Qubadakı soyqırım məzarlığı ziyarət edildi

AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində Quba rayonunda yerləşən soyqırımı məzarlığını ziyarət ediblər.

MEK əməkdaşları Quba Soyqırımı memorial abidəsinin önündə faciə qurbanlarının xatirəsini yad edib, onların günahsız ruhlarına Allahdan rəhmət diləyiblər. Hadisə haqqında fikirlərini bölüşən MEK əməkdaşları 1918-ci ildə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş silsilə soyqırımları milli yaddaşımızın acısı adlandırıblar. Bu faciələr bir daha yaşanmasın deyə, tariximizin son 2 əsri üçün xarakterik olan hadisələrdən düzgün nəticə çıxarmağın, fərd kimi, vətəndaş kimi zamanın öhdəmizə qoyduğu vəzifələrin təxirəsalınmadan yerinə yetirməyin vacibliyi vurğulanıb.

Məlumat üçün bildirək ki, 1918-ci il soyqırımı hadisələrinin tarixiləşdirilməsi istiqamətində MEK-də müxtəlif səpkidə işlər görülüb. Bu məqsədlə "31 Mart soyqırımı"na həsr olunmuş sərgi təşkil edilmiş, kitabxana fondlarında soyqırımına aid olan bütün sənədlər elektron kataloqa salınaraq MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına daxil edilmiş, sosial şəbəkələrdə və www.mek.azsaytında vaxtaşırı bu mövzuda materiallar təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31