Regional proqramlar əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində mühüm rol oynayıb
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları müstəqil Azərbaycanın hərtərəfli inkişafı, bütün sahələrdə uğurlar əldə etməsinə təsir göstərən başlıca sənəd oldu desək yanılmarıq. Məhz bu proqramların ötən 14 ildə uğurla icra edilməsi Azərbaycanın simasını başdan-başa dəyişdi, onun inkişaf və tərəqqisini şərtləndirdi.
14 May 2018 16:59 SosialRegionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları müstəqil Azərbaycanın hərtərəfli inkişafı, bütün sahələrdə uğurlar əldə etməsinə təsir göstərən başlıca sənəd oldu desək yanılmarıq. Məhz bu proqramların ötən 14 ildə uğurla icra edilməsi Azərbaycanın simasını başdan-başa dəyişdi, onun inkişaf və tərəqqisini şərtləndirdi.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları hər bir sahə kimi əhalinin kommunal problemlərinin həllində də dönüş yaratdı. İstər vətəndaşların elektrik enerjisi, istər təbii qaz, istərsə də içməli su ilə təminatında ötən illərdə atılan məqsədyönlü addımlar və görülən işlərin nəticəsidir ki, bu gün adlarını qeyd etdiyimiz hər üç istiqamətdə 90 faizdən artıq əhali həmin xidmətlərlə təmin olunub.
Dövlət proqramları çərçivəsində əhalinin içməli su ilə təminatının gücləndirilməsi istiqamətində də kifayət qədər işlər görülüb. Hazırda da "Azərsu" ASC "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. Belə ki, Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində Ağdaş şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.
Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 47 min nəfər şəhər əhalisinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün ilkin mərhələdə 8 subartezian quyu qazılıb, sugötürücü kamera, xlorator binası və ümumi tutumu 7000 kubmetr olan 2 su anbarı inşa edilib. Su mənbələrindən şəhərə 8 km uzunluğunda 2 magistral kəmər çəkilərək mövcud şəbəkə ilə birləşdirilib, yeni laboratoriya binası, nasos stansiyası və istehsalat bazası inşa edilib. Layihəyə uyğun olaraq Ağdaş şəhərində 143 km içməli su, 124 km kanalizasiya şəbəkələri tikilib, abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb.
Layihənin növbəti mərhələsində 4 ədəd yeni subartezian quyusunun qazılması, həcmi 5000 kubmetr olan yeni su anbarının tikintisi nəzərdə tutulub. Su mənbəyindən şəhərə qədər 6,7 km uzunluğunda ikinci magistral su xəttinin 6,2 km-lik hissəsi inşa edilib. Şəhərin su və kanalizasiya şəbəkələrinin tikintisinin tamamlanması məqsədilə işlər davam etdirilir. 44,7 km içməli su şəbəkəsinin 10 km-lik, 61,2 km kanalizasiya şəbəkəsinin isə 22,2 km-lik hissəsində işlər başa çatdırılıb.
Layihə çərçivəsində Ağdaş Sukanal İdarəsi üçün müasir tipli yeni inzibati binanın tikintisi də davam etdirilir.
Ağdaş şəhərində tullantı suların təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisinə hazırlıq görülür. Yeni layihənin icrasına qədər Ağdaş şəhərində 1950-1960-cı illərdə yaradılmış su təchizatı və kanalizasiya sistemlərindən istifadə olunurdu. Şəhərə içməli su Türyançayda quraşdırılmış drenaj sistemi vasitəsilə fasiləli rejimdə verilirdi. Şəhərdə mövcud olmuş içməli su və kanalizasiya şəbəkələri bütün abonentləri əhatə etmirdi və istismara yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, "Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı" çərçivəsində Ağdaş şəhəri ilə yanaşı, Göyçay, Beyləqan və Ağcabədi şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Artıq Göyçay və Beyləqan şəhərlərində şəbəkələrin tikintisi yekunlaşıb, Ağcabədi şəhərində isə tikinti-quraşdırma işlərinin bu il başa çatdırılması nəzərdə tutulur.
Cari ilin fevral ayında Mingəçevir şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması işləri də başa çatıb və Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Ümumilikdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanmış 50 şəhər və rayon mərkəzinin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkələrinin inşası yekunlaşıb. "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq ölkənin 28 rayonunun 170 yaşayış məntəqəsində layihələrin icrası tam yekunlaşıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub. Cənab Prezidentin bununla bağlı imzaladığı növbəti sərəncam çərçivəsində bu il 13 rayonun 30 yaşayış məntəqəsində su layihələri icra olunacaq.
2018-ci ilin yanvar-mart aylarında isə 224 km içməli su, 48 km kanalizasiya xətləri çəkilib. Görülmüş işlər nəticəsində 8 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 28 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Beləliklə fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 67,5 faiz, Bakı şəhəri üzrə isə 81,5 faiz təşkil edib.
Dövlət proqramının icrası çərçivəsində bu il 7 şəhərdə su və kanalizasiya, 1 şəhərdə isə su şəbəkələrinin tikintisi yekunlaşacaq. 2018-ci ildə Qazax şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanacaq, 42 kənddə su layihələri icra ediləcək. Cari ildə Şamaxı, Gədəbəy, Lerik, Tovuz və Ağstafa şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri həyata keçiriləcək. Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşacaq, 10-dan çox şəhərdə isə belə qurğuların tikintisinə başlanılacaq.
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Ağcabədi şəhərində də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində tikinti-quraşdırma işləri intensiv qaydada davam etdirilir.
Ağcabədi şəhərində yeni içməli su və kanalizasiya sistemlərinin yaradılması əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına töhfələr verəcək. "Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 45 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Layihəyə əsasən, Ağcabədi şəhərini içməli su ilə təmin etmək məqsədi ilə 14 subartezian quyusunun qazılıb,28,7 km uzunluğunda magistral su xəttinin 27,2 km-lik hissəsi tikilib. Ümumi tutumu 10000 kubmetr olan 2 su anbarının tikintisi işləri isə davam etdirilir. Eyni zamanda inşası nəzərdə tutulan Şəhərin içməli su və kanalizasiya şəbəkələrin tikintisi üzrə işlər yekunlaşmaq üzrədir.
Layihədə nəzərdə tutulan 214 km su şəbəkəsinin 186,7 km-lik hissəsində işlər yekunlaşıb. Yeni yaradılmış şəbəkədən abonentlərə ev birləşmələri verilir, sayğaclar quraşdırılır. Ağcabədi şəhərində tullantı sularının idarə edilməsi məqsədilə 205 km kanalizasiya şəbəkəsinin 191 km-i inşa edilib, 4 kanalizasiya-nasos stansiyasından 3-ü quraşdırılıb.
Layihə çərçivəsində Ağcabədi Sukanal İdarəsi üçün müasir tipli inzibati binanın tikintisinə başlanılıb. Su və kanalizasiya şəbəkələrinin tikintisinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur. Bununla da şəhər əhalisi 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaq.
Şəhərdə yaranacaq tullantı suların zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğu tikiləcək.
Qeyd edək ki, Ağcabədi şəhərinin mövcud içməli su təchizatı və kanalizasiya sistemləri 1960-70-ci illərdə yaradılıb. Həmin illərdə tikilmiş sistemlər şəhəri tam əhatə etməməklə yanaşı, istismara yararsız vəziyyətə düşüb.
Yeri gəlmişkən, Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində Ağcabədi şəhəri ilə yanaşı, Göyçay, Ağdaş və Beyləqan şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulub. Artıq Göyçay və Beyləqan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb, Ağdaş şəhərində isə işlər yekunlaşıb.
Qeyd edək ki, Prezident İlham Əliyev "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində (siyahı əlavə olunur) içməli su ilə təminatın yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin 12,5 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir