Vərəmlə mübarizədə Azərbaycanın təcrübəsi öyrənilir
Azərbaycanın vərəmlə mübarizədə son yeniliklərini əldə etmək və müsbət təcrübəmizi öyrənmək məqsədilə altı dövlətin (Rusiya, Belarus, Qazaxıstan, El-Salvador, Şri-Lanka və Filippin) penitensiar müəssisələrdə vərəm əleyhinə xidmətlər göstərən həkimlərindən və rəhbər vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
15 May 2018 14:18 SosialAzərbaycanın vərəmlə mübarizədə son yeniliklərini əldə etmək və müsbət təcrübəmizi öyrənmək məqsədilə altı dövlətin (Rusiya, Belarus, Qazaxıstan, El-Salvador, Şri-Lanka və Filippin) penitensiar müəssisələrdə vərəm əleyhinə xidmətlər göstərən həkimlərindən və rəhbər vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nümayəndə heyəti üçün Beynəlxalq təlim mərkəzi tərəfindən "Yeni vərəməleyhi dərmanların və müalicə rejimlərinin tətbiqi dövründə Çoxsaylı / Geniş Dərmanlara Davamlı Vərəmin yüksək yükü olan ölkələrin həbsxanalarında vərəmə nəzarət tədbirlərinin təkmilləşdirilməsi" mövzusunda rus və ingilis dillərində beynəlxalq tədris kursu təşkil olunub. 6 gün davam edəcək kursda dinləyicilər üçün 30-dək yerli mühazirəçilər və dəvət olunmuş ÜST Baş Ofisinin (İsveçrə) və Avropa Regional Bürosunun (Danimarka), ÜST Vərəm / İİV üzrə Təlim Mərkəzinin (İtaliya), Beynəlxalq Qızıl Xaç Komitəsinin və GDF (Qlobal Dərman Təchizatı) təşkilatının (İsveçrə), Belarus Elmi-praktiki və Farmakoloji nəzarət mərkəzlərinin, "Vərəmə dair infeksiyaya nəzarət üzrə Regional Mərkəz"in (Rusiya), "Sərhədsiz həkimlər" (Fransa), "Vərəmi Dayandırmaq üzrə Tərəfdaşlıq" təşkilatlarının ekspertlərinin iştirakı ilə xüsusi proqram üzrə sübutlara əsaslanan, müasir, beynəlxalq səviyyədə tövsiyə edilən prinsip və təlimatlara müvafiq mövzular tədris olunacaqdır. Həmçinin Azərbaycanın penitensiar müəssisələrində vərəmə nəzarət üzrə görülən işlərlə əyani tanışlıq imkanı yaradılacaq, məhkumlar arasında vərəmin aşkarlanması, innovativ texnologiyaların tətbiqi ilə laborator diaqnostikası və müalicəsi ilə bağlı bir sıra tədbirlər praktiki olaraq nümayiş etdiriləcək.