Şahzadə Harriyə təbrik əvəzi

"Oğlunu sevən gəlinini sevər,

Qızını sevən kürəkənini"

(Azərbaycan ata sözü)

Bu ingilislər də dünyanı barmaqlarına dolayıblar. İngilis barmağı ifadəsi belənçik yaranmışdır. Özünüz gördünüz: bütün dünyaya demokratiya dərsləri keçirlər, ancaq şahzadə Harri müəllimin toyunu el-aləmə yaydılar. Anlamaq olmur ki, bəs monarxiya niyə başqa ölkələrdə pisdir, Britaniyada yaxşıdır. Lap elə teatr səviyyəsində olsun. Hərçənd, belə deyildir. Misal üçün, biz azərbaycanlılar kraliça Elizaveta xalanın oğlu şahzadə Endryü müəllimi yaxşı tanıyırıq. O, vaxtaşırı gəlib  bizdən Britaniyanın maraqları, o cümlədən şəxsi cibişdanı üçün xeyli şey-zad qoparıb aparan bir yoldaşdır. Əvəzində də Dumanlı Albionda bizim hökuməti aydınlığa çıxarır.

Doğrusu mən Harri müəllimin toyundan bəzi epizodlara BBC kanalında baxdım, heç bəyənmədim. Birincisi, toy "Sonalar sonasının anası" şadlıq sarayının sütunsuz salonunda olmadısa, apar tulla. İkincisi, dəvət olunan qonaqlar arasında bəyin xalası nəvəsinin əsgərlik yoldaşının kirvəsinin bacanağı olmalıdır. Üçüncüsü, toyda qulaqbatıran musiqi verilməlidir ki, camaat yeni qabiliyyətlər öyrənsin, məsələn, mən Azərbaycan toylarında 3-4 dəfə iştirak edəndən sonra artıq dodaq hərəkətlərindən danışığı anlayıram. Halbuki, bunu öyrənmək üçün casuslar-zadlar xüsusi imtahan verirlər, kurs keçirlər. Dördüncüsü, masaya 77 cür zir-zibil yemək adıyla düzülməlidir, bunlardan mındar olmuş bildirçinin skeleti, 3 toy və 7 sünnətdən qalmış "Bezar" salatı (Sezar salatının xüsusi, milli növüdür), Hindistan camışının pələng ağzından çıxmış nadir antrikotu, rezin Kitayski düyüdən brezent qazmaqla bahəm süfrələrin şahı aş yeməyi, içində qoyun ətinin nanozərrəciklərinə rast gəlinən ağac yonqarlı lüləkabab və sairə qeyd edilməlidir. Əvvəldə xınayaxdı, ortada qız toyu, axırda isə yengə prosedurları olmalıdır. Prins Harri müəllimin toyunda bınnarın biri də yox idi.

Əlbəttə, mən başa düşürəm, şahzadə Harri rəhmətlik Diana xanımın yurdunda qalmış, bir növ yadigar oğludur, o baxımdan ingilis-dingiliş jurnalistikasının bu tədbirə marağı anlaşılandır. Yəqin arvadın ruhu o biri dünyadan baxıb xeyli sevinmişdir. Allah rəhmət eləsin, biz müsəlmanlar üçün də ağır dərddir - Dodi müəllimə görə. Nə isə... Ancaq yenə də mən bu mərəkədən bir şey anlamadım (artıq oxucular fikirləşəcəklər ki, paxıllıqdan yazıram - düz eləmirsiniz). Çünki şahzadə Harri Britaniya tax-tacına iddiaçılar sırasında düz altıncı yerdədir. Yəni, buna qədər hələ 5 nəfər taxta çıxıb, hökmranlıq eləyib, iraq olsun, ölməlidir ki, Harri müəllimin bəxtinə gün doğsun, bu da kral olsun. Üstəlik, ömrü uzun olsun, Elizaveta xala da möhkəm dirənibdir, az qala yüz ildir krallığı əldən vermir.

Dünyada taxt-tac ətrafında belənçik maraqlı əhvalatlar olur, biz də öyrənməyə borcluyuq. Nə biləsən... Həmçinin, güman edirəm bu monarxiya əhvalatlarına dünyanın marağının artmasında nəsə vardır. Özünüz baxın, son illər monarxiya haqda filmlər xüsusi populyarlıq qazanır. Neçə ildir bəlkə 7 milyard adamın yarısı ağzını ayırıb "Taxt-tac oyunları" ("Game of thrones") serialına baxmaqdadır. Halbuki, mən bir-iki seriyasına baxandan sonra anladım ki, bu kinonun qısa məzmunu bizim məşhur "Əjdaha qardaş özü bilər, kimi yeyər..." süjetli lətifəmizdən ibarətdir. Türkiyədə, bizdə, hətta Rusiyada Osmanlı padşahları haqda serial möhkəm dəbə minmişdir, milyonlarla adam axşam ekrana marıtlayır ki, görək sultan bu dəfə hansı arvadı ilə yatacaqdır, yaxud, hansı oğlunun gözünü çıxardacaqdır. Siz bu marağa barmaqarası yanaşmayın. Sosioloji araşdırma temasıdır. Misal üçün, yadınıza gəlirmi SSRİ dağılan ərəfədə, yenidənqurma zamanı göstərilən, ümumiyyətlə SSRİ-də göstərilən ilk Qərb teleserialının adı necə idi? Yadınıza salıram: "Kölə İzaura". Millət qul kimi yaşadığı üçün İzaura xanımın əhvalatına da böyük maraq göstərmişdi. Sanki o filmdə özlərini görürdülər.

İndi də ola bilsin hamı şahzadə, ağ atlı prins, nə bilim, adil kral həsrətiylə qovrulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31