Dünyanın sonu nə vaxt gələcək
8 May 2018 11:25 SosialSon vaxtlar dünyanın sonu, aqibəti haqqında müxtəlif məlumatlar yayılmaqdadır. Onların arasında daha çox guya Yer kürəsinin yaxın vaxtlarda hansısa naməlum obyektlə toqquşacağı xəbərləri yer alır.
Məsələn, bu günlərdə məşhur astrofizik Roberto Antezan Yer kürəsinin yaxın yüzillikdə gizli planetlə toqquşacağını bildirib. Onun sözlərinə görə, ölçüləri Mars planetinə bərabər olan, 35 dəqiqə ərzində hər şeyi məhv etmək gücünə malik obyekt Yerə doğru sürətlə yaxınlaşmaqdadır. Alim qeyd edib ki, ölçüləri Mars planeti ilə müqayisə edilən cisim Çilidə güclü teleskopda müşahidə edilib. Həmin obyekt teleskop altında "V" şəklində görünür. Naməlum obyektin içərisində qəribə strukturların olduğu da bəyan edilib.
Dünyanın sonunun gələcəyi haqqında səslənən digər versiyalardan biri də 2021-ci ildə dünyanın buzlaqlaşma dövrünə girəcəyi ilə bağlıdır. Dünya alimlərinin yaydığı məlumata görə, Günəş ləkələrinin azalmağa başlaması onun solar minimum mərhələsinə girməyə hazırlaşdığını göstərir və bu, dünyanın mini buzlaqlaşma çağına girməsinə səbəb ola bilər. Belə ki, Günəş hər 11 ildə bir solar maksimum və solar minimum mərhələsinə girir. Lakin solar minimum müddəti 11 ildən daha uzun olarsa, dünyanı buzlaqlaşma təhlükəsi gözləyir. Deyilənə görə, hazırda Günəş, solar maksimum mərhələsində yerləşir. Amma 2021-ci ildə Günəşin yaydığı istilik azalacaq və buz dövrü başlayacaq. Meteoroloqlar bildiriblər ki, Günəşin fəallığının azalması dünyadakı iqlim və hava temperaturunun dəyişməsinə, bəzi təbiət hadisələrinin artmasına, eləcə də Yer atmosferinin üst təbəqəsinin daha çox zərər görməsinə gətirib çıxaracaq. Bu, eyni zamanda insan orqanizmi üçün təhlükəli ola biləcək bakteriyaların yer üzünə gəlməsi ilə nəticələnəcək. Bu zaman canlı orqanizmlərin kütləvi şəkildə məhv olma təhlükəsi də yaranır.
Buna baxmayaraq, bu günlərdə ingilis alimləri də məlumat yayaraq bildirdilər ki, dünyanın sonuna hələ 1,75 milyon il var. Lakin iqlim dəyişiklikləri üzündən həmin vaxta qədər Yer üzündən artıq canlılar silinmiş olacaq. 1,75 milyon il sonra isə kəskin istiliklər olacaq, hətta okeanların suyu buxarlanacaq.
Bəs dünyanın sonu nə vaxt olacaq?
"Dinə görə gələcəkdən xəbər vermək anlayışı insanları aldatmaqdan və böyük günah sahibi olmaqdan başqa bir şey deyil". Bu sözləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov modern.az saytına verdiyi açıqlamasında bildirib. Ümumiyyətlə dini, səmavi kitablarda dünyanın sonu haqda hansı məlumatlar var?
Qeyd edək ki, dünyanın sonu haqda ilk fikri mayalılar verib. Onların yaratdığı təqvimə görə, guya dünyanın sonu 2012-ci ildə olmalı idi. Xristianların dini kitabı olan "İncil"də də bu haqda, "Armagedon günü" qeyd olunub. Dini ehkamlara görə, həmin gün xeyir və şər qüvvələr arasında son döyüş olacaq, bu tarix də yaxın yüz illikdə baş verəcək. Buddizimdə də rahib Birinci Çinqin sözlərinə görə, bizim tarixlə yaxın yüz illikdə dünyanın sonu olacaq. Bununla bağlı Buddizm kitabında işarələr də var. İslam dininə gəldikdə isə məlum olduğu kimi "Quran"da da qiyamət gününün əlamətlərindən bəhs olunub.

Mövzu ilə bağlı dini ekspert Kənan Rövşənoğlu "Yeni Müsavat"a danışıb. Ekpsert "Qurani-Kərim" və digər müqəddəs kitablarda dünyanın sonu haqda çoxlu sayda məlumatlar yer aldığını diqqətə çatdırıb: "Allah-Təala Qurani-Kərimdə dünyanın sonunun şəksiz olacağını insanlara xəbər verir: "Yoxsa sizi əbəs yerə yaratdığımızı və (Qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?" (Muminin, 115). Eyni zamanda Allah xəbərdar edir ki, insanlar həmin gün Tanrı qarşısında dünyada etdiklərinə görə hesabat verəcəklər: "Olacağına şübhə edilməyən Qiyamət günü hamınızı (bir yerə), əlbəttə, O toplayacaqdır. Allahdan daha doğrudanışan kim ola bilər?" (Nisa, 87). Və ya başqa bir ayədə Yaradan xatırladır ki, hər bir insan məhz bu gün etdiyi əməllərə görə hesabat verəcək: "Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər) De: "Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır" (Təğabun-7)".
Ekspert qeyd edib ki, dini mətnlərdə Qiyamətin baş verəcəyi dəqiq tarix qeyd olunmur: "Amma hədislərdə həmin günün yaxınlaşmasını bildirən əlamətlər açıqlanır. Məsələn, "Səhih Muslim"də (mötəbər hədis kitablarından biri) İslam peyğəmbərindən (s.ə.s) nəql olunur ki, Qiyamət imansız insanların üzərinə qopar (mömin insanlar qaldıqca Allah qiyaməti gecikdirər). Qiyamətin dəqiq vaxtı göstərilməsə də, nə zaman baş verəcəyi ilə bağlı çoxlu sayda xəbərdarlıq hədisləri var və bütün hədislər bir ana xətt üzərində qurulub: Qiyamət həm də Allahın möhlətinin sonudur. Bu gün həm də cəza, haqq-hesab günü adlandırılır. Həzrət Rəsulallahdan (s.ə.s) nəql olunan hədislərdə dünyada total ədalətsizliyin yayılması, haqsızlıq, insanların Allah dinindən uzaqlaşması, hakimlərin ədalətsizliyi, alimlərin yalançılığı və digər mənfi hadisələr Qiyamətin əlamətləri kimi qeyd olunur. O cümlədən "insanlar arasında elm və etibar azalar, cahillik artar, etibar ediləcək əmin insan tapılmaz. Oyun və çalğı alətlərindən çox istifadə edilər. Qətl və fitnə çoxalar. İnsanlarda bir-birinə qarşı sevgi qalmaz. İslamda buyurulan işlər ayıb sayılıb tərk olunar. (İbn Hacər Məkki, İmam Suyuti)".
Kənan Rövşənoğlu dini mətnlərdə Qiyamətin təsvirinin verildiyini deyib: "Qiyamət hadisəsi Allahın üstün mələklərindən olan İsrafilin sur deyilən və şeypur kimi qeyd olunan, ancaq forması bizə məlum olmayan alətə üfürməsi (ərəbcə "nəfxə əl ula", "birinci nəfəs") ilə baş verəcək: "Sur birinci dəfə çalınacaq, Allahın göylərdə və yerlərdə olan istədiyi kimsələrdən (Cəbrayil, Mikayil, Əzrail və İsrafildən, yaxud ərşi daşıyan mələklərdən və ya müsəlman şəhidlərdən) savayı dərhal hamı yıxılıb öləcək. Sonra bir də çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar. Yerdə güclü zəlzələ baş verər, dəryalar yarılar, dağlar hərəkətə gələr və bir-birinə çırpılaraq qum təpəsi kimi, didilmiş yun kim dağılaraq fəzada pərakəndə vəziyyətə düşər. "Yer özünəməxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman; Yer öz yükünü çıxardıb atacağı zaman" (Zilzal 1,2). Başlarını asimana dikən uca dağlar silsiləsindən ilğımdan başqa bir şey qalmaz. Qurani-Kərimdə bir qədər obrazlı verilən bu hadisə zamanı Yer kürəsi dağılacağı təsvir olunur. O cümlədən Günəş və ondan milyon dəfələrlə böyük olan ulduzlar sönər. Onların hərəkətindəki qanunauyğunluqlar pozular. O cümlədən Ay və ulduzlar bir-birinə qovuşar, bu dünyanı möhkəm bir tavan kimi əhatə edən asiman çalxalanar və parçalanaraq biri-birindən ayrılar. Onun nizamı qarışar. Səma cisimləri əridilmiş filiz şəklinə düşər və dünyanın fəzası tüstü və buludla dolar. "O gün (Qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri düpdüz görəcəksən, (möminləri və kafirləri) bir yerə toplayacaq, onların heç birini (kənarda) qoymayacağıq" (Kəhf,47).