İş adamı əməkdaşlarını niyə intihara sövq edir?

Azərbaycanda sahibkarlar, iş adamlarının əlverişli fəaliyyəti  üçün münbit şərait yaradılsa da, bir çox hallarda biznes mühitinin ayrı-ayrı nümayəndələri  yaradılan vəziyyətdən sui-istifadə edərək qeyri-qanuni əməllərlə, işlərlə məşğul olurlar. İş adamları, onların rəhbərlik etdiyi şirkət və  müəssisələrin qeyri-qanuni fəaliyyəti isə nəticə etibarilə həmin müəssisələrdə çalışan işçilər üçün bir çox mənfi fəsadlar yaradır.  Redaksiyamıza daxil olan şikayət xarakterli məktubda da elə belə müəssisələrdən birinin qeyri-qanuni fəaliyyətindən söhbət açılır. Müraciət müəllifi, ictimai vəkil Samir Zeynalov "Koroğlu" MMC-nin qeyri-qanuni əməlləri barədə qeyd edərək bildirir ki,  Azərbaycanda 1992-ci ildən müxtəlif növ şirniyyat məhsullarının idxalını həyata keçirən "Koroğlu MMC" rəhbərliyi uzun müddətdir  analoqsuz satış və idarəçilik sistemindən irəli gələn reketçi prinsiplərə görə 10-dan çox gəncin həyatını məhv edib. Onun sözlərinə görə, şirkət satışını həyata keçirə bilmədiyi və nəticədə vaxtı keçən məhsullardan yaranan ziyanın məsuliyyətini daşımağa məhkum olmuş gənclərin intiharına baiskar olmağı bacarıb. Samir Zeynalov hüquq-mühafizə orqanlarına da ünvanladığı müraciətdə qeyd edir ki, şirkət rəhbərliyi tərəfindən qanunsuz hesablanmış borclara məhkum edilmiş şirkətin sabiq işçilərinə qarşı qeyri-qanuni əməllər, döymə, şantaj etmə, əxlaqa ziddi videolar çəkməklə rüsvay etmə, iplə boğma, özünü öldürmə həddinə çatdırma, qanunsuz azadlıqdan məhrum etmə, girov saxlama, soyuq alətlər vasitəsilə işgəncələr vermə və hədə-qorxu yolu ilə tələb etmə kimi cinayət tərkibli tükürpədən olaylar  bu günə qədər cəzasız qalmaqdadır: "Bu cəzasızlıq tendesiyasının bu günkü nəticəsidir ki, hələ də şirkətin ağlasığmaz ittihamlarına düçar olmuş gənclər var və onlar hazırda köməyə möhtacdırlar.   Şirkət rəhbərliyi mütəmadi olaraq əvvəllər gerçəkləşdirdiyi anti-milli və qanunsuz əməli olaylarla bağlı onları ciddi şəkildə qorxutmağa dair əməyini əsirgəməyib. Bu gün 2 övladı atasız qalan, şirkətin sabiq işçisi Nağıyev Xəyyam Vüsal oğlu ona qarşı zorakılıqla irəli sürülən 10.000 AZN qondarma borc ittihamının nəticəsində 05.12.2011-ci ildə özünü asaraq dünyasını dəyişib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılmayıb. Nəticədə 2 il sonra növbəti intihar faktı gerçəkləşib. İsmayıllı rayonunun Aşağıbaş kənd sakini, 1990-cı il təvəllüdlü, şirkətin satış nümayəndəsi olmuş Tofiq Adıgözəlov yaşadığı evin həyətində özünü asaraq canına qıyıb. T.Adıgözəlov intihar etməzdən öncə Facebook səhifəsində son statusunda həyatından narazı olduğu gizlətməyib: "Bu həyat çox haqsızdır; çünki pulu, varı, dövləti olana üstünlük verirlər. Həmin şirkətin işçilərindən biri olan Namiq Məmmədov qeyd edir ki 2009-cu il, dekabrın 1-dən firma tərəfindən Şirvan və ona yaxın bölgələrə göndərilib.  Ona verilən tapşırığı vaxtında yerinə yetirib. Lakin məlum səbəblərdən 2010 -cu il aprel-avqust aylarında Kür-Araz çaylarının daşması ilə əlaqədar həmin ərazilərə verilən malların pulunu ala bilməyib. Təhvil verdiyi mallar daşqın altında qalıb. 2010-cu il avqustun 23-ü bölgə müdiri Ələddin Hüseynov avqustun 24-ü saat 10-da MMC-in direktoru Tahir Əliyevin yanında olmasımı söyləyib.  Dediyi vaxtda həmin firmada olub.  Qapıda onu şirkətin təftişinin rəisi Ayaz və onun müavini Emin Babaşov gözləyib. Emin ona heç bir söz demədən sillə vurub. Sonra Ayazla Emin onu sürükləyərək təftişin otağında qəddarcasına döyüblər". Samir Zeynalov deyir ki,  şirkətin sabiq əməkdaşı Asif Rəhimovun isə Əhmədli qəsəbəsindəki evi əlindən alınıb. "Koroğlu" MMC-nin rəhbərliyi mənzili onun adına yazılan 30 min manat borcun əvəzində götürüb. A.Rəhimov bildirib ki, şirkətin Emin Babaşov başda olmaqla, bir neçə əməkdaşı onu 2011-ci ildə Saatlı rayonu ərazisində ikinci dəfə oğurlayıb. Yalnız həyat yoldaşının polisə davamlı zəngləri əsasında T.Əliyevin adamları onu azad ediblər. Rəhimovlar ailəsi bununla bağlı məhkəməyə müraciət edəndə, onun adına daha 10 min manat borc yazıblar. Bundan əlavə, A.Rəhimovu oğurlayaraq döyüblər. Bu barədə isə onun xanımı Səkinə Rəhimova məlumat verib. Vaxtilə Tovuz-Qazax-Ağstafa bölgəsi üzrə supervayzer vəzifəsində çalışan Xanlar Mahmudov qeyd edib ki, onun ayağına xarab məhsullar yazılıb. Bildirib ki, xarab məhsullara görə ona qarşı 6800 AZN borc ittiahmı olub. Hətta Koroğlu MMC-dən ona deyiblər ki, 6000 AZN ver, işi bağlayaq".

Samir Zeynalov deyir ki, şirkətin sabiq əməkdaşı Elgün Teymurov da yuxarıda qeyd edilən səbəblərlə döyülüb. Bundan başqa, hətta onun atasını bir müddət girov kimi şirkətdə saxlayıblar: "Şirkətin sabiq əməkdaşı Mirrəhim Qənizadə qeyd edir ki, avtomobilini şirkətin "cəza qrupunun" üzvlərindən birinin adına keçirdikdən sonra onu sərbəst buraxıblar. O, digər əməkdaşların bütün kollektivin gözü qarşısında döyülməsinin və təhqir edilməsinin şahidi olduğunu təsdiq edib. Qənizadənin sözlərinə görə, ofisdə insanların girov tutulması və döyülməsi üçün istifadə olunan xüsusi otaqlar var. Onun atasını və əmisioğlunu da ənənəvi olaraq şirkətdə əsir olaraq saxlayıblar".

Samir Zeynalov əmin olduğunu bildirir ki,  məhz sadalanan real faktlara görə kifayət qədər ailəni və gənci pərişan edən, gələcəklər üzərində gələcək quran mütəşəkkil cinayətkar dəstə psixologiyası ilə fəaliyyət göstərən "Koroğlu MMC" rəhbərliyi haqqında qanuna müvafiq tədbirlər görüləcək: "Ümid edirəm ki, bundan sonra dövlətimiz görülən tədbirlərin nəticəsində günhasıza cəza verilməsi və günahkarın cəzasız qalması ilə sarsılmayacaq".

Yazıda adı keçən qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31