Hansı qidalar kütləvi zəhərlənməyə səbəb ola bilər?
4 May 2018 11:32 SosialKeyfiyyətsiz tərəvəz konservləri insan sağlamlığı üçün təhlükə mənbəyidir
İstehlak etdiyimiz qida məhsulları içərisində konservləşdirilmiş tərəvəzlər xüsusi çəkiyə malikdir. Ən geniş yayılmış tərəvəz konservləri pomidor, xiyar, kələm, badımcan, göbələk və s. məhsulların duza qoyulması ilə hazırlanır. Bu məhsullar yaxın keçmişə qədər əsasən ev şəraitində hazırlanırdısa, hazırda daha çox sənaye üsulu ilə istehsalına üstünlük verilir və bu onların çeşid müxtəlifliyinə, keyfiyyətinə müsbət təsir göstərmişdir. Belə ki, faktiki olaraq konservləşdirilmiş tərəvəzlər təbii, sous, marinə edilmiş, dietik, uşaq qidası və s. növlərdə buraxılır. Ancaq o da faktdır ki, son vaxtlar zəhərlənmə halları daha çox təfəvəz konservlərindən baş verir. Kifayət qədər faktlar var ki, toy mərasimləri zamanı bu növ məhsullar hətta kütləvi zəhərlənməyə səbəb olub. Eləcə də bir ailəninin bütün üzvlərinin həyatı üçün təhlükə yaradıb. Bu məhsullar yüksək qidalılıq dəyərinə malik olmasa da uzun müddət saxlanılması istehlakçılar tərəfindən rəğbətlə qarşılanır. Lakin nəzərə alınmalıdır ki, keyfiyyətsiz konservlərin istehlakı insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Ona görə də istehlakçılar bu məhsulları alarkən diqqətli olmalıdırlar.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, hər şeydən əvvəl konserv istehsalında xammal kimi istifadə olunan tərəvəz sağlam, zədəsiz olmalı, yuyulmuş olmaqla saplaq kəsilib götürülməlidir. İstehsal zamanı texnoloji proseslərə ciddi əməl olunmalıdır. Hazırlanma texnologiyasının pozulması məhsulun xarab olmasına səbəb ola bilər. Belə pozuntulardan ən çox müşahidə olunan hal hermetikliyin pozulmasıdır ki, bu da məhsulun qapağının və dəmir bankalarda dibinin şişkinliyinə səbəb olur. Bir sıra hallarda isə tərəvəz konservləri mikroorqanizmlərin inkişafı ilə əlaqədar korlanır. Bu zaman konservə xas olmayan rəng və çöküntünün yaranması müşahidə olunur. Qeyd olunanları nəzərə alaraq hər bir istehlakçı konserv alarkən məhsulun istehsal və son istifadə tarixlərinə diqqət yetirməli, bankaların təmiz olmasına, qapağında şişmə, taralarında əzilmə və ya çökmənin olmadığına, bankaların çat və köpüksüz olmasına diqqət etməlidir. Qabının metal səthi aşınmış, cızılmış konserv məhsulları qətiyyən istifadə edilməməlidir. Konservləşdirilmiş tərəvəzlər normativ-texniki sənədlərə uyğun olaraq qablaşdırılmalıdır. Qablaşdırılmasında əsas etibarilə şüşə və metal və polimer bankalardan istifadə edilir. Eyni zamanda bu məhsulları alarkən onların sterilizə olunub-olunmamasına diqqət edilməlidir. İstehlakçı bilməlidir ki, ev şəraitində hazırlanan tərəvəz konservlərinin əksəriyyəti sterilizə olunmur ki, bu da botulizm kimi təhlükəli mikrobların inkişafına münbüt şərait yaradır. Belə məhsullar güclü zəhərlənməyə səbəb ola bilər.
Məhz bu səbədən həmin məhsulları alarkən onların markalanmasına, etiketdəki məlumatlara, qabın səthində mümkün ola bilən defektlərə, pas ləkələrinə, lehimlərin yığıntı ölçülərinə, rezinin və ya pastanın vəziyyətinə diqqət yetirilməlidir. Bankadakı etiket bütöv, təmiz, doğru və səliqəli yapışdırılmalıdır. Markalama zamanı qabın üzərində gərəkli olan bütün məlumatlar qeyd olunmalıdır. Tərəvəz konservlərinin etiketində istehsalçı müəssisənin adı və ünvanı, məhsulun adı və növü, xalis çəkisi, istehsal tarixi, saxlama müddəti və şəraiti, məhsulun 100 qramının enerji və qidalılıq dəyəri, sertifikatlaşdırılması haqqında məlumat və məhsula dair normativ sənəddə göstərilmiş digər məlumatları əhatə etməlidir. Bütün bu məlumatlar aydın şəkildə silinməyən boya ilə yazılmalıdır. Qabın əzilməsi, paslanması və ya üzərində yararlılıq müddətinin göstərilməməsi həmin konservlərin keyfiyyətinə ciddi şübhələr yaradır. Bu kimi məhsullarla rastlaşdıqda onları almaqdan çəkinmək gərəkdir. Konservlərin keyfiyyəti, rəngi, dadı, qoxusu saxlama zamanı da dəyişikliyə məruz qala bilər. İşığın təsiri altında konservlər yüksək temperaturda saxlanıldığı zaman burada qeyri-fermentativ reaksiyalar sürətlənir. Bu amillərin mənfi təsirini mümkün olduğu qədər azaltmaq üçün tərəvəzlərdən hazırlanmış konservləri quru, sərin və qaranlıq yerlərdə saxlamaq tövsiyyə olunur. Belə ki, şüşə və metal qablara qablaşdırılmış tərəvəz konservləri - 0-25 °C-də; polimerlərə qablaşdırılmış meyvə-tərəvəz konservləri - 0-20°C-də; metal və şüşə bankalarda olan göbələk konservləri - 0-15 °C-də; çəlləklərdə olan sterilləşdirilməmiş məhsulları - 0-12°C-də; çəlləklərdə duza qoyulmuş tərəvəz və göbələkləri - mənfi 1-4°C-də saxlanmalıdır. Konservlərin saxlama müddəti konkret konserv növünə dair normativ sənədlərlə müəyyən olunur. Ümumiyyətlə bu məhsulları 0 - 20º C arasında temperaturda və 75% nisbi nəmlik şəraitində saxlanmalıdır. Qablaşdırılmasından asılı olaraq tərəvəz konservlərini 2-5 il saxlamaq mümkündür. Bu qəbildən olan uşaq və dietik konservləşdirilmiş məhsullar isə daha az müddət saxlanılır.
Nurlan