Almaniyanın bir sıra şəhərlərində Milad yarmarkaları ləğv edilib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniyanın bir neçə şəhərində vəsait çatışmazlığı və təşkilati çətinliklər səbəbindən bayram ərəfəsində ənənəvi Milad yarmarkaları ləğv olunub. Bu barədə noyabrın 19-da "Bild" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, tədbirlərin ləğvinin əsas səbəblərindən biri bələdiyyələrin maliyyə vəziyyətinin pisləşməsidir. Belə ki, Kirxhaym-bay-Münxendə sənaye vergisindən daxilolmaların gözlənilən 22 milyon avro əvəzinə təxminən 15 milyon avro olacağı proqnozlaşdırılır ki, bu da yerli hakimiyyəti qənaət rejiminə keçməyə və yarmarkanın maliyyələşdirilməsindən imtina etməyə vadar edib. Gesthaxtda 15 min avroluq bələdiyyə subsidiyası yalnız sentyabrın sonunda ayrıldığı üçün təşkilatçılar tədbiri hazırlamağa vaxt tapmayıblar. Haqen-Hoenlimburqda yarmarka təşkilatçının olmaması səbəbindən ləğv edilib, Hannoverdə isə mərkəzdəki digər yarmarkalar saxlanılsa da, "Şəhərin damları üzərində Milad" tədbiri baş tutmayacaq.

Bundan əlavə, Berlində uyğun məkan olmadığı üçün "Qış arzusu" yarmarkasının keçirilməsi mümkün olmayıb, Hamburqun Dulsberq rayonunda isə qış tədbiri ziyarətçi azlığı və gəlirlərin yetərsizliyi ucbatından bağlanıb. Vinterhauzen və Trimburqda tikinti işləri və təhlükəsizlik tələbləri, Tannhauzendə isə quraqlıq və qabıqyeyən böcəklərin hücumundan sonra küknar ağaclarının böyük hissəsinin kəsilməsi ləğvə səbəb olub. Bəzi şəhərlər, o cümlədən Noy-Ulm və Taufkirxen bayram tədbirlərini saxlamağa qərar versələr də, şou və səhnə proqramlarını ixtisar ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31