Dövlət proqramları ölkədə təhsil və səhiyyə sisteminin inkişafına təkan verib

Ölkədə təhsil və səhiyyə sisteminin inkişaf etdirilməsi, bu sahədə xidmətin yaxşılaşdırılmasında Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının xüsusi rolu və əhəmiyyəti var. 2004-cü ildən ölkəmizdə mərhələli şəkildə icra edilən və artıq üçüncüsünün icrasının son mərhələsi olan bu Dövlət Proqramlarının uğurlu icrası nəticəsində paytaxtla yanaşı, regionlarda da yüzlərlə təhsil və səhiyyə ocaqları tikilib inşa edilmiş, yaxud təmirə ehtiyacı olan həmin müəssisələrdə təmir-tikinti işləri aparılmışdı. Bu proses hətta respublikanın ən ucqar dağ rayonları, kəndlərinə qədər gedib çıxıb ki, bu da ümumilikdə ölkədə təhsil və səhiyyənin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib.  Elə Dövlət Proqramının icrasının 14 ili ərzində təhsil sahəsində əldə edilən nailiyyətlər, hər il açıqlanan statistika və müşahidə edilən müsbət tendensiya belə deməyə əsas verir.  Məlumat üçün qeyd edək ki, təkcə ilk iki Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası nəticəsində təhsil infrastrukturunun inkişafı sahəsində 2708 məktəb tikilib və ya əsaslı təmir olunub, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində 500-dən çox səhiyyə müəssisəsi istifadəyə verilib.

Regionların sosial-iqtisadi inkişafına dair ilk iki Dövlət Proqramlarından keçən müddət ərzində isə təhsil sahəsində  qarşıda duran məqsəd və vəzifələr həyata keçirilən işlər  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq dünya ölkələri sırasında keyfiyyət nəticələri və əhatəliliyinə görə aparıcı mövqe tutan, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün genişmiqyaslı tədbirlərin reallaşdırılması olub. İqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun təhsil sistemi ölkədə kadr hazırlığının, təhsili idarəetmə sisteminin və təhsil infrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verərək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın davamlı inkişafını təmin edir. Bu məqsədlərə nail olmaq üçünsə istər dövlətin əsas fəaliyyət istiqamətləri, istərsə də Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında bu kimi vacib tədbirlər həyata keçirilib və onların icrası hazırda da davam edir. Bu sıraya regionlarda təhsil müəssisələrinin tikintisi və əsaslı təmir işlərinin davam etdirilməsi,  təhsil şəbəkəsində rasionallaşdırma tədbirləri həyata keçirməklə, regionlar arasında təhsilin keyfiyyətini bərabərləşdirmək üçün müvafiq tədbirlərin görülməsi, regionlarda əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılması, eləcə də digər mühüm vəzifələr. 2014-2018-ci illərdə səhiyyə sahəsində qarşıya qoyulan əsas məqsədlər isə regionlarda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi olub ki, bu istiqamətdə də uğurlu nəticələr əldə edilib desək yanılmarıq. Bütün bunlarla yanaşı dövlətin əsas proritetlərindən biri də ondan ibarətdir ki,  regionlarda səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların müasir tibbi avadanlıqla təchiz edilməsi işləri davam etdirililməlidir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səhiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətləri bunlardır. Regionlarda əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, mütəxəssislərin bilik və bacarıqlarının daim artırılması sahəsində müvafiq tədbirlərin davam etdirilməsi,  regionlarda əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi, tibbi-profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin yüksəldilməsi,  səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının yaxşılaşdırılması məqsədilə tibb sənayesi müəssisələrinin yaradılmasının dəstəklənməsi, rayonlarda yeni səhiyyə müəssisələrinin tikintisi və əsaslı təmiri işlərinin davam etdirilməsi, regionlarda sanatoriya-kurort müəssisələrinin yaradılması, yenidən qurulması və onların infrastruktur təminatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi.

Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, induyə qədər icra olunan bütün regional proqramlarda, eləcə də hazırda icrası davam edən üçüncü Dövlət Proqramında da gənclərlə iş, onlara öz bacarıqlarını nümayiş etdirilməsi üçün müvafiq şəraitin yaradılması, həmçinin digər mühüm istiqamətlərdə öz potensiallarını nümayiş etdirmək üçün situmul verilməsi üçün tədbirlərin görülməsi əsas diqqət mərkəzində olan məsələlərdən olub. Elə bütün bunların nəticəsidir ki, gənclərin, həmçinin bədən tərbiyəsi və idmanın inkişafının dəstəklənməsi məqsədi ilə aparılan işlər 2014-2018-ci illərdə də davam etdirilib. Ucqar rayon və kənd yerlərində yaşayan gənclər üçün məlumat məsləhət xidmətləri şəbəkəsi genişləndirilməsi, gənclərin sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili sahəsində bədən tərbiyəsinin və idmanın rolunun artırılması üçün müvafiq şəraitin yaradılması istiqamətində tədbirlər hazırda da davam etdirilməkdədir. Bundan başqa regionlarda gənclərin inkişafı üçün şəraitin daha da yaxşılaşdırılması, gənclərin məşğulluğunun daha da artırılması və gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi, gənc mütəxəssislərin regionlarda işləməsinin təşviq edilməsi, regionlarda uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın geniş təbliği, regionlarda idman müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişaf etdirilməsi işlərinin davam etdirilməsi də indiyə qədər icra olunan və eyni zamanda icrası hazırda da davam edən prioritet məsələlərdəndir.

Məhz görülən işlər və həyata keçirilən uğurlu tədbirlərin nəticəsidir ki, təkcə 2014-2018-ci illərdə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının ilk iki ilində, yəni 2016-ci ildə ölkə üzrə 29 yeni məktəb, o cümlədən Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb istifadəyə verilib. 101 məktəbdə əsaslı və 384 məktəbdə isə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edirilib.

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi  ilə  oğlanlar üçün ailə tipli kiçik qrup evi tikilib və 6 internat məktəbi əsaslı təmir olunub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2016"da təhsil müəssisələrinin əməkdaşları və idmançıları Namiq Əsədov, Tural Sadıqlı, Elman Abışov, Raidə Aslanova, Rəqsanə Rəcəbli, Lalə Pirumova yüksək nəticə göstəriblər.

Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi keçirilib. Təhsil Nazirliyi və Asan Radio "ASAN məktəb" layihəsinə start verib. Layihənin məqsədi vətəndaşlara təhsildə baş verən yeniliklər barədə məlumat vermək və təhsilin bütün sahələri ilə bağlı dinləyicilərin suallarının Təhsil Nazirliyinin məsul əməkdaşları tərəfindən cavablandırılmasını təmin etməkdən ibarətdir. 2016-2017-ci tədris ilindən ölkənin 5 şəhər və  36 rayonu üzrə 124 məktəbdə təhsil təmayüllər üzrə təşkil olunub. Təhsil Nazirliyi tərəfindən 8 interaktiv və 20-dən artıq informativ elektron xidmət göstərilir.

Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları və müsahibə mərhələsi keçirilib. İmtahanın nəticəsinə görə, 243 nəfər iş yerini dəyişmək hüququ qazanıb.

2017-2018-ci dərs ili isə "Ümumi təhsildə keyfiyyət ili" elan olunub. 2017-2018-ci dərs ilinin "Ümumi təhsildə keyfiyyət ili" elan olunması ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq və bu prosesdə yerli təhsili idarəetmə orqanlarının, məktəb pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək, innovativ fəaliyyəti ilə fərqlənən təhsil işçilərini və ümumtəhsil məktəblərini aşkara çıxarmaq məqsədinə xidmət edir.

2016-2017-ci dərs ilindən etibarən ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunub, 5 yaşlı uşaqların 55 faizi həmin qruplara cəlb edilib. 2017-2018-ci dərs ilində isə məktəbəhazırlıq qruplarında uşaqların əhatəliliyi 65 faizə çatdırılıb.

Ölkə Prezidentinin sərəncamına əsasən hazırlanmış "Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər" Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilib. Həmin qərara uyğun olaraq, müəllimlər arasında sağlam rəqabətin gücləndirilməsi, innovativ fəaliyyətin stimullaşdırılması, tədrislə bağlı müxtəlif innovativ ideyaların sınaqdan keçirilməsi, müsbət təcrübələrin tətbiqi məqsədilə "Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi" keçirilib. Müsabiqəyə təqdim edilmiş 282 layihə ekspertlər tərəfindən qiymətləndirilib, nəticələrə əsasən, təhsil müəssisəsi kateqoriyası üzrə 38, müəllim kateqoriyası üzrə 84 olmaqla ümumilikdə 122 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edilib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31