Bu ilin ilk diaqnostik qiymətləndirilməsi keçiriləcək

Cari ilin mayında Təhsil Nazirliyi tərəfindən müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Nazirlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, qiymətləndirmədə əsas iş yeri olaraq müddətsiz əmək müqaviləsi əsasında işləyən müəllimlər, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, direktor, direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar, yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində çalışanlar iştirak edə bilər.

Diaqnostik qiymətləndirmədə əvvəlki imtahanlarda aşağı nəticə göstərən, ikinci ixtisası üzrə tədris aparan, habelə daha öncə diaqnostik qiymətləndirmədən keçməyən şəxslər də iştirak edə bilərlər.

Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədləri dövlət nümunəli olan və mövcud qaydaların tələblərinə uyğun şəkildə işə qəbul olunmuş şəxslərin iştirakına icazə verilir.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin elektron ərizələrinin sistemə daxil edilməsi 3-11 may 2018-ci il tarixlərində yerli təhsili idarəetmə orqanları tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar namizədlər sözügedən orqanlara müraciət edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31