsədi hər iki məktəb şagirdlərinin göstəriciləri əsasında müqayisəli təhlil apararaq TOPs layihəsinin təsir səviyyəsini müəyyənləşdirməkdir. Əldə olunmuş nəticələrin qısa zaman ərzində açıqlanması gözlənilir. 

TOPs layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, ADBTİA və "İnkişaf Naminə İdman" ictimai birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

Proqram ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimlərin TOPs metodologiyası ilə bilik, bacarıqlarının zənginləşdirilməsi və şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilir. Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31