Nəsimi rayonunda yeni park istifadəyə verilib

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində Nəsimi rayonu ərazisində genişmiqiyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri aparılmış, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə rayonda keçirilən silsilə tədbirlərin davamı olaraq may ayının 10-da 4-cü mikrorayon ərazisində, Cavadxan küçəsinin H.Seyidzadə və M.Kazımovski küçələri ilə kəsişməsində yeni istirahət parkı sakinlərin istifadəsinə verilmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün 0.7 ha sahədə və ətraf ərazidə geniş miqiyaslı abadlıq işləri aparılmış, müxtəlif növ həmişə yaşıl ağaclar və gül kolları əkilmiş, mövcud ağaclar budanmış, 1000 kv.m-dən artıq yeni qazon örtüyü və 350 kv.m -dən artıq süni qazon döşənmiş, 500 metrdən artıq suvarma xətti çəkilmişdir.

Nəsimi Rayon İcra Hakimiyyətindən "Olaylar"a verilən məlumata görə, parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılmış, müasir işiqlandırma sistemi, 2 ədəd söhbətgah, 18 ədəd fitnes avadanlığı quraşdırılmış, 10 ədəd yeni skamyalar qoyulmuşdur. Uşaqlar üçün hər biri 80 kv.m olmaqla 3 ədəd uşaq oyun əyləncə qurğuları montaj olunmuş, park boyunca idman yürüşü üçün zolaq salınmışdır.Tədbirdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün Bakı şəhərinə səfərə gəlmiş İzmit Bələdiyyəsinin nümayəndə heyətinin üzvləri də iştirak etmişlər.Tədbirdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və İzmit bələdiyyəsinin nümayəndə heyətinin üzvləri Cavadxan küçəsində müxtəlif növ həmişəyaşıl ağaclar əkdilər.

Tədbirin sonunda rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və tədbir iştirakçıları ərazinin sakinləri ilə görüşdülər. Sakinlərlə görüş zamanı Nəsimi rayon icra Hakimiyyətinin Başçısı Asif Əsgərov Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışaraq bildirdi ki, Ümummilli lideri mənsub olduğu xalqa bəxş edən günün özü də ümummilli önəm daşıyır. Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və uğurla icra edilir. Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin isə uğurlu gələcəyinin qarantıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31