Azərbaycan jurnalisti Türkiyədə keçirilən beynəlxalq simpoziumda

Ötən həftə Türkiyənin Antaliya şəhərində  beynəlxalq statuslu "Avrasiya Sosial və İqtisadi Araşdırmalar" dərgisinin (ASEAD) təşkilatçılığı ilə keçirilmiş III Beynəlxalq  Akademik Araşdırmalar Simpozyumda "Xalq qəzeti"nin əməkdaşı, Bakı Dövlət Unversitetinin doktorantı, Əməkdar jurnalist  Namiq Əhmədov da iştirak etmişdir.

Müxtəlif ölkələri təmsil edən 400-dək elm və siyasət adamının, jurnalistin iştirak etdiyi üçgünlük elmi  məclisdə səslənən çıxışlarda və aparılan müzakirələrdə Azərbaycanlı yazarın mərəruzələri diqqətlə qarşılanmış və diskussiyalar doğurmuşdur. Həmyerlimizin simpoziumun bölmələrində səsləndirdiyi iki məruzədə dövlət müstəqilliyi illərində hər iki ölkə mətbuatının Azərbaycan--Türkiyə münasibətlərinin inkişafında yüksələn dinamikanı  daim diqqət mərkəzində saxlaması, xalqlarımızın və dövlətlərimizin ümumi maraqlarına xidmət etməsi vurğulanmışdır.

Bildirilmişdir ki, Azərbaycan mətbuatı, o cümlədən bu ölkədə son bir əsrin gündəlik anadilli ictimai-siyasi nəşri olmuş "Xalq qəzeti"nin hər iki mövzuda verdiyi materiallarda dost və qardaş dövlətlərin türk dünyasının unudulmaz lideri lider Heydər Əliyevin formulə etdiyi  "Bir millət--iki dövlət" gerçəkliyinə sadiqliyi hərtərəfli və davamlı olaraq işıqlandırılmışdır.

"Azərbaycan--Türkiyə strateji əlaqələri "Xalq qəzeti"ndə" məruzəsində ölkələrimizin dünyada analoqu olmayan müttəfiqlər olması, münasibətlərin qarşılıqlı maraqlara, xalqlarımızın tale ortaqlığına söykənməsi, hər iki dövlətin regionda və dünyada apardığı siyasətin tam üst-üstə düşməsi elmi cəhətdən araşdırılmış və ümumiləşdirilmişdir. "Bakı--Tbilisi--Qars dəmir yolunun açılış mərasimi Türkiyə mətbuatında"  məruzəsində isə qardaş ölkənin çap mediasında BTQ-nin iqtisadi və siyası  əhəmiyyəti, onun təhlükəsizliyi və etibarlılığı, qlobal müstəvidə önəmi ilə bağlı yayılmış materiallar təhlil olunmuş və dəyərləndirilmişdir.

Simpoziumun təşkilat komitəsi Türkiyə ilə Azərbaycan arasında  tarixin sınağından çıxmaş dostluq və qardaşlıq əlaqələrinin çağdaş durumunun media müstəvisində əksinin tədqiqinə həsr olunmuş hər iki mövzunun aktuallığını vurğulamışdır.  Koç Universitetinin professoru Dilək Barlas, Bağçaşəhər  Universitetinin professoru Nuri Yazıçı, Bursa Universitetinin professoru Orxan Atəş və başqaları çıxışlarında  soydaşımızın araşdırmalarını  Türkiyə ilə Azərbaycan arasındakı strateji münasibətlərin inkişafına medianın göstərdiyi həssaslıq, regionda gerçəkləşdirilən qobal layihələrə və beynəlxalq informasiya dəstəyi baxımından  faydalı saymışlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31