AzTU tələbələrinin və əməkdaşlarının spartakiadası keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) idmanın 6 növü - futzal, voleybol, şahmat, stolüstü tennis, badminton və nərd üzrə keçirilən spartakiada yarışları başa çatıb.

"OLAYLAR"-a təhsil ocağından bildirilib ki,  spartakiadanın başa çatması münasibəti ilə AzTU-nun İdman Sarayında mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov çıxış edərək 9 fakültənin tələbələri və əməkdaşları arasında keçirilən yarışların qaliblərini təbrik edib, onlara gələcəkdə daha böyük uğurlar arzulayıb. Rektor əvəzi çıxışında ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə, bütün sahələrə olduğu kimi bədən tərbiyəsi və idmanın yüksəlməsinə də xüsusi diqqət yetirdiyini vurğulayaraq bildirib ki, məhz AzTU-nun İdman Sarayı da SSRİ dövründə Ulu Öndərin səyi ilə inşa edilib. Prezident İlham Əliyevin idmana göstərdiyi qayğıya, ölkəmizdə keçirilən beynəlxalq yarışlara və idmançılarımızın müxtəlif idman növləri üzrə qazandığı nailiyyətlərə diqqət çəkən professor Xalıq Yahudov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını qeyd edib.

Daha sonra komanda yarışlarında, həmçinin təkbətək mübarizələrdə I, II və III yeri qazanan qaliblər mükafatlandırılıb.

Tələbələr arasında komanda yarışları üzrə I yerin qalibi "Maşınqayırma" fakültəsi, II yerin qalibi "Mühəndis biznesi və menecment" fakültəsi, III yerin qalibi isə "Xüsusi texnika və texnologiya" fakültəsi olub.

Əməkdaşlar arasında keçirilən komanda yarışlarında isə "Mühəndis biznesi və menecment" fakültəsi qalib olub. Bu yarışlarda "Avtomatika və kompüter texnikası" fakültəsi II, "Xüsusi texnika və texnologiya" fakültəsi III yeri qazanıb.

Komanda yarışlarında, təkbətək mübarizələrdə yüksək yer tutan tələbə və əməkdaşlara, həmçinin Spartakiadanın təşkilatçılarına AzTU-nun fəxri diplomları, üzərində Ulu Öndərin şəkli olan xatirə medalları və kuboklar təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31